Fransanı bürüyən etiraz dalğaları
Siyasət

Fransanı bürüyən etiraz dalğaları

Qərb müstəmləkəçiliyinin, əsasən Afrika ölkələrinin işğalı birbaşa Fransaya aid edilir. Bu dövlət Afrika müstəmləkə planını formalaşdıran ilk ölkədir. Əslində, Fransanın işğalçılıq və müstəmləkə siyasətinin tarixi 1524-cü ildən başlayır. Həmin dövrdən Afrikanın qərb və şimal hissələrində 20-dən çox ölkə vasitəsilə öz hökmranlığını qurdu. Nəticədə, "qara qitə"nin 35 faizi tam 300 il Fransanın işğalında qaldı. Dünyaya "sülh dərsi" keçməyə çalışan, özü isə "savadsız" təsiri bağışlayan Fransa əslində bəşəriyyətin geniş coğrafiyasını işğal edən dövlətdir. Hələ ötən əsrin 90-cı illərində tarixin ən böyük soyqırımı hadisələrindən hesab edilən Ruanda soyqırımında məhz Fransanın rolu olub. Belə ki, həmin hadisə zamanı 800 min insan həlak olmuşdur. Mavritaniya, Niger, Kamerun, Seneqal kimi Afrika ölkələrində, həmçinin Əlcəzairdə baş verən daxili çaxnaşma və soyqırımlarda da bu ölkənin izləri aydın şəkildə görsənir. Fransa 1945-ci il may ayının 8-də Əlcəzairdə soyqırıma başlamışdır. Nəticədə, 5 milyondan çox müsəlman qətlə yetirilmişdir.

Bu gün, uzaq sərhədlərdən Cənubi Qafqaza kimi uzanan fransız nəzərləri öz keçmişinə və yaxud da hazırkı vəziyyətinə nəzər yetirsə daha məqsədəuyğun olar. Makron hakimiyyəti bir şeyi unudur ki, onun yürütdüyü siyasət də müasir fransız ətrinin effektini verir. Xatirəsi var, keyfiyyəti yoxdur, öz əhəmiyyətini itirib. Bacısı Ermənistanın halına "ağlayan" bu ölkə, zamanında çox millətləri göz yaşına boğub. İşğal, müstəmləkə siyasəti, bu dövlətin əsas məqsədi olub. O səbəbdən də Ermənistanla Fransanı bir-birinə bağlayan oxşar və yaxın cəhətləri çoxdur. Bu dövləti müstəmləkə siyasətinə sürükləyən onun Afrika ölkələrinin qiymətli təbii ehtiyatlarına olan hərisliyidir. Dünyada hasil edilən qızılın 79, almazın 76, kobaltın 75, platinin 50, vanadiumun 40 və uranın 21 faizi Afrikada istehsal edilmişdi. Afrika qitəsi yer üzündəki bütün mədənlərin üçdəbirinə malik olan geniş bir coğrafiyadır. Fransa bu ərazilərə olan nəzarətini əldən vermək istəmir. Həmin ölkələrin keçmişinə nəzər saldıqda Fransaya vergi verməyən liderlərin ya çevrilişin, ya da sui-qəsdin qurbanı olduqları görünür. Son 50 ildə 26 Afrika ölkəsində ümumilikdə 67 hərbi çevriliş baş verib. Bu ölkələrdən 16-sı keçmiş Fransa koloniyalarıdır.

Hazırda Fransada istər daxildə, istərsə də nəzarətdə saxladığı ölkələrdə gərginlik yüksələn xətlə davam edir. Ölkə çaxnaşma və vətəndaş qarşıdurmalarının məngənəsində boğulur. Yarıtmaz Makron hakimiyyəti müstəmləkəsində saxladığı qitəni öz dövlətində olduğu kimi, qaranlığa sürükləyir. Etirazlar səngimək bilmir, daha da genişlənir. Koledoniyalılar da öz mübarizələrində israrlıdırlar. Belə ki, Yeni koledoniyalılar referendum tələb edir, Fransa müstəmləkəçiliyinə qarşı çıxırlar. Göründüyü kimi, Fransada gərginlik pik həddə çatıb. Əsrlərdir soyub-taladığı, milyonlarla insanı sorğusuz-sualsız qətlə yetirdiyi keçmiş müstəmləkələri bu gün öz azadlığını, suverenliyini tələb edir. Afrika qitəsi Fransadan, onu xatırladan hər şeydən uzaqlaşmaqda, fransız idarəçiliyinə, müstəmləkə siyasətinə son verməkdə qətiyyətli görünür. Uzun müddətdir ölkə daxilində yaşanan etirazlar indi sürətlə Fransanın vaxtilə müstəmləkəsi olan ərazilərə də yayılıb. Dövlətin yarıtmaz siyasəti, pozulan hüquqlar, müstəmləkəçi yanaşma etirazların dalğasını daha da genişləndirir. Artıq həmin ölkələrdə Fransaya qarşı nifrət hissi formalaşıb. Afrika ölkələrində bir-birinin ardınca etirazlar, qiyamlar, dövlət çevrilişləri də bunu təsdiqləyir.

Artıq Yeni Koledoniyanın paytaxtı Numeada ölkənin müstəqilliyini və suverenliyini tələb edən siyasi partiyalar tərəfindən etiraz yürüşləri keçirilir. Kaledoniyalılar Makron hökumətinin onları 1988-ci ildə Kaledoniya ilə bağlı müəyyən edilmiş trayektoriyadan yayındırmaq cəhdlərinə və onun tam suverenliyinə nail olmasına qarşı həyata keçirdiyi müxtəlif manevrlərə etiraz edirlər. Bildirirlər ki, etiraz nümayişinin məqsədi Fransa dövlətinin ölkəyə yaratdığı risklər barədə Kaledoniya əhalisini xəbərdar etmək və məlumatlandırmaqdır. Nümayişçilər fransız nazirlərin son günlər Kaledoniyaya gəlişini onların BMT Baş Assambleyasının 2020-ci il dekabrın 10-da qəbul edilmiş qətnaməsinin tətbiq edilməməsi ilə bağlı hökumətin mövqeyini ortaya qoyduğunu deyirlər.

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniya sakinləri kanaklar-neokolonializmə, metropoliyadan asılılığa qarşı çıxır və azad gələcək uğrunda mübarizə aparırlar. Çoxsaylı etirazlarda iştirakçılar 2021-ci il dekabrın 12-də qeyri-legitim hesab etdikləri referendumun nəticələrinin ləğv edilməsini və yenisinin keçirilməsini tələb ediblər. Həmçinin iştirakçılar Fransanın bu ərazilərdəki müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndiriblər. Etiraz aksiyaları zamanı onlar Azərbaycan bayrağını qaldırıblar. Polis başqa ölkənin bayrağının dalğalandırılma səbəbini soruşduqda etirazçılar bildiriblər ki, Azərbaycan hər zaman onların neokolonializmlə mübarizələrinə dəstək olub.

Ramidə YAQUBQIZI,

"Respublika".