Ermənistanın Qarabağ planlarının növbəti fiaskosu
Digər xəbərlər

Ermənistanın Qarabağ planlarının növbəti fiaskosu

Separatçıların əksəriyyəti bölgəni tərk edir. Belə ki, avqustun 21-də Xankəndi-Gorus istiqamətində Laçın sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Görünür, artıq onlar Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklərini anlayırlar.

Qeyd edək ki, üçtərəfli Bəyanatdan sonra bölgədəki ermənilər əbədi olaraq Qarabağda qalmaq iddiaları ilə çıxış etdilər. Bununla haylar Azərbaycan torpaqlarında öz terrorçuluq fəaliyyətini davam etdirmək məqsədi güdürdülər. Lakin Ermənistan və havadarlarının Qarabağdakı çirkin planları növbəti dəfə fiaskoya uğradı.

Azərbaycan ərazisini separatçıların tərk etməsi müsbət haldır. Məsələdə diqqətçəkən digər bir məqam isə prosesin könüllü xarakter daşımasıdır. Qarabağ iqtisadi rayonunda məskunlaşan ermənilərlə bağlı dövlətimiz dəfələrlə müxtəlif təkliflərlə çıxış edib. Azərbaycan tərəfi ermənilərin qanunlarımız çərçivəsində ərazilərimizdə yaşaya biləcəklərini dəfələrlə bəyan edib.

Ərazidə digər bir qüvvə isə Qarabağdakı "rus icması"dır. Bu icma nəinki Xankəndidəki separatçılarla əlbir olub, hətta bölgədəki separatizmi də alovlandırıb. Hətta sosial şəbəkələrdə Rusiya vətəndaşlığı ilə bağlı pasportların paylanılması barədə bir sıra şayiələr də yayılmışdı. Amma separatçıların Qarabağı tərk etməsi onların Azərbaycandakı "russkiy mir" ("rus dünyası") iddiasının da baş tutmadığının göstəricisidir.

2020-ci il noyabrın 10-da imzalanan Bəyanata əsasən Rusiya sülhməramlıları Ermənistan silahlı qüvvələrinin bölgədən çıxarılmasının icrasına başlamalı idi. Amma bu, baş tutmadı. Sülhməramlılar Qarabağa Ermənistandan hərbi təyinatlı məhsulların və texnikaların daşınmasına da göz yumurdu. Hətta sülhməramlılar erməniləri Qarabağa gətirir, eləcə də onlara ərzaq paylayır, yardım kampaniyası adı altında müxtəlif işlər görürdülər. Təbii ki, bu fəaliyyətlərin heç biri sülhməramlı kontingentin missiyasına aid deyil. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib ki, Qarabağdakı ermənilər ya Azərbaycan qanunları çərçivəsində yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Başqa sözlə desək, onların reinteqrasiyadan başqa çıxış yolu yoxdur. Bundan başqa, Laçın sərhəd-buraxılış məntəqəsi təsis olunduğu gündən bəri cəmi iki gün istisna olmaqla (erməni təxribatları səbəbindən) Qarabağın erməni sakinləri üçün daim açıq olub. Yalnız Hayastanın Həkəri çayı üzərindəki körpüdə silahlı təxribatının nəticələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) qaçaqmalçı fəaliyyəti ilə bağlı tədqiqat aparılarkən məntəqənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Daha sonra müvafiq prosedurlar həyata keçirilib və buraxılış məntəqəsi yenidən fəaliyyətini bərpa edib. Sonrakı günlərdə isə erməni əsilli şəxslərin sərbəst keçidi sivil qaydada təmin edilib. Prosesə Rusiya sülhməramlıları ilə yanaşı, BQXK rəsmiləri də şahidlik edib. Həmçinin bütün keçidlər fakt kimi ölkəmiz tərəfindən audiovizual qaydada sənədləşdirilib. Təəssüf ki, belə bir vəziyyətdə Hayastan və onun havadarları məntəqənin açıq olması barədə məlumat belə yayımlamayıblar.

Avqustun 16-da Ermənistanın təkidi ilə BMT TŞ-nin baş tutan iclasında hayların və onların havadarlarının növbəti dəfə uğursuzluğundan sonra separatçıların Qarabağı tərk etməsi heç də təsadüfi deyil. Çünki iclas çərçivəsində Ermənistan növbəti dəfə rəzil duruma düşdü. Daha dəqiq desək, hayların yalanları bir daha ölkəmiz tərəfindən ifşa olundu. Şübhəsiz, separatçıların ərazilərimizdən getməsinin Laçının guya blokadada olması ilə bağlı sərsəm iddialar Ermənistanın beynəlxalq arenadakı "nüfuzunu" bir daha yerlə-yeksan etdi.

 BMT TŞ-nin son iclası, həmçinin Qarabağ ermənilərinin heç bir hüququnun pozulmadığını da göstərdi. Azərbaycan tərəfindən təqdim edilən faktlarda onların toy edib, videolar çəkib, restoranlardan və əyləncə məkanlarından şəkillər paylaşdığını açıq şəkildə görmək mümkün idi. Bu, erməni yalanının növbəti ifşası idi.

Nəzrin ELDARQIZI,

"Respublika".