Ölkəmiz bütün məsələlərdə ədalətli mövqedən çıxış edir
Siyasət

Ölkəmiz bütün məsələlərdə ədalətli mövqedən çıxış edir

Bu il oktyabrın 7-də "Həmas"ın hücumu ilə İsrail-Fələstin münaqişəsi yenidən gərginləşib. Tərəflərdən minlərlə ölən, yaralananlar var. İsrail-Fələstin münaqişəsi ötən əsrin ortalarında başlayıb.

1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Yerusəlimin (Qüds) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verildi. İsrail qəbul etsə də, bəzi ərəb ölkələri buna qarşı çıxdı.  Nəticədə tərəflər arasında münaqişə yarandı. Sonradan bəzi ərəb ölkələri də BMT kimi İsraili müstəqil dövlət kimi tanıdılar. Fələstin isə hazırda BMT-də müşahidəçi statusuna malikdir. Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

İsrail-Fələstin münaqişəsinin yenidən alovlanması və gərginliyin artması narahatlıq doğurur. İlk növbədə, həm 44 günlük Vətən müharibəsində bizə dəstək olmuş İsrailin bu prosesdə olması, eyni zamanda müsəlmanların bu münaqişədə tərəf olaraq iştirak etməsi həqiqətən də çox ağrılıdır. Xüsusilə də Qəzza bölgəsində uşaqların, qadınların, dinc sakinlərin öldürülməsi, eyni zamanda İsrail ərazisində günahsız şəxslərin qətlə yetirilməsi qəbuledilən deyil. Ən qorxulusu isə odur ki, proseslərin davam edəcəyi təqdirdə münaqişənin daha böyük coğrafiyaya yayılma ehtimalı var. "Həmas"ın İsrailə gözlənilmədən hücuma keçməsi burada başqa tərəflərin iştirakını və bu münaqişənin qızışmasında maraqlı olduqlarını söyləməyə imkan verir. İstənilən halda beynəlxalq hüquq normalarına mütləq əməl olunmalıdır. Fələstin-İsrail münaqişəsi qlobal problemə çevrilib. Sanki dünyada yenidən güclərin bölüşdürülməsi uğrunda mübarizə gedir və nəticədə isə uşaqlar və qadınlar öldürülür. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi çox ədalətlidir. Biz istəyirik ki, ən qısa zamanda münaqişə sülh yolu ilə öz həllini tapsın və ümid edirəm ki, belə də olacaqdır.

Naqif Həmzəyev,

milət vəkili.