Fransanın xəbis niyyətli anti-Azərbaycan təbliğatı
Digər xəbərlər

Fransanın xəbis niyyətli anti-Azərbaycan təbliğatı

Fransanın anti-Azərbaycan siyasəti səngimək bilmir. İstər qlobal, istərsə də regional müstəvidə Ermənistanın havadarlığı missiyasını yerinə yetirən "ədalət qoruyucuları" hər vəchlə sülh prosesinin ləngiməsinə səy göstərirlər. Makron administrasiyasının Azərbaycana məlum münasibəti həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, mövcud davranış Fransanın Cənubi Qafqazdakı planları ilə bağlıdır. Fransa daxilində mövcud olan erməni diasporu İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığı qəbul etmir. Digər tərəfdən, Makron administrasiyasının əsas marağı erməni diasporunu əldən buraxmamaq və məhz həmin diaspordan istifadə etməklə Cənubi Qafqazda kirli maraqlarını təmin etməkdir.

Ermənistanın Laçın dövlət sərhədindəki siyasi şoularının ardınca Fransanın da bölgə üzrə fəallaşması istisna edilmir.

Haylar var güclərilə Azərbaycanın beynəlxalq imicinə kölgə salmaq üçün əllərindən gələni etsələr də, buna nail ola bilmədilər. Bu revanşizmin nəticəsidir ki, artıq Fransanın BMT-nin Təhlükəsizlik Şurasına Laçın yolunda maneəsiz giriş-çıxışın təmin olunması və Qarabağda yaşayan ermənilərin "blokadası" ilə bağlı qətnaməni müzakirəyə çıxarması gözlənilir. Fransanın belə bir qətnaməni BMT TŞ-də gündəliyə çıxarması məlum olduqdan sonra Xankəndidə separatçılar Xankəndi-Ağdam yolunun açılması ilə paralel Laçın yolunun da maneəsiz açılmasını şərt kimi irəli sürdülər. Haylar Azərbaycanla hərbi-diplomatik sferada mübarizədən çəkindikləri üçün havadarlarının əli ilə təzyiq göstərməyə cəhd edirlər.

Qeyd edək ki, son vaxtlar Fransanın anti-Azərbaycan fəallığı yenidən kəskinləşib. Belə ki, bir müddət əvvəl "France 24" nəşri "Aclıqdan soyqırımı silahı kimi istifadə olunur: Azərbaycanın Qarabağı blokadaya alması böhranı daha da pisləşdirir" sərlövhəli məqalə dərc etmişdi. Yazıda qeyd olunan məqamların həqiqətdən tamamilə uzaq olması, böhtan xarakteri daşıması bir yana, agentliyin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil xüsusi diqqət çəkir. Çünki foto əslində Agence France-Presse (AFP) tərəfindən 2020-ci ildə çəkilib və tamamilə Azərbaycan xalqının ağrı-acısını əks etdirir. Odur ki, bu məqalə sadəcə hayların "sadiq" dostunun növbəti təxribatı kimi qiymətləndirilməlidir. Bu məsələyə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də sosial şəbəkə hesabında münasibət bildirib. H.Hacıyev qeyd edib ki, sözügedən məqalədə bizə məxsus olan şəkil "erməniləşdirilib". Prezidentin köməkçisi vurğulayıb ki, bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır.

Ümumiyyətlə, Fransanın Cənubi Qafqazda siyasi mövqelərini gücləndirmə istəyi nəticəsiz qalacaq. Belə ki, Cənubi Qafqaz nə Afrika, nə də Aralıq dənizi regionu deyil. 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlara əsasən mövcud geosiyasi prosesləri diktə edən tərəf Azərbaycan-Türkiyə tandemidir. Ona görə də Fransanın bu kimi siyasi təxribatları "müsbət" nəticə verməyəcək. Fransa anti-Azərbaycan qətnaməni səsverməyə çıxarsa, üzv ölkələr tərəfindən veto qoyula bilər. Digər tərəfdən, Ermənistan rəhbərliyi sülh müqaviləsinin bağlanmasında maraqlı idisə, rəsmi Paris belə bir təşəbbüslə çıxış etməzdi. Odur ki, Paşinyanın hökumət iclası zamanı sülh prosesinin müddəti ilə bağlı verdiyi açıqlamadan da məlum olduğu kimi, təcavüzkar Ermənistan dinc yolla bu müqaviləni imzalamaqdan imtina edir və ya etdirilir.

Bundan əvvəlki mərhələdə - müharibə günlərində Fransa Azərbaycana sanksiyalar tətbiq edilməsi ilə bağlı müzakirələri BMT-nin gündəliyinə çıxarmağa böyük səy göstərmişdi. Lakin Avropadakı Azərbaycanın suverenliyini tanıyan ölkələrin müdaxiləsi nəticəsində rəsmi Parisin anti-Azərbaycan planının qarşısını almaq mümkün olmuşdu. Fransa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, ümumiyyətlə Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz olaraq Azərbaycan Respublikasının Milli Məclisi də rəsmi bəyanat vermişdir. Ötən 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Qarabağ münaqişəsinin həllinə hər hansı bir töhfə verməyən, əksinə, status-kvonun sonsuzadək saxlanılmasına böyük canfəşanlıq göstərən Fransa postmüharibə mərhələsində də ənənəvi siyasətindən geri dönmək istəmir.

Qeyd edək ki, bir müddət əvvəl Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığından sonra Fransa XİN-in verdiyi bəyanatda Laçın dövlət sərhədi ilə bağlı növbəti qərəzli mövqeyi sərgiləmiş oldu. Fransa əgər qeyd edildiyi kimi, "ədalət qoruyucusu"dursa, anti-Azərbaycan siyasətini dayandırmalı və Azərbaycanın təhlükəsizlik məqsədilə öz sərhədlərinə nəzarət etmək hüququnu dəstəkləməlidir. Laçın sərhəd-buraxılış məntəqəsinin quraşdırılması tamamilə qanuni və zəruridir. Azərbaycan hər bir suveren dövlət kimi, öz sərhədlərindən keçən hər kəsə, eləcə də onların daşıdığı hər şeyə nəzarət etməlidir. Fransa Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində formalaşdırdığı "humanitar böhran" manipulyasiyalarının Avropadakı konnektorudur. Eyni zamanda, Qarabağın erməni sakinlərinin özlərinin yazdıqlarına əsasən, Xankəndidə elektrik enerjisi və ərzaq qıtlığı müşahidə olunmur. Fransa azərbaycanlıların Ermənistandan və Qarabağdan kütləvi surətdə çıxarılmasına, ermənilərin azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə heç vaxt əhəmiyyət verməyib. İndi onun "fəal iştirakı" "humanizm siyasətinin" birtərəfliliyini nümayiş etdirir.

Nurlan ABDALOV,

   "Respublika".