Fahrettin Altun: Türkiyənin müdafiə sənayesinin uğurları hərbi çəkindirmə potensialına töhfədir
Siyasət

Fahrettin Altun: Türkiyənin müdafiə sənayesinin uğurları hərbi çəkindirmə potensialına töhfədir

Türkiyə müdafiə kompleksini inkişaf etdirmək istiqamətində səylərini davam etdirəcək.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altunun sosial şəbəkələrdəki paylaşımında deyilir.

F.Altun vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın yerli müdafiə sənayesini dəstəkləmə siyasəti sayəsində Türkiyə hərbi çəkindirmə potensialını artırır.

Türkiyə Prezidenti Administrasiyasının nümayəndəsi yerli müdafiə şirkətlərinin uğurunun daha bir bariz nümunəsi kimi beşinci nəsil KAAN hərbi təyyarəsinin ilk uçuşunu göstərib. O qeyd edib: “Türkiyə müdafiə kompleksinin hər bir uğuru ilə fəxr edirik. Son 20 ildə əldə olunan nailiyyətlər həm ölkəmizə qarşı təhdidlərin qarşısını almaq imkanlarını artırır, həm də Türkiyənin tərəfdaş və müttəfiqlərinin təhlükəsizliyinə mühüm töhfə verir”.

Şöbə müdiri vurğulayıb ki, Ankara hərbi doktrinalarda gedən dəyişiklikləri nəzərə alaraq, öz imkanlarını və yanaşmalarını adekvat şəkildə buna uyğunlaşdırır. O yazıb: “Bölgədə sülh və sabitliyə töhfə verməyə çalışan bir ölkə olaraq, Türkiyənin müdafiə kompleksini inkişaf etdirməyə davam edirik. İstənilən hadisəyə hazır olmalıyıq. Bu, geosiyasi zərurətdir”.