Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub
Digər xəbərlər

Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub

Daim ictimaiyyətlə sıx əlaqədə olan, müntəzəm şəkildə istehsal müəssisələrinə mediaturlar təşkil edən “Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq bu günlərdə media mənsublarını daha bir istehsal müəssisəsinin fəaliyyəti ilə tanış edib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan budəfəki mediaturda jurnalistlər Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikində olublar.

Fabrikin müdiri Əli Məmmədov mətbuat nüayəndələrinə kağızın təkrar emalı prosesi haqqında geniş məlumat verib. Prosesin bir neçə mərhələdən ibarət olduğunu qeyd edən mütəxəssis bildirib ki, qəbul olunan tullantılar çeşidləndikdən sonra su ilə qarışdırılaraq xəmir alınır. Növbəti mərhələdə isə alınan kütlə aparatlarda kağız halına gətirilir və buxarda qurudulduqdan sonra rulonlanır.

Fabrik müdiri istehsal prosesində istifadə edilən bütün avadanlıqların müasir texnoloji standartlara uyğun olduğunu və xaricdən gətirildiyini qeyd edib.

Əli Məmmədov bildirib ki, müəssisənin illik istehsal gücünün 50 000 ton olması ildə 850 min ağacın kəsilməsinin qarşısını alır. Belə ki, 1 ton tullantı kağızın təkrar emalı 17 ağacın mühafizəsini təmin edir.

AKKİK-ə təşkil edilən mediatur çərçivəsində fabrikdə çalışan mütəxəssislər jurnalistləri proseslə əyani tanış edərək onların suallarını cavablandırıblar.

Qeyd edək ki, 10 illik fəaliyyəti dövründə təxminən 8,5 milyon ağacın qorunmasını təmin edən fabrik “Azərsun Holdinq”in həyata keçirdiyi ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən biridir. Fabrik eyni zamanda tullantıların idarə edilməsinə dair bir çox ekoloji maarifləndirmə layihələrini reallaşdırır.

“Respublika”.