Azərbaycan-Latviya münasibətləri inkişaf mərhələsində
Siyasət

Azərbaycan-Latviya münasibətləri inkişaf mərhələsində

11 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Tədbirdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin 1994-cü ildən bu yana siyasi, iqtisadi, humanitar, elmi-texniki, mədəni və s. istiqamətlər üzrə inkişafından bəhs olunub.

Azərbaycan hələ SSRİ hakimiyyəti zamanından da bir çox ölkələrlə əməkdaşlıq edib. Bu siyahıda olan ölkələrdən biri də Latviyadır. Hər iki ölkə Sovet hakimiyyəti illərində müttəfiq respublika olublar. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Hələ XX əsrin əvvəllərində Bakıda Latış Cəmiyyətinin fəaliyyət göstərməsi bu əlaqələrin tarixi köklərinin olduğunun təsdiqidir. Latviya Respublikası ölkəmizin müstəqilliyini 8 yanvar 1992-ci ildə tanıdı. Dövlət müstəqilliyinin bərpası uğrunda aparılan mübarizə millətlərimizi daha da yaxınlaşdırdı. Bu baxımdan, deyə bilərik ki, hər iki ölkənin tarixində oxşar cəhətlər vardır.

Ölkələr arasındakı diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulub. Bu gün müstəqil dövlətlər kimi dünya birliyində özlərinin layiqli yerlərini tutan, artıq kifayət qədər öz sözlərini demiş Azərbaycanla Latviya arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycanın Latviyada 2005-ci ildə fəaliyyətə başlayan səfirliyi həm də ölkəmizin Baltikyanı ölkələrdəki ilk səfirliyidir. Latviyanın ölkəmizdəki səfirliyi isə 2006-cı ildə fəaliyyətə başladı. İki ölkəni bağlayan bir mühüm fakt da ondan ibarətdir ki, Azərbaycan Avropa Şurasına Latviyanın həmin təşkilatda sədrliyi dövründə qəbul edilmişdir. Azərbaycanla Latviya beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, bir-birlərini dəstəkləyir.

Azərbaycan-Latviya arasında iqtisadi-siyasi əlaqələr günü-gündən inkişaf edir. Dost ölkələrin hər ikisində 30-a yaxın birgə şirkətlər fəaliyyət göstərir. Buna misal olaraq, Latviyanın "Cleantech Latvia Cluster" şirkətini nümunə göstərmək olar. Şirkət Azərbaycanda kənd təsərrüfatı, su təsərrüfatı, informasiya texnologiyaları, peşə təhsili, inşaat mühəndislərinin sertifikatlaşdırılması kimi sahələrdə fəaliyyət üçün mövcud imkanlara malikdir. İki ölkə arasında bu strateji əməkdaşlığı beynalxalq arenada da təsdiq etmək və gücləri birləşdirmək məqsədilə 2017-ci il iyulun 17-də "Strateji Tərəfdaşlığın Yaradılması Haqqında birgə Bəyannamə" imzalanıb. Bəyannaməyə əsasən rabitə, nəqliyyat, texnologiya, elm və tikinti sahələri üzrə müvafiq sənədlər imzalanıb. Prezident İlham Əliyev də Latviya ilə əlaqələri yüksək qiymətləndirir: "Bizim Latviyaya ixracımızı və Latviyadan Azərbaycana idxalı artırmaq üçün yaxşı fürsətlər var".

Azərbaycanın regionda strateji güc, Avropanın etibarlı qaz-enerji tərəfdaşı olması Latviyanın ölkəmizlə münasibətləri genişləndirilməsi üçün əsas səbəblərdən biridir. Təsadüfi deyil ki, hələ 2018-ci ildə "Made in Azerbaijan" brendinin Latviya bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərən Azərbaycan Ticarət Evinin əsası qoyulub. Ticarət Evində Azərbaycan şirkətlərinin istehsal etdiyi 70 çeşidə yaxın şərab məhsulları, 26 çeşiddə konyak, 10 çeşiddə araq, 26 çeşiddə çay, 23 çeşiddə meyvə şirələri və kompotlar, 70 çeşiddən çox digər məhsullar, o cümlədən bitki yağları, zeytun, fındıq, düyü, meyvə-tərəvəz, tekstil və kosmetik məhsullar, sənaye malları, turizm xidmətləri nümayiş olunub.

Həmçinin qeyd etməliyik ki, ötən ilin noyabrında Latviyada "Heydər Əliyev İli" çərçivəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan təntənəli konsert keçirildi. Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov Heydər Əliyevin ölkəmizin müstəqil və tarazlı xarici siyasətinin, o cümlədən Azərbaycan-Latviya münasibətlərinin əsasını qoyduğunu və 1994-cü ildə Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin onun tərəfindən qurulduğunu vurğulayıb.

Bu gün Azərbaycanla Latviya bir-birini hərtərəfli şəkildə dəstəkləyən, postsovet məkanında lider olan, siyasi, iqtisadi, elmi-texniki və digər sahələrdə tərəfdaş ölkələrdir. İki ölkə arasında münasibətlər başlıca olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübəyə söykənir.

Röya RÜSTƏMLİ,

"Respublika".