Fermerlərə böyük dəstək
İqtisadiyyat

Fermerlərə böyük dəstək

Dövlətimiz aqrar sahəni inkişaf etdirmək üçün fermerlərə hərtərəfli dəstək verir. Bunun bir yolu da sığorta ödənişləridir. Buna görə də kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı salınıb. Aqrar Sığorta Fondunun İdarə Heyəti bununla bağlı qərar qəbul edib. Yeni qərara əsasən heyvanların baza təminatlı və geniş təminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17 və 8,19 faiz müəyyən edilib. Xatırladaq ki, indiyədək bu tariflər müvafiq olaraq 6,1 faiz və 9,5 faiz həddində idi.

Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək. Belə ki, indiyədək qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi. Dəyişiklikdən sonra isə həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyədək 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata enib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, hətta oğurluq, soyğunçuluq və quldurluq hallarından sığorta edilir.

Aqrar Sığorta Fondu əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanları - mal-qara və xırdabuynuzlu heyvanları da sığorta edir. Aqrar sığorta vasitəsilə südlük və ətlik inək-camışları, qoyun və keçi təsərrüfatlarını çoxsaylı risklərdən qorumaq mümkündür. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini onların əvəzinə dövlət ödəyir.

Nəriman CAVADOV,

"Respublika".