Fransa Azərbaycana qarşı proksi müharibəyə başlayıb
Digər xəbərlər

Fransa Azərbaycana qarşı proksi müharibəyə başlayıb

Son bir neçə gündə Ermənistanın yenidən atəşkəs rejimini pozması Azərbaycan ilə olan şərti sərhəddə vəziyyəti gərginləşdirib. Ermənistan silahlı qüvvələrinin hücum PUA-larının idarə edilməsində istifadə olunan mülki avtomobilin zərərsizləşdirilməsi zamanı baş verən partlayışdan sonra hərbi geyimdə olmayan şəxsin erməni əsgərlərindən fərqli olaraq NATO standartlarına uyğun olan peşəkar hərəkətləri video görüntülərlə qeydə alınıb. Artıq bu mülki şəxsin fransalı hərbçi olması heç bir şübhə doğurmur.

Məsələyə münasibət bildirən politoloq İlyas Hüseynov açıqlamasında bildirib ki, Fransanın açıq-aşkar ermənipərəst mövqeyi uzun müddətdir özünü göstərir. ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində Fransanın fəaliyyəti hər zaman böyük təəssüf doğurub Azərbaycanda böyük narahatçılıq yaradıb. Vətən müharibəsində Fransanın siyasi rəhbərliyi Azərbaycana qarşı qərəzli mövqedə idi. Digər tərəfdən, postmüharibə dövründə Fransa parlament səviyyəsində ölkəmizə qarşı bir sıra hücumlar təşkil edirdi. heç bir əsası olmayan qətnamələr qəbul olunmuşdu. Hətta Fransanın təsirində olan digər Avropa dövlətləri bu ölkənin siyasi sifarişlərini yerinə yetirirdilər. Artıq biz görürük ki, hərbi sahədə Fransa dövləti Ermənistana yardım etməkdə qərarlıdır. Bu xüsusda qeyd edək ki, Fransanın İrəvanda olan səfirliyinə hərbi attaşenin təyin olunması birbaşa olaraq düşmənlərimizə göndərəcəyi silahlarla bağlıdır. Təyin olunmuş hərbi attaşe bu prosesi kurasiya edəcəkdir. Digər tərəfdən bu istiqamətdə danışıqlar Ermənistanın keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan fransalı həmkarı arasında keçirilmişdir. Ardınca ötən ilin sentyabrında müdafiə naziri Suren Papikyanla fransalı həmkarı arasında bu danışıqlar daha da gücləndirildi. artıq biz görürük ki, NATO hərbi blokuna daxil olan, BM Təhlükəsizlik Şurasının üzvü, nüvə dövləti olan Fransa Ermənistana yardım etməkdə qətiyyətlidir. Bütün bunlardan aydın olur ki, Paris siyasi rəhbərliyi əsas istiqamət kimi müxtəlif bölgələrdə, xüsusilə Afrikada itirilmiş mövqelərini Cənubi Qafqazda möhkəmləndirmək istəyir. Digər tərəfdən, daxildəki güclü erməni lobbisi Emmanuel Makrondan çox tutarlı addımlar atılmasını tələb edir. Hərbi seqmentin işə salınması məqsədilə təzyiqlər formalaşdırılır. O cümlədən mediada, sosial şəbəkələr müstəvisində bu cür təbliğat aparılır. Bu ölkə tərəfindən Azərbaycana qarşı atılan məkrli addımlardan biri Ermənistan ordusunun təkmilləşdirilməsinə kömək edilməsi, erməni hərbçilərinə təlimlərin seminarların keçirilməsidir. Bir neçə gün öncə baş verən hərbi-siyasi təxribatda biz yayılan videogörüntülərdə qarşı tərəfdə olan bir şəxsin hazırlıqlı, NATO standartlarına uyğun davrandığını gördük. Bu bir daha sübut edir ki, Fransa ordu potensialı ilə Ermənistan ordusunu daha da gücləndirir. Beləliklə, revanşizm əhvali-ruhiyyəsinin yayılmasına xidmət edir.

Musa BAĞIRLI,

"Respublika".