Gizli düşmən ram edilir
Siyasət

Gizli düşmən ram edilir

44 günlük Vətən müharibəsi şanlı qələbəmizlə başa çatdı. Lakin müharibə bitdikdən sonra Azərbaycan üçün yeni bir problem yarandı. Harada, nə vaxt partlayacağı bilinməyən gizli təhlükə mənbəyi minalar. Ermənistan 30 illik işğal dövründə torpaqlarımızı təkcə talan etməyib, əraziləri mina tarlalarına çevirib. Bu səbəbdən də Azərbaycan dünyada minalarla, partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistanın əsrlərlə davam edən ərazi iddiasına layiqli cavab verərək problemi kökündən həll etdi. Doğrudur, dövlətimiz bu Zəfərlə ərazilərini əsarətdən, işğaldan azad etsə də hələ də torpağın altındakı təhlükəni tam zərərsizləşdirə bilməyib.

Qarabağ və Şərqi Zəngəzurun yenidən tikilib bərpa edilməsi, davamlı inkişafı və dirçəlişi bu təhlükənin aradan qaldırılmasından çox asılıdır. Mövcud problem tikinti-quruculuq işlərinə maneçilik törədir, irimiqyaslı layihələrin sürətinə mənfi təsirini göstərir. Çünki keçmiş məcburi köçkünlərin məskunlaşdırılması və regionun iqtisadi inteqrasiyası prosesi mina problemi həll edilmədən mümkün deyil. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır: "Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın. Azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur, bu da təbiidir. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olmuşdur. Odur ki, əraziləri bu sursatlardan təmizləmək də böyük zəhmət tələb edən məsələdir".

Problemin aradan qaldırılması dövlətimizin öz daxili gücü hesabına həyata keçirilir. Sözsüz ki, bu işdə ANAMA ölkədə minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurumdur. Müharibə başa çatandan sonra təşkilatın qarşısında çox çətin və məsuliyyətli vəzifə durur, öz işini layiqincə yerinə yetirərək işğaldan azad olunan ərazilərə dönən qarabağlıların təhlükəsiz yaşayışını təmin etmək. Düzdür, xarici tərəfdaşlar, beynəlxalq təşkilatlar da Azərbaycana dəstək göstərməyə çalışırlar. Lakin minatəmizləmə işinin 90 faizi qeyd etdiyimiz kimi, ölkənin öz daxili imkanları hesabına aparılır. Hələ illər əvvəl Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsi ilə bağlı gərgin danışıqların getdiyi bir dövrdə ümummilli lider Heydər Əliyev işğaldan azad olunacaq torpaqlarımıza geri qayıdacaq məcburi köçkünlərin təhlükəsizliyini düşünür və bu istiqamətdə tədbirlər görürdü. Belə ki, 1998-ci il iyulun 18-də Prezident Heydər Əliyevin Fərmanı əsasında yaradılan ANAMA bu gün minatəmizləmə prosesinə öz töhfəsini verir. 300 nəfər şəxsi heyətlə işə başlayan ANAMA-nın artıq 1400 nəfər işçisi var. Qələbədən üç ildən artıq vaxt keçməsinə baxmayaraq, gizli təhlükə olan mina terroru hələ də davam edir. Bu da bərpa və yenidənqurma işlərini həm ləngidir, həm də insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır. Qarabağa Böyük Qayıdışı həzm edə bilməyən haylar mina terroru ilə soydaşlarımızın öz yurd-yuvasına qayıtmasını ləngitmək istəsələr də Azərbaycan dövləti bu problemin öhdəsindən layiqincə gəlir.

Bəzi Qərb dövlətləri tərəfindən dəstək alan ermənilər uzun müddət bu məsələni xəbis niyyətlə həyata keçirmişlər. Beynəlxalq təşkilatlar isə problemi qlobal səviyyədə həll etməkdə laqeydlik göstərirlər. Bu gün Azərbaycanın apardığı minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Ermənistan Azərbaycan ərazisində təqribən 1,5 milyona yaxın mina basdıraraq 9 min kvadratkilometrə yaxın ərazini çirkləndirib. 2020-ci ilin noyabrından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 111 min 207 hektar ərazi minalardan və partlayıcı qalıqlardan təmizlənib. Ümumilikdə 109 min 552 mina və müharibənin digər partlayıcı qalıqlar, o cümlədən 30 min 753 piyada əleyhinə mina, 18 min 531 tank əleyhinə mina və 60 min 268 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Bu gizli terror əsgər və mülki şəxslər də daxil olmaqla, ətraf mühit, ekologiya, o cümlədən digər canlılar üçün də risk yaradır. İkinci Qarabağ müharibəsi başa çatandan bu vaxta qədər 350 vətəndaşımız mina qurbanına çevrilib, onlardan 65-i həlak olub, 285-i isə ağır yaralanıb. Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başladığı ilkin dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarından 357-si uşaq, 38-i isə qadındır. Düşünülmüş şəkildə həyata keçirilən mina terroru onu deməyə əsas verir ki, illər əvvəl ermənilər çox gözəl anlayırdılar ki, gec-tez Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Bu səbəbdən də əsasən Ermənistanda istehsal edilən milyonlarla mina və digər partlamamış silahlar ərazilərimizdə basdırılıb. Proses Qarabağ ərazisində qalan erməni silahlı dəstələri və separatçılar tərəfindən davam etdirilib. Məsələ ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin sentyabr ayında BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı bildirmişdi ki, 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan sonra Qarabağ və Şərqi Zəngəzurda 2022-ci ilin avqust ayından indiyədək Ermənistanda istehsal edilmiş 2 728 mina aşkarlanaraq zərərsizləşdirilib.

44 günlük Vətən müharibəsindən sonra ölkəmiz öz ərazilərində minatəmizləmə işlərini davam etdirməklə yanaşı, qlobal miqyasda da bu işə əhəmiyyətli töhfə verir. 2023-cü ilin mayında Ağdamda "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda beynəlxalq konfrans, noyabrın 28-də isə Bakıda "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr" mövzusunda beynəlxalq texniki konfrans keçirilmişdir.

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi dövlətimizin əsas hədəflərindəndir. Azərbaycan bu məqsədlə bütün imkanlarını səfərbər edərək gələcək mina risklərinin qarşısının alınması məqsədilə topoqrafik məlumatların Azərbaycana verilməsi üçün Ermənistanla təmasları davam etdirir. Təəssüflər olsun ki, Ermənistan bu işdə də qeyri-obyektivlik nümayiş etdirərək mina xəritələrini hələ ki, doğru şəkildə vermir və bununla da "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarına da qonşu dövlət tərəfindən əməl edilmir. Nəticədə təhlükə bu gün də davam edir və günahsız insanlar mina terrorunun qurbanına çevrilir. Aprelin 12-də Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib. 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb. Bütün bunlara baxmayaraq, gizli düşmən ram edilir, torpaqlarımız ciddi səylə təmizlənir.

Ramidə YAQUBQIZI,

"Respublika".