Ermənistanın hər hansı beynəlxalq tədbirə evsahibliyi etməsi hələ çox tezdir
Digər xəbərlər

Ermənistanın hər hansı beynəlxalq tədbirə evsahibliyi etməsi hələ çox tezdir

Aprelin 14- Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılışında Dövlət Bayrağımızın rəsmi akkreditasiyadan keçmiş şəxs tərəfindən yandırılması birbaşa barbarlıq əməlidir. Belə hərəkətlərlə aydın görünür ki, Ermənistan sivilizasiyadan hələ xeyli uzaqdır. Bu ölkənin hər hansı beynəlxalq tədbirə ev sahibliyi etməsi çox tezdir. Ona görə beynəlxalq təşkilatlar bunu nəzərə almalıdır. Azərbaycan saysız-hesabsız bundan daha mötəbər idman yarışlarını nümunəvi şəkildə keçirib, heç bir xoşagəlməz hadisə baş verməyib. Dünyanın idman ictimaiyyəti bunu həmişə etiraf edib.

Azərbaycan uzun illər bu ölkəni sülhə dəvət etdi, amma onlar işğalçı, xain xislətlərindən əl çəkmədilər, getdikcə hədlərini daha çox aşdılar. Bu gün onlar masa arxasında əyləşib danışıqlar aparmaq, sülhə gəlmək mədəniyyətində deyillər. Həmçinin, Ermənistan cəmiyyətində birmənalı şəkildə etnik nifrət, rasizm, azərbaycanofobiya düşüncəsi tüğyan edir. Onların beyinləri tamamilə zəhərlənib. Bu səbəbdəndir ki, ötən gün bayrağımızı yandıranı iştirakçılar utanmadan alqışladılar. Sosial şəbəkələrin erməni seqmentində hətta onu qəhrəman kimi təqdim edirlər. Hadisənin daha diqqətçəkən tərəfi isə həmin açılış mərasimində iştirak edən Ermənistanın baş nazirinin, digər rəsmi şəxslərin gözü qarşısında bu hadisənin törədilməsidir. Bu kimi hallar onların dayaz düşüncələrini ortaya qoyur.

Azərbaycan idmançılarının yarışlarda iştirakdan imtina etməsi tamamilə düzgün qərardır, çünki yarış çox zəif təşkil edilib təhlükəsizliyə heç bir təminat verilmir.

Səttar MÖHBALIYEV,

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı.