Fransanın selektiv yanaşması müstəmləkəçilik siyasətindən irəli gəlir
Digər xəbərlər

Fransanın selektiv yanaşması müstəmləkəçilik siyasətindən irəli gəlir

Azərbaycana qarşı həmişə qeyri-obyektiv və qərəzli addımları ilə seçilən Fransa əsassız bəyanatlarla çıxış etməyə davam edir. Tarixi torpaqlarımız olan Qarabağın işğaldan azad olunmasını həzm edə bilməyən Fransa hökuməti bu məsələyə də burnunu soxmaqla özünü vasitəçi kimi qələmə vermək istəyir. Təkcə XIX əsrdə Əlcəzairdə 8 milyona yaxın müsəlman işgəncələrə məruz qalaraq öldürülmüşdür. İnsan hüquqlarından bəhs edib, lakin ermənilərin Qarabağda törətdiyi təxribatlara rəvac verməsi əslində bu dövlətin iç üzünü ortaya qoyur.

Bir başqa prizmadan yanaşsaq ölkədə kütləvi etirazların ardı-arası kəsilmir. Ən son olaraq iyun ayının 28-də 17 yaşlı Əlcəzair əsilli fransız gənci polisin xidməti silahdan atəş açaraq öldürməsi ölkədə kütləvi etirazla qarşılanıb, polis 1000 nəfərə yaxın şəxsi həbs edib. Nümayişçilər isə işlək binaları, təhsil və tibb ocaqlarını yandırmağa davam edir. Təbii ki, bu cür xaotik bir dövlətin Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməsi gülüncdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən iclasında Fransanın müstəmləkəçilik siyasətinə toxunması əbəs deyildi. İlham Əliyev Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılmasının onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdiyini vurğulayıb: "Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".

ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan Fransanın Qarabağ münaqişəsinin həlli ilə bağlı nə müharibədən əvvəl, nə də sonra neytral mövqeyi olmayıb. Qurumun fəaliyyəti dövründə Fransa davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib. Həmsədr ölkə mandatının prinsiplərini kobud şəkildə pozan Fransanın ermənilərə hərtərəfli dəstək verdiyi və bu dəstəyin indi daha eybəcər və çılpaq formada olduğu ortadadır. Bunu görmək üçün Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış İkinci Qarabağ müharibəsi dövründə Fransa prezidentinin mövqeyinə nəzər salmaq kifayətdir. Fransa indiyə qədər ermənipərəst siyasətini pərdələyərdisə, müharibə dövründə və ötən 3 ilə yaxın vaxt intervalında tam açıq formada ermənidən betər ermənipərəst mövqe tutmağa başladı.

Fransa prezidenti Emmanuel Makronun hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması cəhdləri göz önündədir. Belə ki, müharibə dövründə Fransanın prezidenti Emmanuel Makronun dövlətimizin başçısı İlham Əliyevə münaqişə ilə bağlı telefon zənglərinin sayı-hesabı itmişdi. Bu kimi durumlar rəsmi Fransanın acizliyini bir daha sərgiləyir.

Müharibə dövründə Fransa XİN-i ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılıq siyasətini dəstəkləyirdi. Bu dəstək təkcə siyasi olmayıb. Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə həm də iqtisadi, hərbi dəstək göstərib. Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib. Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib. Fransa diplomatları Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparıblar və bu fəaliyyəti indi də davam etdirirlər.

Erməni lobbisinin təsiri və müdaxiləsi nəticəsində mütəmadi olaraq məsələnin mahiyyətini təhrif edən, düşmənçilik siyasəti yürüdən fransız deputatların müzakirəyə qoyduğu anti-Azərbaycan bəyanatları "boş qalan qazanı doldurmaq" cəhdlərindən başqa bir şey deyil. Şimali Afrikadan sonra Cənubi Qafqazda da öz təsirini sürətlə itirən fransızlar çıxış yolu kimi əsassız qətnamələr qəbul etməklə özünə xal qazandırmağa çalışır. Lakin atılan addımlar ölkəni xaosa və iğtişaş yuvasına çevirir. İkinci Qarabağ müharibəsində Azərbaycana haqlı dəstək nümayiş etdirib bölgədə geosiyasi qüvvəyə çevrilmək əvəzinə, Fransa yenə öz quyusunu öz əli ilə qazdı. Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmaq istəyən Fransa növbəti dəfə uğursuzluğa və fiaskoya düçar oldu. Belə ki, bu günlərdə 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi hökumətə müraciət edərək "Dağlıq Qarabağa dəstək" verilməsini tələb ediblər. Eyni zamanda, Makronu rəsmi Bakıya qarşı sanskiyalar tətbiq etməyə çağırıblar.

Fransada yaşayan radikal erməni qruplarının Azərbaycanın Parisdəki səfirliyinə qarşı dəfələrlə hücumu və Fransanın bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onların erməni vandalizmini himayə etməsi, Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutduğunu bir daha sübut edir. Rəsmi Paris diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası üzrə diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək kimi beynəlxalq öhdəliklərini yerinə yetirməməklə Azərbaycana qarşı selektiv yanaşdığını bir daha bariz formada göstərir.

Azərbaycana qarşı yönələn bütün erməni təxribatlarına Fransa hər hansı formada şərikdir. 44 günlük müharibə dövründə də Fransa mütəmadi olaraq Azərbaycan əleyhinə qətnamə və bəyanatlar tirajlamaqla məşğul idi. Elə bu gün də Paşinyanın özünə "bacı" bildiyi Fransadır.

Tacir SADIQOV,

"Respublika".