Görkəmli alim, əvəzsiz insan
Digər xəbərlər

Görkəmli alim, əvəzsiz insan

Akademik Zərifə Əliyeva elmi tədqiqatları ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də ölkəmizin həyatında böyük rol oynamışdır. O, görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Prezidenti İlham Əliyevin anasıdır. Siyasətçilər, tədqiqatçılar Heydər Əliyev irsini araşdırarkən ümummilli liderlə yanaşı, böyük şəxsiyyət, akademik Zərifə xanımın da ictimai-siyasi fəaliyyətinə diqqət yetirmişlər. Dünya siyasətində öz dəst-xətti ilə seçilən dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı böyük siyasi məktəbin layiqli davamçısı İlham Əliyevin əldə etdiyi nailiyyətlərdə, ölkəmizdə, eləcə də beynəlxalq arenada özünə layiqli yer tutmasında, ümummilli liderlə yanaşı, Zərifə xanım Əliyevanın da böyük xidmətləri olmuşdur. Vaxtilə bu fikri ulu öndər Heydər Əliyev özü də etiraf edirdi. Ulu öndər ömür-gün yoldaşının çətin məqamlarda onunla birgə addımladığını, vətənə layiq övladlar bəxş etdiyini, elm aləmində əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirirdi. İlham Əliyev Prezident olaraq xalqının, valideynlərinin etimadını doğruldaraq, müdrik lider, müzəffər sərkərdə statusunu qazanıb. Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. Xalqın rifahı durmadan yaxşılaşır. 30 ilə qədər işğalçı dövlətlərin siyasət oyunlarının qurbanı olan, Azərbaycanın qədim diyarı Qarabağ və mədəniyyət mərkəzimiz Şuşa düşməndən geri alınıb. Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına böyük ümidlər yaranıb. Qüdrətli Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.

28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya Azərbaycan səhiyyəsinin, tibb elminin, təhsilinin təşkilatçısı və yaradıcılarından biri olan görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində göz açan Zərifə xanım Əliyeva kiçik yaşlarından həkimlik sənətinə həvəs göstərmişdir. Uşaqlıq çağlarının ilk illərinin keçdiyi Araz çayı sahilindəki Şahtaxtı kəndi Zərifə xanımın həyatında mühüm yer tutmuşdur. Az sonra o, ailəsi ilə birlikdə Bakıya köçmüşdür. İkinci Dünya müharibəsinin davam etdiyi 1942-ci ildə Bakıda orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. İnstitutu 1947-ci ildə əla qiymətlərlə bitirən Zərifə xanım göz həkimi olmaq arzusu ilə Moskvaya getmiş, orada iki il Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya elminin incəliklərinə dərindən yiyələnmək məqsədilə mükəmməl ixtisaslaşma kursu keçmişdir. İxtisaslaşma kursunu müvəffəqiyyətlə bitirərək Bakıya qayıtmış, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda həkim-ordinator işləmişdir. 1950-ci ildə aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi kimi çalışmışdır.

Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsinə təyin olunan Zərifə Əliyeva ciddi elmi-tədqiqat işlərini, mürəkkəb cərrahiyyə əməliyyatlarını, müalicə işlərini uğurla aparmışdır. 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Göz xəstəlikləri" kafedrasının dosenti vəzifəsinə seçilən Zərifə xanım pedaqoji fəaliyyəti ilə də diqqəti cəlb etmişdir. İnstitutda dosentlikdən professorluğa, kafedra müdiri vəzifəsinə, akademik zirvəsinə qədər yüksəlmişdir. Zərifə xanımın göz xəstəlikləri üzrə təkmilləşmə kursu keçən dinləyici həkimlərə söylədiyi mühazirələr həmişə böyük maraq doğurmuşdur.         O, 1976-cı il may ayının 27-də M.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Görkəmli sovet alimləri, dissertasiya işinə yüksək qiymət vermişlər.

Professor Zərifə Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Göz xəstəlikləri" kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. Bu məsuliyyətli vəzifəyə seçildikdən sonra alim həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətinin təsir dairəsini daha da genişləndirmiş, onun tibb təhsili və elminə, bütövlükdə səhiyyə sisteminə verdiyi töhfələr xalq və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, qısa müddətdə kafedrada yenidənqurma işləri apararaq müasir diaqnostika və müalicə cihazları ilə təmin etmiş, nadir təşkilatçılıq bacarığı sayəsində kollektivin diqqətini oftalmologiyanın perspektivliyi istiqamətinə yönəldə bilmişdir.

