FRANSADA ETİRAZ AKSİYALARININ İKİNCİ DALĞASI BAŞLAYIB
Digər xəbərlər

FRANSADA ETİRAZ AKSİYALARININ İKİNCİ DALĞASI BAŞLAYIB

Fransada xalq təqaüd yaşının 64-ə yüksəldilməsi haqqındakı qanun qəbul edilməsi barədə təklifdən sonra etiraz aksiyalarına başlamışdı. Qanun təklifinə görə vətəndaşlar təqaüd almaq üçün 2027-ci ildən etibarən 43 il işləməli olacaqlar. Etiraz aksiyaları dəmir yolu, hava yolu, məktəblər və xəstəxana xidmətlərinin müddətsiz dayandırılmasını əhatə edir. Bununla yanaşı, həkimlərə ayrılan aylıq əməkhaqqının az olmasından şikayətlənən etirazçılar şəhər meydanlarında toplanmağa davam edir. 2017-ci ildən bu yana çıxışlarında fransız xalqının daha çox çalışmalı olduğunu vurğulayan ölkə başçısı təqaüd proqramını yenidən qurmaqla bağlı qətiyyətli addımlar atır. Fransa prezidentinin islahatlardan geri çəkilməsində mühüm rol oynaya biləcək həmkarlar ittifaqı isə tətilləri dəstəkləyir.

31 yanvar tarixində aksiyalar Fransanın Lion, Renn, Ruen, Marsel, Nant və Monpelye kimi şəhərlərində də keçirilib. Etirazlarda ümumilikdə 2,8 milyon nəfər iştirak edib. Bu hadisə etiraz aksiyalarının ikinci dalğası hesab olunur. Digər tərəfdən, Fransada gənclərin işsizlik problemi təqaüd yaşının artırılması barədə təklifdən sonra ölkədaxili etiraz aksiyalarına əlavə olub. Əmək Nazirliyi 320000-ə qədər gəncin işaxtarma mərkəzlərində növbələrə qoşulacağını gözləyir. Proqnozlara görə, gənclər arasında işsizlik 30 faizə çata bilər. Fransa hökumətinin enerji qiymətlərini yanvarda 15 faizə qədər qaldırması dolanmaqda çətinlik çəkən gənclər üçün qəbuledilməz hesab olunur. Belə ki, minimum əməkhaqqı bu artımın yalnız 4 faizə qədərini qarşılaya bilir. Nəticədə Fransada gənc işçilər və işaxtaranlar ikiqat zərbə alırlar. Fransalı politoloq Maksim Gauin bu problemin 2017-2022-ci illərdəki seçkilərdə məğlub olmuş müxalifətə tənqid üçün əsaslı şərait yaratdığını və tez bir zamanda islahatların keçirilməsinin önəmini vurğulayıb: "Hökumətin edə biləcəyi ən yaxşı şey 18-20 yaşında olan gənclər üçün iş problemini həll etməkdir. Ciddi fiziki məhdudiyyətli şəxslər üçün isə xüsusi şəraitin yaxşılaşdırılması davam etdirilməlidir. Digər islahatlar isə labüddür. İndi yaranmış etirazlar isə 2017 və 2022-ci illərdə uduzmuş müxalifət üçün əla fürsət yaradıb". Qeyd edək ki, özəl sektorda işə qəbul bir neçə il ərzində aşağı nəticə göstərərsə, hökumət 15-24 yaşlı gənclər üçün dövlət tərəfindən subsidiya olunan iş yerlərinin açılması barədə planları həyata keçirəcək. Makron hökumətinin isə önümüzdəki günlərdə həmkarlar ittifaqları və işəgötürən qruplar arasında toplantı həyata keçirməsini və gənclər üçün necə iş yerlərinin yaradılması ilə bağlı danışıqlar aparması gözlənilir.

Fransa Prezidenti Emmanuel Makronun isə etirazları zorakılıqla susdurmağa əl atması aksiyaları daha da alovlandırır. Mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Etirazçıların böyük çoxluğu polis ilə qarşıdurma zamanı yaralanıb. Paris Administrasiyasının etirazlara sərt münasibətini Fransanın keçmiş daxili işlər naziri Kristof Kastaner açıq şəkildə ifadə edərək nümayişçiləri qeyri-etik dillə tənqid etmişdi. İnsan haqlarını, azadlıq, bərabərlik və qardaşlıq prinsipini "müdafiə" edən ölkənin hüquqlarını tələb edən öz xalqına belə yanaşması dünya mediasında açıq şəkildə özünə yer tapdı.

Bundan əlavə, Fransa mətbuatında yer alan xəbərlərə görə, PKK tərəfdarları da Parisdə 3 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma etiraz əlaməti olaraq Marseldə yürüş keçirmişlər. Rəsmi Paris bu hadisələrdə 31 Fransa polisinin yaralandığını mətbuata açıqlamışdı. Bir zamanlar terror qruplaşmasının dəstəkçilərinə qucaq açan Fransa indi bu aktivistlərin ölkə ərazisindəki vandallıqlarına şahid olur. Şübhəsiz ki, hadisələrin birbaşa səbəbkarı kimi Makron hökuməti təqsirləndirilir.

Fransada polis zorakılığının PKK tərəfdarlarına yox, məhz yerli əhaliyə qarşı həyata keçirilməsi düşündürücü məqamdır.

Göründüyü kimi, Fransa hökuməti terror qruplaşmalarına ölkə daxilində kirli kampaniyalar üçün şərait yaradır. Öz vətəndaşlarının təhlükəsizliyini və normal yaşayış standartlarını təmin edə bilməyən Makron rejimi terrorçu qüvvələrin böyük dəstəkçisi olmağa davam edir. Etiraz aksiyalarından da göründüyü kimi, PKK terror təşkilatı tərəfdarlarına yanaşma ilə müqayisədə öz haqlarını tələb edən Fransa vətəndaşlarına qarşı sərgilənən davranış heç də ədalətli deyil. Avropanın beşiyində insan azadlığının və humanitar qanunların keşikçisi kimi özünü qələmə verən Makron rejimi terrorçu qüvvəni təmsil edən iştirakçılara qarşı sadəcə gözyaşardıcı qazdan istifadə edir. Eyni mühafizə orqanları isə yerli vətəndaşlara plastik mərmilərlə atəş açaraq cavab verir. Bu da öz növbəsində Fransanın beynəlxalq hüquq normaları prinsiplərini pozduğunu sübut edir.

Nurlan ABDALOV,

"Respublika".