Fransa  Azərbaycana yönəlik siyasətini dəyişməlidir
MÜSAHİBƏLƏR

Fransa  Azərbaycana yönəlik siyasətini dəyişməlidir

Fransa Senatının 22 noyabr tarixli qətnaməsinin ardınca, Milli Assambleyanın analoji qərar qəbul etməsi ölkəmiz əleyhinə növbəti təxribatdır və Azərbaycan xalqı heç bir halda bununla barışa bilməz. 

Senatın 348 üzvündən 3-ü müstəqil, 345-i isə 9 siyasi partiyanı təmsil edən senatordan ibarətdir. Milli Assambleyanın 577 üzvündən 322-si 5 fərqli müxalifət partiyasını, 250 deputat 3 hökumətyönlü partiyanı təmsil edir. 5 nəfər isə bitərəfdir. 

Haqlı olaraq belə bir sual yaranır. Necə ola bilər ki, Fransa kimi dövlətdə bir-birinə zidd ideoloji xəttə mənsub siyasi partiyaların təmsil olunduğu Senatda və Milli Assambleyada qanunsuz qətnamələr yekdilliklə qəbul olunur. Beynəlxalq hüququn normaları tapdanır. Bəlli mərkəzdən verilmiş bir komanda ilə coğrafi baxımdan kifayət qədər məsafədə yerləşən suveren dövlətin daxili işlərinə müdaxilə olunur. Alternativ fikrə imkan verilmir. Fransanın dövlət maraqları bir qrup cinayətkar erməni diasporasının maraqlarına qurban verilir. 

Yaxşı olardı ki, qətnamələri qəbul etməzdən əvvəl Fransa parlamentariləri Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər edə, öz gözləri ilə ermənilərin  30 illik vəhşiliklərini və əsl təcavüzkarın kim olduğunu görərdilər. 

Fransa BMT TŞ-nin 5 daimi üzvündən biridir və bu təşkilat tərəfindən yekdilliklə Ermənistanın təcavüzkar dövlət kimi rəsmiləşdirildiyi 4 qətnamə qəbul edilmişdir. Lakin Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi nəticəsində münaqişə həllini tapmamış və Azərbaycan təkbaşına ərazi bütövlüyünü bərpa etmişdir. 

Müharibədən sonra yaranmış yeni reallıqlar, Azərbaycanın beynəlxalq nüfuzunun günü-gündən artması, qardaş Türkiyənin 100 ildən sonra Cənubi Qafqaza qayıdışı və Yaxın Şərqdə, Afrikanın şimalında, Aralıq dənizində mövqelərinin möhkəmlənməsi Fransanı ciddi şəkildə narahat etməyə başladı. 

İyirmi birinci əsrdə müstəmləkəçilik siyasətini davam etdirən, təbii sərvətlərini talamaqla əsarətdə saxladığı xalqlara qarşı kütləvi soyqırımları, qətliamlar törədən Fransanın reytinqi kəskin şəkildə aşağı düşməkdədir. Bir çox ölkələrdə Fransayönlü hökumətlər dəyişdirilir. 

Beynəlxalq müstəvidə əzəli rəqibi olan Türkiyə əleyhinə təbliğat aparan Fransa siyasi isteblişmenti “türkfobiya”, “islamofobiya” elementləri ilə öz cəmiyyətini zəhərləməkdə davam edir. Ölkənin əksər KİV-ləri fasiləsiz olaraq Azərbaycan əleyhinə təbliğat aparır. İslam dini sıxışdırılır. Məscidlərin fəaliyyətinə kobud müdaxilələr edilir. 

Təbii ki, bütün bunlar özünü hüquqi dövlət, demokratik cəmiyyət adlandıran bir ölkə üçün ən azından utancvericidir. Qərəzli və ikili standartların təcəssümüdür. Ən təhlükəlisi isə Cənubi Qafqaz regionunda separatçılığın yenidən alovlanmasına, sülhün əldə olunmasına ciddi maneədir. 

Ancaq Fransa bir şeyi unudur. Azərbaycan əvvəlki zəif dövlət deyil, güclü ordusu, qətiyyətli lideri, beynəlxalq münasibətlər səviyyəsində etibarlı tərəfdaşları, dostları var. Postsovet məkanında öz torpaqlarını azad edən yeganə dövlət olması bunu bir daha sübut etdi. 

Hesab edirəm ki, Fransa körpüləri tam yandırmamalı, Azərbaycana yönəlik siyasətində dəyişiklik etməlidir

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.