Genişmiqyaslı iqtisadi islahatlar modeli
Siyasət

Genişmiqyaslı iqtisadi islahatlar modeli

Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsi kimi tanınır

"Bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib.

Qeyd etmək lazımdır ki, Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin edilib. Bu da dövlətin maliyyə imkanlarının yaxşılaşmasına öz təsirini göstərib, valyuta vəsaitləri ilk növbədə əhalinin maddi rifah halının yaxşılaşmasına yönəldilir. Bütün bunların əldə edilməsi üçün güclü iqtisadi islahatlar aparılmışdır. Ümumiyyətlə, Prezident İlham Əliyev dövlət siyasətində islahatların aparılmasını daim diqqətdə saxlayır və dəfələrlə çıxışlarında bu məsələnin önəmini vurğulayıb.

Bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacağını qeyd edən dövlət başçısı bildirib ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Regionumuzun, Avrasiyanın xəritəsinə baxsanız, görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir.

Hazırda dünyanın müxtəlif bölgələrində, o cümlədən regionumuzda ziddiyyətli proseslər gedir, yeni risklər, yeni təhdidlər yaranır. Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi tendensiyalar kontekstində Azərbaycanın uğurları daha qabarıq müşahidə olunur. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirlərdən və daxili işlərə müdaxilədən qorumaqdır. Belə hallar Azərbaycan dövlətini mövqeyindən çəkindirə bilməz. Çünki ölkənin inkişafı düşünülmüş şəkildə aparılır. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsi kimi tanınır, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, uğurla, sürətlə inkişaf edir. Qarşıya qoyulan bütün vəzifələr icra olunur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilir.

Son 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları Azərbaycanın dünya miqyasındakı reytinqini getdikcə artırır. Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Ölkədə vətəndaşların rifah halının yüksəldilməsi üçün sosial paketlər həyata keçirilir. Genişmiqyaslı quruculuq işlərinin aparılması üçün büdcədən ayırmalar hər il artırılır. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində ciddi işlər görülür. Xüsusilə, üç il əvvəl Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması ölkəmizi dünyada qalib dövlət kimi tanıtdı. Vətən müharibəsində əldə olunan tarixi zəfərlə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı.

Qələbə sayəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Düşmən torpaqlarımızı işğal altında saxlayarkən demək olar ki, bütün əraziləri darmadağın etmiş, buralarda insanın həyat sürməsi üçün heç bir iz buraxmamışdır. Münaqişənin həlli, eyni zamanda regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regional iqtisadiyyatın ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcəkdir. Azərbaycanın sürətli inkişafı dünya ölkələri tərəfindən də diqqətlə izlənir, təqdir edilir.

İqtisadi inkişafın təməlində dayanan islahatların nəticəsidir ki, Azərbaycan iqtisadiyyatını şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Bununla belə hazırda neft və qaz sektoru ölkə iqtisadiyyatının əsas hissəsi olmaqda davam edir. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb. Görülən tədbirlər sayəsində yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə endirilib. Bu, onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. İqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub. Regionların inkişafı istiqamətində qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirilib. Bura ölkədə iqtisadi sabitliyin davamlılığının təmin edilməsi, sənaye zonalarının yaradılması, rayonlara cəlb edilən özəl sərmayələrin artırılmasını aid etmək olar. İqtisadi islahatlar üzrə başlıca hədəflər ölkə iqtisadiyyatının dayanıqlılığının, şaxələndirilməsinin və rəqabətqabiliyyətliliyinin təmin edilməsidir. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib ki, bütün bunlar Azərbaycanı son illər ərzində dünyanın ən sürətli və dayanıqlı inkişaf edən ölkəsinə çevirib.

Bütün bu uğurlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin yaratdığı yeni reallıqlar, yürütdüyü tam müstəqil siyasət və qlobal lider kimi artan nüfuzunun nəticəsidir. Prezident İlham Əliyev həyata keçirdiyi diplomatiya ilə əsl reallığı nümayiş etdirir. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə heç kimdən asılı deyil. Hətta ölkəmiz istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından dünyada ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkələr sırasındadır. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

Mustafa KAMAL,

"Respublika".