Elmi və təcrübi sahədə qazandığı müvəffəqiyyətlərə, alınan nəticələrin praktikada geniş tətbiqinə görə Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. O, Azərbaycanda Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk oftalmoloqdur.

Yüksək həkimlik amalına, müqəddəs Hippokrat andına sadiq qalan akademik Zərifə xanım Əliyeva həkimlik etikası və tibbi deontologiya haqqında sanballı, mənalı və məzmunlu əsərlər yazıb nəşr etdirmişdir. Onun bu qəbildən olan "Yüksək etimad" kimi kitabları gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, əvəzsiz mənbə olaraq aktuallığını heç vaxt itirməyəcək.Gənc nəslin təlim-tərbiyəsində yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının artırılmasında, professional elmi kadrların yetişdirilməsində akademik Zərifə xanım Əliyeva böyük xidmətlər göstərmişdir. Onlarla elmlər doktorları və namizədlərin elmi rəhbəri olmuş Zərifə xanım oftalmologiya elmi sahəsində əldə etdiyi sanballı nailiyyətlərə, yüksəkixtisaslı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərə görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Həmçinin çoxillik səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti görkəmli alimə bir sıra orden və medallar, fəxri fərmanlar qazandırmışdır.

Tibb elmləri doktoru, professor Zəhra xanım Quliyevanın "40 ilin dostluğu və bir günün yoxluğu", tibb elmləri doktoru, professor P.S.Məlikaslanovanın "Qəlbin açıq qapıları", professor N.M.Əfəndiyevin "O, atasının yolu ilə gedirdi", professor Q.M.Nəsrullayevanın "Ömrün gözəl illəri", professor M.Y.Sultanovun "Ölməz qəlbin sadəliyi", professor Adil Nəcəfovun "Vicdan həkimi", professor Q.Ə.Adıgözəlova - Polçayevanın "Yaxşılıq, yaxşılıq, yalnız yaxşılıq", tibb elmləri doktoru, tibb xidməti polkovniki B.İ.Vaynşteynin "Yanaşı yollar və yaxud portret cizgiləri", Xalq rəssamı A.M.Mirqasımovun "Zəriflik və böyük qüdrət" adlı xatirə yazılarında və digər əsərlərdə Zərifə Əliyevanın elmi fəaliyyəti ilə yanaşı, gözəl insani xüsusiyyətləri də özünün parlaq ifadəsini tapmışdır. Akademik Eldar Ömərov bu mövzuda "Elegiya" şedevr əsərini yaratmışdır. Əminik ki, belə əsərlər bundan sonra da yaranacaq, Zərifə Əliyevanın parlaq şəxsiyyəti gələcək nəsillərə olduğu kimi çatdırılacaqdır.

Akademik Zərifə xanım Əliyeva nəsillərə örnək nümunəvi fəaliyyəti dövründə təkcə çalışdığı elm və tədris ocaqlarında, tibb müəssisələrində deyil, dünyagörüşlü müdrik lider, dahi şəxsiyyət Heydər Əliyevlə birlikdə ölkənin ictimai həyatında yaxından iştirak etmişdir. Keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış Zərifə Əliyeva daim dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. "Bilik" Cəmiyyəti idarə heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti idarə heyətinin, həmçinin Moskvada çıxan "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü kimi də o, səmərəli iş aparmışdır.

Akademik Zərifə Əliyeva ailəsini, vətənini, xalqını və bütün insanları böyük məhəbbətlə sevmiş, peşəsinin, sənətinin vurğunu olmuşdur. Onun varlığında vətənin təəssübünü çəkməyə hər zaman hazır olan müqəddəs ana ürəyi, bütün çətinliklərdən keçərək elmin qızıl tacına yiyələnən möhtəşəm bir alim ürəyi döyünürdü.

O, yazıb-yaratdığı monumental qiymətli elmi əsərləri, bənzərsiz pedaqoqluq səriştəsi və yüksək mənəviyyatı ilə dərin bilikli həkim, görkəmli alim və ideal bir insan kimi daim yaşamaq haqqı qazanmışdır. Həmişə bizimlə, bizim aramızda, bizim sıralarımızda olan Zərifə xanım gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, işığında, nurunda əbədi olaraq yaşayır. O, istedadlı həkim, oftalmologiya sahəsində böyük zəka sahibi kimi tanınmış, minlərlə insanı vaxtsız günəş işığından məhrum olmaqdan xilas etmiş, onlara nur bəxş etmişdir.

Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, gözün bir çox oftalmoloji problemləri, histomikroskopik, histokimyəvi, dakriologiya, gözün virus xəstəlikləri, sosial və sənaye oftalmologiyası araşdırmalarının nəticələri 15 monoqrafiya və 200-ə yaxın elmi məqalənin yazılmasına səbəb olmuşdur.

Tibb aləmində "İridologiya və iridodiaqnostika" adlı elm mövcuddur. Bir vaxtlar bu elmə ciddi yanaşılmırdı. Bütün bunlara baxmayaraq, alim oftalmologiya sahəsinə aid olan hər problemə diqqətlə yanaşaraq, yeni araşdırmaların mahiyyətini tapmağa çalışırdı. Akademik Zərifə Əliyeva və tibb elmləri doktoru, professor Nina Şulpinanın birgə əməyinin bəhrəsi olan "İridologiyanın əsasları" (1980) və "İridolodiaqnostika" (1988) monoqrafiyaları işıq üzü gördü. Sovetlər dönəmində ilk iridoloji monoqrafiya akademik Zərifə Əliyevanın müəllifliyi ilə "İridodiaqnostikanın əsasları" əsəri çapdan çıxdı. Bu sahənin perspektivini öncədən görən alim təqdim etdiyi bu nəhəng əsərində bunları xüsusilə vurğulayırdı. Hazırda Avropa ölkələrində, ABŞ, Kanada, Yaponiya, Almaniya, Fransa, Bolqarıstan və digər xarici dövlətlərin təbabətində iridologiya və iridodiaqnostika kabinetləri fəaliyyət göstərir. Zərifə Əliyeva və Nina Şulpinanın həmmüəllif olduqları "Göz orqanında vərəm" əsəri də Bakıda çap olunmuşdur.

Elmi və praktiki işlərlə yanaşı, kadr hazırlığı ilə də məşğul olması Zərifə xanımın geniş fəaliyyət dairəsinə malik olduğunu göstərir. Görkəmli alim Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında dosent, sonradan kafedra müdiri, professor kimi dünya səviyyəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz xidmətlər göstərmiş, istedadlı gəncləri öz ətrafında toplayaraq elmi-tədqiqat işlərini, kadrların və elmi əməkdaşların hazırlanması prosesini uğurla davam etdirmişdir.

Onu da qeyd edim ki, hazırkı Milli Oftalmologiya Mərkəzinin yeni binası məhz alimin ideyası ilə tikilən elmi-tibbi mərkəzdir. Zərifə Əliyevanın adına parklar, meydanlar, küçələr, elmi-tədqiqat institutu var. Hər gün yüzlərlə insan abidələşmiş adın ünvanı olan yerlərdən keçir və onu xoş duyğularla yad edir. Ən başlıcası, bu mənəvi yaddaş abidəsi əslində, özünün yaşam formasını dəyişmiş, övladlarının, nəvələrinin genetik yaddaşına köçmüşdür. Damarlarda dövr edən qan kimi, mənəviyyatda yaşayan vicdan kimi, haqq və ədalətin tərəzisi kimi nəsillərin canında, ruhunda yaşayır.

Bu ailənin qüdrətli ata adı, böyük ana adı daşıyan nümayəndələri mənəvi abidə olaraq həm övladlarının, həm də xalqımızın qəlbində əbədi yaşayacaqlar. Böyük analar xalqın anasıdır, millətin anasıdır. Zərifə Əliyevanın timsalında belə böyük Ananı görürük. Bu gün Azərbaycan qadınının xeyirxahlıq, Analıq simvoluna çevrilmiş Akademik Zərifə Əliyevanın həyat yolu biz alimləri inamla, ümidlə gələcəyə səsləyir.

Zərifə Əliyevanın parlaq və unudulmaz xatirəsi xalqımızın, elmi ictimaiyyətin, səhiyyə işçilərinin, onu tanıyanların xatirindən heç vaxt silinməyəcək.

Kərəm KƏRƏMOV,

Bakı Elmi-Tədqiqat Göz Klinikasının direktoru, tibb elmləri doktoru, professor,

Əməkdar elm xadimi, Türk Dünyası Dövlətlərarası Elmi Araşdırmalar Akademiyasının akademiki.