Ermənistanın siyasi şousu davam edir
Digər xəbərlər

Ermənistanın siyasi şousu davam edir

Son zamanlar Ermənistan tərəfinin Azərbaycan Respublikasının sərhəd ərazilərində, xüsusilə də Laçın dövlət sərhədində törətdiyi qarşıdurmalar və münaqişələr sülh prosesinə ciddi təhlükələr yaradır və şovinist Ermənistan hakimiyyətini çıxılmaz vəziyyətə salır.

Hələ Laçın sərhəd-buraxılış məntəqəsinin açıldığı ilk günlərdən etibarən Ermənistan hakimiyyətinin və sülhü istəməyən xarici qüvvələrin bu yol vasitəsilə qondarma xunta rejiminə humanitar yardım adı altında hərbi yüklər, silah-sursat daşımasını Azərbaycan üçtərəfli Bəyanatın pozulması kimi qiymətləndirmiş və qətiyyətli addımlar atmışdır. Bu kimi yolverilməz halların qeydə alınmaması üçün Ağdam-Xankəndi yolundan istifadə təklifini irəli sürmüş və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də bu təşəbbüsü dəstəklədiyini bildirmişdir. Lakin səriştəsiz Ermənistan rəhbərliyi bu yolun açılmasına etiraz edir. Qarşı tərəfin göstərdiyi spekulyativ və qərəzli səbəblər isə onların xislətini bir daha sərgiləyir. Əvvəlcə iyul ayının 14-də separatçıların oturaq aksiya keçirməsi, iyulun 19-da isə erməni əsilli milyarder Ruben Vardanyanın rəhbərliyi altında bir neçə muzdlunun Ağdamdan Xankəndiyə gedən yolu beton pilitələrlə bağlaması Ermənistanın oyunlarının bir hissəsidir. Ölkəmizin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində bu mənfur əməllər bir daha ifşa edilmiş və qarşı tərəf geri addım atmağa vadar olmuşdur.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozmağa davam edən mənfur düşmən humanitar məqsədlər üçün açıq olan Laçın yolundan öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Eyni zamanda Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini yerinə yetirmədilər. Əksinə, ərazilərin minalanmasını, separatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Üstəlik, təbii sərvətlərimizin talan edilərək bu yol vasitəsilə Ermənistana daşınmasını davam etdirdilər. Müharibədən əvvəl işğaldan azad edilmiş tarixi torpaqlarımızı qanunsuz silah-sursat anbarları və narkotika yuvasına çevirən ermənilər indi də bu mənfur əməllərini gerçəkləşdirmək üçün yeni yollar axtarırlar. BQXK-nın "humanitar yük" adı altında Qarabağ ərazisinə keçirməyə çalışdıqları silah-sursat onların xislətlərindən xəbər verir.

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Laçın yolundan başqa digər yolların açılmasının 10 noyabr üçtərəfli Bəyanatının müddəalarına zidd olduğunu bildirmiş və buna icazə verməyəcəklərini qeyd etmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistan tərəfinin açıqlamasına dair verdiyi şərhdə Ararat Mirzoyanın bu ifadələrini "aqressiv ritorika" adlandırıb. Görünən odur ki, bacarıqsız hakimiyyət onlara verilən dərslərdən heç bir nəticə hasil etməyib. Azərbaycan Respublikasının humanistcəsinə "öz ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək" fikri və bu istiqamətdə atdığı addımlar görünür acgöz düşmənə bəs etməyib.

Analitik şərhçilər Ermənistan rəhbərliyinin bu yolun açılmasına etirazını tamamilə hakimiyyətin öz maraqlarını müdafiə etməsi kimi əsaslandırırlar. Onların fikrincə, Ermənistan əhalisi hakimiyyətin geri addım atmasını qəzəblə qarşılayacaq və bu proseslərin xronoloji ardıcıllığı hakimiyyəti istefaya aparacaq. Bu baxımdan ermənilər başa düşməlidirlər ki, bu yolun açılması ilə gedişlər və yükdaşımaları daha ucuz və sərfəli başa gələcək, həmçinin Xankəndidəki erməni əsilli əhalinin reinteqrasiya prosesi sürətlənəcək. Şərhçilər bu etirazın bir səbəbini isə Ağdam-Xankəndi yolunun açılmasının separatçı rejimin yenidən dirçəldilməsi xəyallarının üstündən xətt çəkilməsi və buraya nəzarətin mümkünsüz olacağı anlamında görür.

Laçın dövlət sərhədi yalnız humanitar məqsədlər üçün istifadə oluna bilər və yol açıqdır. Bunu "Euronews" televiziyasına müsahibəsində Prezident İlham Əliyev bir daha vurğulayıb: "...Hazırda da hərəkət etmək azadlığı bloklanmayıb. Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib".

Tarixə nəzər salsaq görərik ki, hələ Sovet İttifaqı dövründən Qarabağ erməniləri gündəlik tələbat mallarını, o cümlədən ərzaqlarını almaq üçün Xankəndi-Ağdam yolu ilə Ağdam bazarına gəlirdilər. Ötən əsrin 70-ci illərində bu yoldan təhlükəsiz şəkildə istifadə edən ermənilərin indi bu təşəbbüsə sərt reaksiya verməsi tamamilə absurddur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəni 44 günlük müharibədə zəfərə aparması və beynəlxalq arenada uğurlu çıxışları Ermənistan hakimiyyətini qorxuya salmış, onların acizliyini bir daha göstərmişdir. Cəbhədə törədilən təxribatlar, sərhəd məntəqəsində baş verən qanunsuz əməllər sülhə zərbə vurmaqdan başqa bir şey deyil.

 Nurlan ABDALOV,

 "Respublika".