Fədakarlıq, şəfqət, çeviklik
Səhiyyə

Fədakarlıq, şəfqət, çeviklik

Hər il iyunun 17-də tibb işçilərinin peşə bayramı qeyd edilir. Bu gün səhiyyə işçilərinin yorulmaz fəaliyyətini və əldə etdikləri nailiyyətləri diqqətə çatdırmaq üçün xüsusi imkan yaradır.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Tibb işçiləri kritik anlarda fədakarlıq göstərərək insanların həyatını xilas edir, səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün yorulmadan çalışırlar.

Mən bir həkim kimi çalışmaqdan böyük qürur hissi duyuram. Uşaq vaxtından hər bir kəs böyüyəndə hansı peşəni seçəcəyini müəyyənləşdirir. Mən də uşaqlıdan həkim olmaq istəmişəm. Çarəsiz insanların ağ xalatlı, gülərüz həkimləri görəndə gözlərində yaranan sevinc hissi sonralar bu peşəyə yiyələnmək həvəsimi artırdı. Son yüz illiyin ən güclü pandemiyası olan COVİD19 yaddaşımda dərin iz buraxdı. Bu pandemiyada tibb işçilərimiz “son günlərini yaşayır” deyilən neçə-neçə xəstəyə ümid işığı oldu, çoxlarını həyata qaytardı.

İlk dönəmdə təcili yardım həkimi olaraq fəaliyyətə başlamaq mənə qısa zaman ərzində sadəcə deyilən şikayətlər əsasında, bəzən də çətin şəraitdə düzgün diaqnozun qoyulmasında, xəstəyə təcili yardım göstərilməsində böyük təcrübə oldu. Çətin şərait, zaman azlığı, insanlardakı aqressiya, tıxac problemi işimizin ən çətin tərəflərindəndir. Peşəmlə bağlı qürur hissi keçirdiyim anlardan biri də bir qadına ən gözəl duyğu olan analıq hissinin yaşadılmasında iştirak etməyimdir. Sənin yardımınla bir körpənin dünyaya gəlməsi doğrudan da xoşbəxtlikdir.

Düşünürəm ki, çətin vəziyyətdə daha operativ olmaq, qısa zaman kəsiyində ən doğru qərarı qəbul etmək, stress altında işləmə bacarığı bu peşəni icra etmək üçün mühüm amillərdir. Bütün bu bacarıqlarla yanaşı, komanda ilə işləmək bacarığı daha vacibdir. Çünki fövqaladə hallar zamanı zərər çəkmişə ilkin diaqnozun qoyularaq tibbi müdaxilənin edilməsi, anında xəstənin təxliyyə olunması çevik, birgə, operativ komanda şəklində işləməyi tələb edir. Tibb işçilərinin peşə bayramı dünyanın hər yerində qeyd edilən müqəddəs peşə bayramlarından biridir. Həmkarlarımla birgə bu qürurverici peşəni yerinə yetirdiyimiz üçün sevinc hissi keçiririk. Gənclərimizə ilk növbədə sağlam həyat tərzi yaşamağı, həkim olmaq istəyənlərə isə güclü iradə, insanlığa böyük sevgi və rəğbət bəsləməyi tövsiyyə edirəm. Arzum gələcəkdə peşəmi inkişaf etdirib, insanlara daha yaxşı və keyfiyyətli xidmət göstərməkdir.

Nuranə Əsgərova,

həkim.