Gəncədə Çanaqqala Zəfərinin 109-cu, İstiqlal marşının qəbul edilməsinin 103-cü ildönümləri qeyd olunub
Region

Gəncədə Çanaqqala Zəfərinin 109-cu, İstiqlal marşının qəbul edilməsinin 103-cü ildönümləri qeyd olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə 18 Mart – Çanaqqala Zəfərinin 109-cu, Türkiyənin İstiqlal marşının qəbul edilməsinin 103-cü ildönümləri ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Ege Universitetinin əməkdaşı, dr. Hasan Kağan Yayla, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Anım mərasimində çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop Vətən uğrunda canından keçən türk və Azərbaycan şəhidlərini yad edib, qazanılan zəfərlərin əbədi olmasını diləyib. Qeyd edib ki, Türkiyə xalqı 109 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb. Çanaqqala zəfəri məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı Qələbəsidir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canından keçib.

Tədbirdən sonra Çanaqqala Zəfərinin 109-cu ildönümü ilə bağlı Samux rayonunda ağacəkmə aksiyası keçirilib.

Zabit XƏLİLOV,

“Respublika”.