Fransanın növbəti uğursuzluğu
Siyasət

Fransanın növbəti uğursuzluğu

Ermənistan və onun havadarlarının avqustun 16-da BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycana qarşı qətnamə və yaxud qərar qəbul etdirmək arzusu puça çıxıb. Azərbaycanın daxili işi olan məsələ barədə müzakirələrin beynəlxalq platformada aparılması hər nə qədər yanlış hesab edilsə də, böyük güclərin Ermənistan-Fransa fitnəkarlığına uymaması da təqdirəlayiqdir. Çünki bu, Makron hakimiyyəti üçün ciddi uğursuzluq, eləcə də diplomatiyasının məğlubiyyəti anlamına gəlir.

Fransa prezidentinin son illərdə Afrikadan tutmuş, dünyanın bir çox ölkələrində saysız-hesabsız uğursuzluqlarına BMT-dəki iclas zamanı baş verənləri də əlavə etmək olar. Məsələni dərindən analiz etsək görərik ki, Makron Fransanın daxilindəki çəkişmələri, problemləri aradan qaldırmaq əvəzinə, Cənubi Qafqazda sülhə və sabitliyə təhlükə yaratmaq niyyəti güdür. Görünür, Makron Fransanın xarici siyasətindəki səs-küylü uğursuzluqlardan hələ də dərs çıxara bilməyib. Əslində, BMT TŞ-də əldə olunan yekun nəticə elə Fransanın birbaşa Cənubi Qafqazda nüfuzunu itirməsi kimi qiymətləndirilə bilər. Çünki son illər ərzində Fransa ermənidən çox erməni olmaq missiyasını icra edirdi. Bu zaman da Makronun yenidən diqqətini Afrikaya və digər keçmiş müstəmləkələrə yönəltməkdən başqa çıxış yolu qalmır.

Afrikadakı vəziyyət isə çox gərgindir. Belə ki, ölkədəki etirazlar, narazılıqlar artıq kulminasiya həddinə çatıb. Bəs bu, Fransaya necə təsir edə bilər? Makron hakimiyyətinin gəlirlərinin əksər hissəsini buradan götürdüyünü nəzərə alsaq, bunun Fransa üçün ağır iqtisadi nəticələri olacağı da qaçılmazdır. Bundan başqa, Nigerdə baş verən hərbi çevrilişdən sonra yaşananlar Afrikanı yenidən kolonial rejimin ağuşuna salmaq istəyindən xəbər verir. Fransa Afrika ölkələrini çoxdan istismar etməklə yanaşı, Nigerin də zəngin təbii sərvətlərini uzun müddətdir ki, talayır. Hətta vəziyyət o qədər gərgindir ki, Makron hakimiyyətinin Afrikada mövqelərini itirməsini Fransa Senatının 94 deputatı ultimativ formada bəyan edib. Bildirilib ki, Afrikadakı mövqeləri itirmək yolverilməzdir. Senatorlar hesab edir ki, Niger, Mali, Mərkəzi Afrika Respublikası, Burkina Faso da daxil olmaqla bir sıra Afrika ölkələri Fransanın siyasi, hərbi və iqtisadi təsirinə qarşı çıxıb. Onların fikrincə, Fil Dişi Sahili Respublikası, Seneqal kimi Fransaya yaxın sayılan ölkələrdə Makron hakimiyyətinə qarşı kütləvi aksiyalar müşahidə edilir. Həmçinin, Fransanın Əlcəzair, Mərakeş və Tunislə də münasibətləri mürəkkəbdir.

Bir məsələni də qeyd etmək lazımdır ki, qitədə ingilis dilinin artan populyarlığı ilə əlaqədar olaraq fransız dili tədricən öz əhəmiyyətini itirir. Bu baxımdan, Fransanın Afrikayla əlaqələrini yenidən gözdən keçirməsi vacibdir. Amma bu, Fransaya baha başa gələ bilər. Çünki hazırda elə bir vəziyyət yaranıb ki, Afrika ölkələri Fransanın roluna və onun qitədəki mövcudluğuna getdikcə daha çox meydan oxuyur. Məlum olduğu kimi, bir sıra böyük güclər əsrlər boyu Afrika ölkələrinə zülm ediblər, təzyiq altında saxlayaraq onların inkişaflarını boğublar. Bu cür çirkin siyasətin başında isə Fransa dayanıb desək, yanılmarıq. Fransa sözdə demokratik dövlət olsa da onun əsla Afrika ölkələrini müasir sivilizasiyaya daşımaq niyyəti olmayıb. Çünki bu baş versə idi, 150 illik müstəmləkə dövründə Niger bu gün inkişaf etmiş ölkələrdən biri olardı. İndi isə Niger və digər Afrika ölkələri demokratik mühitdən, sivil idarəetmədən və inkişafdan tamamilə kənardırlar.

Xatırladaq ki, Niger hələ 1960-cı ildə müstəqilliyini elan etsə də, Fransanın buradakı mövcudluğu özünü müxtəlif sahələrdə göstərir. Fransanın Nigerin müstəqilliyi dövründə də buradan çıxmaması, əksinə, təsir imkanlarını artırmağa çalışması onun neokolonializm siyasətinin bariz nümunəsidir. Fransa bütün bu əməllərinə görə cavab verməlidir. Daha dəqiq desək, Fransa öz müstəmləkə keçmişinə, qanlı cinayətlərinə və soyqırımı aktlarına görə, Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər dövlətlərdən üzr istəməlidir. Yoxsa, baş alıb gedən etirazlar Makron hakimiyyətinin süqutu ilə nəticələnə bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".