Gəncliyimizin himayədarı Heydər Əliyev
Digər xəbərlər

Gəncliyimizin himayədarı Heydər Əliyev

Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması və onun örnək vətəndaş kimi yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli, aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin yüksək səviyyədə həyata keçirdiyi gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərimizin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsinə yönəlmişdir. Bunun nəticəsidir ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına ən çox sevinənlər də məhz gənclər idi. Ümummilli liderimiz daim gənclərə dərin inam bəslədiyini bildirirdi. Gənclərimiz də Heydər Əliyevi dahi lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edərək ona böyük etimad göstərirdilər.

Ötən əsrin sonlarında ölkədə gərgin siyasi mühit və hakimiyyət uğrunda çəkişmələr gəncliyə yetəri qədər zərər vurmuşdu. Belə bir məqamda hakimiyyətə qayıdan ümummilli liderimiz vəziyyəti stabilləşdirərək gənc nəslin xilaskarına çevrilmişdir. Təsadüfi deyil ki, Heydər Əliyev həmin dövrdə ilk görüşünü də məhz gənclərlə keçirmişdir. O deyirdi: "Bizim bugünkü gəncliyimiz sağlamdüşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir". Ulu öndər gənclərin təhsil məsələsinə xüsusi önəm verirdi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldaraq beynəlxalq aləmdə belə mühüm uğurlara imza atırlar. Ulu öndərimizin səyi nəticəsində hələ 70-80-ci illərdə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdi. Bu dövr ərzində ümumilikdə 15 min azərbaycanlı gənc qabaqcıl tədris müəssisələrində təhsil almaq imkanı qazanmış, təhsillərini başa vurduqdan sonra isə ölkəmizdə gənc mütəxəssis kimi müxtəlif sahələrdə fəaliyyətə başlamışlar.

Ulu öndər Heydər Əliyev gənclər siyasətini uğurla həyata keçirərək bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etmişdir. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamların imzalanması, Dövlət proqramlarının icra edilməsi bu sahədəki uğurları daha da artırmışdır. Gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərmişdir.

Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Bu məqsədlə, ölkəmizdə bu istiqamətdə bir çox mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi, 1995-ci ildə isə Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdır. Ölkə gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq və məsuliyyətini yüksəltmək məqsədilə ulu öndər Heydər Əliyev 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş və 2 fevral 1996-cı ildə gənclərin I Forumu baş tutmuşdu. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında dayanan vəzifələrdən danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğulamışdı. O dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tamhüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün hər cür şərait yaradıldı. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix Azərbaycan Gəncləri Günü elan edilmişdir.

Bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev gənclərə xüsusi önəm verir. Ölkə başçımız bunu daim vurğulayır: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Dövlət başçısı İlham Əliyev tərəfindən gənclərin rifahına xidmət edən mühüm Dövlət proqramları hazırlanmış, bu istiqamətdə bir sıra vacib sənədlər təsdiq edilmişdir.

Bunlara "Azərbaycan gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər), "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" (2006-2010-cu illər), "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" və s. daxildir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə olan böyük diqqətin göstəricisidir. Bundan əlavə, ölkə başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşdur. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" da ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirildiyinin təzahürüdür.

Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli, hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində atılan uğurlu addımlar bunu bir daha sübut edir.

Nəzrin ELDARQIZI,

"Respublika".