Ərzaq təhlükəsizliyinin əsas təminatçısı
İqtisadiyyat

Ərzaq təhlükəsizliyinin əsas təminatçısı

Son illərdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və icra olunan Dövlət proqramları nəticəsində iş adamları yeni zavod, fabrik və digər istehsal müəssisələri yaradır, bununla da respublikamızın iqtisadi potensialı güclənir, özəl sektor inkişaf edir və ən əsası isə işsizlik problemi aradan qaldırılır. Dövlət başçısının yürütdüyü uğurlu aqrar siyasət regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb. Prezidentin 2014-cü ildə imzaladığı müvafiq Fərmanla aqroparkların yaradılması da məhz bu problemlərin aradan qaldırılmasına yönəlib. Aqroparklar fermer təsərrüfatlarının idarə olunmasının mütərəqqi aqrar-sənaye üsuluna keçidinin inteqrasiyasını, məhsuldarlığın artırılmasını və saxlanma şəraitinə görə itkilərin azaldılmasını, ixrac coğrafiyasının genişləndirilməsini və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara sabit və etibarlı çıxışını təmin etməyə müsbət təsir göstərir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik olan aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırır.

Bu istiqamətdə ilk olaraq 2014-cü ildə Xaçmazda “Yalama Aqropark”, Şəmkirdə “Şəmkir Aqropark” və Cəlilabadda “Günəşli Aqropark” fəaliyyətə başlayıb. 2018-ci ilin oktyabrında İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev aqroparkların əhəmiyyətindən danışarkən onların sayının artırılacağını deyib.

İşğaldan azad edilmiş ərazilərdə aqroparkların yaradılması da əsas məsələ kimi qarşıda durur. 2022-ci il oktyabrın 20-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Prezident İlham Əliyevlə birlikdə “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak edib. Dövlət başçısı dekabrın 2-də isə Oğuz və Şəki rayonlarına səfəri zamanı “Şəki-Oğuz” Aqroparkında görülən işlərlə tanış olmuşdur. 11 min hektar sahəsi olan bu aqropark bağçılıq və əkinçilik üzrə fəaliyyət göstərir. Burada əsasən qoz, badam və zeytun bağları salınır, taxıl bitkiləri əkilir. Layihənin ümumi dəyəri 30 milyon manat təşkil edir. Aqroparkda dünya təcrübəsinin öyrənilməsi də diqqət mərkəzindədir. Bu məqsədlə 2017-ci ildən başlayaraq “Aqroinkişaf 2017” MMC tərəfindən ölkəmizdə sənaye üsulu ilə qoz istehsalını həyata keçirmək üçün ABŞ-ın fermer təsərrüfatlarının və Avstraliyanın “Webster” şirkətinin təcrübəsi əsas götürülüb. Bu təcrübə hesabına aqroparkda 2 min hektar ərazidə damcı suvarma sistemi qurulub, 3 meteostansiya, fitolaboratoriya, ting istehsalı üçün soyuducu kameralar, mexanizasiya sahələri və anbar tikilib. Aqropark fəaliyyətə başladığı qısa müddətdə geniş badam bağı salınıb, on tondan artıq məhsulun satışı reallaşdırılıb.

“Şəki-Oğuz” Aqroparkının torpaq sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə layihə tərtib olunub. Layihənin ümumi dəyəri 58 min 998 manatdır. Prezident İlham Əliyev aqroparkın torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış olmuş və “Şəki-Oğuz” Aqroparkında yeni zavodun təməlini qoymuşdur. Əldə olunmuş məhsulun beynəlxalq standartlara uyğun şəkildə satışını təşkil etmək məqsədilə qozun yuma, qurutma, çeşidlənmə və qablaşdırma zavodu ABŞ şirkətilə birgə layihələndirilib.

Yeri gəlmişkən deyək ki, aqroparklar məşğulluq səviyyəsinin artmasında da mühüm rol oynayır. Bunu hazırda ölkədə fəaliyyət göstərən aqroparklarda çalışan işçilərin sayı da göstərir. Dövlət başçısı dünyada geniş yayılan bu təsərrüfat sisteminin əhəmiyyətindən danışarkən deyib: “Mən hesab edirəm ki, bu aqroparklar nəticəsində biz ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll edəcəyik. Bu aqroparklarda ət, quş əti, süd, yem, buğda, arpa, soya istehsalı da nəzərdə tutulur. Bu aqroparklara 183 min hektar torpaq ayrılıb. Burada biz çox yüksək məhsuldarlıq gözləyirik...”.

Zümrüd QURBANQIZI,

“Respublika”.