Fransa sülhə və sabitliyə kölgə salır
Siyasət

Fransa sülhə və sabitliyə kölgə salır

Ermənistanın Qarabağda "humanitar fəlakət" və "blokada"  barədə saxta və əsassız iddialarına dəstək verən Fransa yenidən Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alaraq sülhə və sabitliyə xidmət etməyən addımlar atmaqda davam edir. Məlumdur ki, Ermənistan Avropa İttifaqı tərəfindən də dəstəklənmiş Ağdam-Xankəndi yolundan istifadəyə və erməni sakinlərin nümayəndələri ilə reinteqrasiya istiqamətində görüşə dair razılıqların pozulması üçün əlindən gələni edir, həmçinin Qarabağdakı separatçı rejimin fəaliyyətini mümkün qədər uzatmaq istəyir. Bütün bunların arxasında isə rəsmi Parisin olması hər kəsə bəllidir. İşğalçı dövlətə və qondarma rejimə ümid verən, habelə BMT TŞ-nin son toplantısında müzakirə olunan məsələnin də ssenari müəlliflərindən birinin də fransız  diplomatları olması heç kəsdə şübhə doğurmur.

Artıq uzun müddətdir  ki, İrəvanın Qarabağa göndərmək istədiyi 21 yük maşınından ibarət "yardım karvanı" Ermənistan-Azərbaycan  sərhədində qalıb. Fransa bu vəziyyətdən də istifadə edərək Laçın rayonu ilə sərhədə toplaşan TIR-lara  yenilərini əlavə edəcək. Bununla da Fransa hər zaman olduğu kimi, barışdırıcı mövqedə olmayacaq, əksinə, vəziyyəti daha da gərginləşdirməyə çalışacaq.  Avqustun 30-da günorta saatlarında Laçın yoluna çatacağı gözlənilən TIR-ların bu ölkənin bəzi ictimai-siyasi xadimləri tərəfindən də şəxsən müşayiət ediləcəyi barədə də məlumatlar yayılıb.  Fransadakı Erməni Təşkilatları İttifaqının həmsədri Murad Papazyan feysbuk səhifəsində məlumat verərək bildirib ki,  Fransa Erməni Təşkilatları İttifaqının (CCAF) xahişi ilə Paris meri Fransanın regional icmalarını Qarabağa "humanitar karvan" təşkil etməyə çağırmaq təşəbbüsü ilə çıxış edib.

Digər bir məsələ də Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə təqdim etməyə hazırlaşmasıdır. Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, Qarabağ ermənilərinə "yardım" adı altında BMT Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyə hazırlaşan Makron administrasiyasının əsl məqsədi Azərbaycanın suveren hüdudları daxilində separatizmi yaşatmaq istəyidir. BMT-dəki son müzakirələrdən sonra Paris nümayəndələri bacılarına "narahat olmamaları" və qətnamə hazırladıqlarına dair xəbər göndərmişdi. Emmanuel Makronun "Laçın dəhlizinin açılması üçün təzyiq edilməlidir" sözləri də Fransanın Azərbaycan ərazisində separatizmi açıq şəkildə dəstəklədiyini göstərir.  Lakin  TŞ-nin son iclasında olduğu kimi, Fransanın təqdim edə biləcəyi bu qətnamənin də qəbulu mümkünsüz görünür. Çünki hər hansı bir qətnamənin qəbul olunması üçün səs çoxluğu ilə - ən azı 9 səs lazımdır və 5 daimi üzvdən heç biri veto qoymamalıdır. Həm də TŞ-nin 15 üzvü arasında Azərbaycanın strateji müttəfiqləri var. Avqustun 16-sı keçirilən iclasda da  əksər ölkələr neytral mövqe tutmuşdular.

Bu ölkənin parlamenti də hər zaman Azərbaycana qarşı əsassız iddialarla və heç bir hüquqi qüvvəsi olmayan qətnamələr qəbul etməklə gündəmə gəlib. Sonuncu dəfə isə 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi hökumətə müraciət edərək onlara dəstək verilməsini tələb ediblər. Bildiriblər ki, guya Azərbaycan dövləti ermənilərə qarşı "etnik təmizləmə" aparır.  Bununla yanaşı, parlament nümayəndələri prezident Makronu rəsmi Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı. Ötən il də Fransa Senatının ermənipərəst deputatları beynəlxalq hüquqazidd addım ataraq öz maraqlarını həyata keçirmək məqsədilə bütün dünyanın, eləcə də Parisin özünün qəbul edilmiş beynəlxalq-hüquqi sənədlərə əsasən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına rəğmən senatorlar Qarabağda  "humanitar xarakterli" hər hansısa "ofisin" açılmasına və orada fəaliyyət göstərməsinə can atırdılar. Bu reallığı mümkün olmayan bir təşəbbüs idi. Əsl məqsəd isə Azərbaycana qarşı yeni təzyiq dalğası yaratmaq olmuşdu. Lakin bütün bunlara baxmayaraq, istər İkinci Qarabağ müharibəsində, istərsə də postmünaqişə dövründə Fransa ilə bərabər xarici dairələrin Azərbaycana təzyiq göstərmək cəhdi uğursuzluqla nəticələnəcək. Onlar  gec-tez regionda yaranan yeni reallıqlarla barışmalı olacaqlar. Prezident İlham Əliyev məhz işğaldan azad olunmuş Laçın rayonundan bu məqsədlərə xidmət edən ölkələrə bir daha öz mesajını göndərdi: "Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq".

Musa BAĞIRLI,

"Respublika".