Fransa məğlub Ermənistanı silahlandırır
Siyasət

Fransa məğlub Ermənistanı silahlandırır

Ölkəmizə qarşı səlib yürüşünə keçən Fransa Ermənistana siyasi dəstək verməklə yanaşı, hərbi dəstəyini də əsirgəmədi. Təcavüzkar ölkəni silahlandırmağa başlayan bu ölkə artıq 3 ildir ki, sülh müqaviləsinin imzalanmasına mane olur. Bildiyimiz kimi, Fransa və Ermənistan arasında hərbi saziş imzalandı. Bu silahlar "müdafiə xarakterlidir" və Fransa Ermənistanı başqa ölkəyə qarşı silahlandırmadığını sübut etməyə çalışır.

Rəsmi açıqlanan silahların müdafiə məqsədli olması Ermənistanın sərhədboyu təxribat törətməyəcəyinə və hərbi hədəflərdən daha çox, siyasi hədəflərə hesablanmış eskalasiya yaratmayacağına zəmanət verə bilməz. Ermənistanın müdafiə sisteminin zəif yeri hava hücumundan müdafiə qabiliyyəti idi, görünür, öncə bu boşluğu doldurmağı planlaşdırırlar. İmzalanan saziş bu fonda ilk addım idi. Sonrakı mərhələdə deyə bilərik ki, Fransanın Ermənistana hücum silahları verəcəyi də istisna deyil. Zənnimcə, Fransa silahların verilməsi ilə yanaşı, Ermənistan ordusunda kadr hazırlığını da həyata keçirəcək və təcrübə mübadiləsi aparılacaq.

Fransanın Ermənistana verdiyi silahlar Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığına təhdid yaradacağı təqdirdə Azərbaycan bu təhdidləri aradan qaldırmaq üçün zəruri olan bütün addımları atacaq. Parisin Ermənistana silah ixrac etməsi birmənalı olaraq Qafqazda mövcud olan həssas və kövrək sülhə ciddi zərbə endirir. Bu, heç bir halda Ermənistanı sülh sazişi imzalamaq istiqamətində fəaliyyətinə müsbət təsir etməyəcək. Və nəticə etibarilə Ermənistan Fransanın bu addımlarından cəsarətlənərək əvvəlki illərdə olduğu kimi, hərbi təxribatlarına davam edəcək. Bu isə Azərbaycanı birmənalı şəkildə perventiv və ya əks cavab tədbirləri görməyə yönəldəcək. Parisin məqsədi Rusiyanı Ermənistandan çıxarmaqla bərabər öz iştirakını Ermənistan ərazisində həyata keçirmək və yeni toqquşmalara və hətta hərbi əməliyyatların bərpasına nail olmaqdan ibarətdir. Fransanın bu siyasəti Cənubi Qafqazda hərbi gərginlik riskini artırmaqla yanaşı, hərbi sahədə yeni "dayaq" tapan Ermənistanı sülh danışıqlarında tələblər irəli sürməyə və prosesi uzatmağa da sövq edir. Ölkə başçımızın da dediyi kimi, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.

Ədalət VERDİYEV,

hərbi ekspert.