Fransa müstəmləkəçiliyinin nakam erməni arzusu
Digər xəbərlər

Fransa müstəmləkəçiliyinin nakam erməni arzusu

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusundakı toplantıda Azərbaycan Prezidenti İlham Əliyev alyans üzvlərini neokolonizmə qarşı qətiyyətli mübarizəyə qoşulmağa çağırıb.

Dövlət başçısı qeyd edib ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu bədnam irsinə qarşı qətiyyətlə mübarizə aparmalı və onun tam aradan qaldırılmasına şərait yaratmalıdır. Bu yaxınlarda Fransa polisinin Əlcəzair əsilli 17 yaşlı gənci öldürməsi fonunda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, Makron hökuməti Afrika, Cənub-Şərqi Asiya və digər yerlərdə Qoşulmama Hərəkatının üzvü olan dövlətlərə qarşı soyqırımı aktlarına görə də üzr istəməli, eləcə də Cənubi Qafqazda həyata keçirməyə çalışdığı neomüstəmləkəçilik siyasətinə son verməlidir.

Fransa özünü nə qədər demokratik ölkə kimi göstərmək istəsə də tarixdə daima müstəmləkəçilik siyasəti həyata keçirən bir dövlət kimi mövcud olub. Fransa hər zaman öz sərhədlərindən çox uzaq ərazilərə göz dikib. Fransa Əlcəzair, Qvineya, Qabon, Vyetnam, Tunis, Kambocada müstəmləkəçilik siyasəti həyata keçirib. Parisin hiyləsini anlayıb, onun hegemoniyasından uzaqlaşmağa çalışan ölkələri isə Yelisey sarayı güc yolu ilə bu fikirlərindən daşınmağa məcbur edib. Amansız müstəmləkəçilik siyasətinin əsl mahiyyətini pərdələməyə çalışan Fransa zəbt etdiyi ərazilərin coğrafiyasını 1946-cı ildən "Fransız ittifaqı", 1958-ci ildən isə "Fransız birliyi" adlandırıb. Fransanın Əlcəzairdə törətdiyi hadisələr də unudulmamalıdır. Fransa 1830-cu ildə Əlcəzairi işğal etmiş, bu prosesdə 45 min əlcəzairli həyatını itirmişdi. Bu qırğın Əlcəzairdə yeni bir dövrü başlatdı. Əlcəzair Qurtuluş Təşkilatı adıyla ortaya çıxan bir qrup həm siyasi, həm də hərbi olaraq mübarizəyə qalxdı. 31 oktyabr 1954-cü ildə Əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladı. Həmin zamanlarda ölkə xaricində Əlcəzair Respublikasının Keçici Hökuməti quruldu. Bütün bu inkişaflar Fransada siyasi böhrana səbəb oldu. Nəhayət, Fransa Əlcəzairə müstəqilliyin yolunu açacaq referendumun keçirilməsini qəbul etdi. Keçirilən referendumda xalq müstəqilliyə səs verdi. Beləcə, Əlcəzair fransız müstəmləkəsindən xilas oldu, 1962-ci ildə müstəqilliyini qazandı. Əlcəzair tək belə nümunə deyil. Fransa ölkələrin hərbi, iqtisadi, siyasi və mədəni varlıqlarını məhv edərək onları öz müstəmləkəsinə çevirib, nəticədə ərazilərini genişləndirib. Amma Paris bu siyasətinin bədəlini hələ də ödəyir. Çünki keçmiş müstəmləkələrdə yaşayan miqrantların nəvələri indi Fransada yaşayır və onlar ölkədə çoxluq təşkil edən elektoratlardır. Onların öz haqlarını tələb etmələri isə Makronun ölkəni idarə etməsini çətinləşdirir.

Eyni zamanda, Fransa Ermənistanda müstəmləkəçilik siyasəti həyata keçirməklə Cənubi Qafqaza daxil olmaq istəyir. Amma Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən sonuncu iclasında dedi ki, Fransa öz biabırçı keçmişinə görə vaxtilə müstəmləkə halına saldığı ölkələrdən üzr istəməli, ölkələrin daxili işlərinə qarışmamalı və Ermənistandan bir rıçaq kimi istifadə etməkdən əl çəkməlidir. Aydın məsələdir ki, Fransa öz ərazisində cəmləşmiş nəhəng erməni şirkətlərindən əldə etdiyi mənfəətə görə Azərbaycana qərəzli mövqedə dayanır. Amma bu cəhdlər nəticəsiz qalacaq. Dünyada qlobal güc beynəlxalq hüquqdan üstün olsa da, bəzi ölkələr bu neqativ tendensiyanı məhv edir, öz daxili və xarici siyasətlərini azad şəkildə formalaşdırır. Bunlardan biri də öz gücünə müstəqillik qazanan, ərazilərini işğaldan azad etməyə müvəffəq olan suveren Azərbaycandır.

Jalə QASIMZADƏ,

"Respublika".