Ermənistanın
Siyasət

Ermənistanın "Brüssel nağılı"

Erməni mediasında xüsusi "bəzədilmiş" Brüssel görüşü elə təsvir edilmişdi ki, sanki rəsmi İrəvan hansısa zəfər qazanıb, tarixi əhəmiyyətli, inkişaf vəd edən bir toplantıya qatılıb.

Aprelin 5-də Belçikanın Brüssel şəhərində Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel arasında görüş keçirilib. Bəli, həmin o, "sirli", N.Paşinyanın səbirsizliklə gözlədiyi görüş...

Erməni "siyasi səhnə" istedadı ilə bu görüş möhtəşəm bir əsər, tarixin salnaməsinə layiq bir şücaət kimi qələmə verilib. Uydurulmuş hekayələrlə onlar hadisəyə misilsiz uğur donu geyindirməyə çalışıblar. Ancaq görüşün nəticələri bu nağıllarla ziddiyyət təşkil edib. Ermənistanda qərbyönlü fraksiyalar və hakim elita qarşılanmamış gözləntilərin reallığı ilə üzləşməli olublar. Təbii, ki gerçəklərin anlaşılması, qavranılması çətin bir şeydir. Üstəlik Ermənistan gerçəkləri qəbul elə bilməyib. İstər Qarabağın Azərbaycan torpağı olduğunu, istərsə də müharibədə məğlubiyyətini... Bu səbəbdən də reallığı qəbul etmək Ermənistan üçün xüsusilə çətindir. Belə ki, görüşdə Ermənistana növbəti dörd il ərzində 357 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb. "Mülki müqavilə" partiyası nümayəndələri bu məbləğin ən azı 2 milyard avro olmasına ümid ediblər. Bu məsələ, İrəvan daxilində çaxnaşma və qəzəbə səbəb olub. Beləliklə, Ermənistanın "Brüssel nağılı" dağılmış illüziyaların, yerinə yetirilməmiş vədlərin və siyasi intriqaların şirin cazibəsi ilə qarışmış məyusluğun acı dadının faciəsinə çevrilib.

Təbii ki, ABŞ və Aİ-nin Ermənistana "dəstək əlini" uzatmasının səbəbi strateji məqsəd güdməsidir. Hədəf Rusiyanın bölgədəki dayaqlarını tədricən azaltmaq və bununla da öz təsirlərini gücləndirməkdən ibarətdir. Qərbin öz "xəzinə"sini açması ilə regionda müəyyən dəyişiklik baş verə, İrəvanı potensial olaraq hərbi manevrlərə əl atmağa, öz gündəmini yeni güclə həyata keçirməyə cəsarətləndirə bilər. Lakin bu cür hərəkətlər, şübhəsiz ki, Azərbaycanın əks reaksiyasına səbəb olacaq. Təxribata cəhd göstərənlər öz geosiyasi oyunlarında praqmatizmə üstünlük verməlidir. Əslində, Ermənistan hakimiyyəti hərbi avantürizmlə bağlı riskləri çox yaxşı dərk edir. Onlar başa düşürlər ki, bu cür hərəkətlər əks nəticə verə bilər. Lakin "böyük plan"ın cazibəsi qorxunu üstələyir.

Ermənistanın başı üzərində yerinə yetirilməmiş vədlər səbəbindən fırtına buludları dolaşır. Partiya nümayəndələri Brüssel görüşünün nəticələrindən məyus olublar. Ermənistanla potensial təhlükəsizlik paktının və Aİ-yə namizədlik danışıqlarının aparılması ilə bağlı nikbinlik mövcud idi. Lakin onların bu gözləntisi də qarşılanmayıb. Əslində, bağlı qapılar arxasında Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vaan Kostanyan öz partiya üzvlərinə qarşıdakı müzakirələrin əsl mahiyyəti barədə əvvəlcədən məlumat verərək, ilk növbədə iqtisadi məsələlərə diqqət yetiriləcəyini deyib. Lakin bu xəbərdarlıq transformativ dəyişiklik həvəsinə düşənlərin səs-küyünün arasında eşidilməz bir mesaj olaraq qalıb. Qərbin bölgədəki niyyəti şəffaflıqla ortaya qoyularaq, rəsmi İrəvanın üzünə qəfil işıq salıb. Beləliklə, Brüssel görüşünün tozu çökdükcə, partiya təmsilçiləri arasında məyusluq daha aydın görünür.

Üçtərəfli görüşlə bağlı danışan Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova İrəvanı açıq şəkildə milli maraqları satmaqda ittiham edib: "Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı və ABŞ-ın müvəqqəti bonusları naminə qurban verir. Ermənistanın Qərb ölkələri ilə əlaqələri erməni xalqının maraqlarına xələl gətirir. Söhbət ondan gedir ki, onlar bizə, tərəfdaşlarına və müttəfiqlərinə deyil, öz xalqlarına xəyanət edirlər". Bu da görüşlə bağlı Rusiya tərəfinin mövqeyini ortaya qoyub. Qeyd edək ki, bu ilin ilk 2 ayı ərzində Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 2.1 milyard dollar olub. Bu da M.Zaxarovanın sözlərini təsdiqləmiş olur. Çünki ABŞ və Aİ-nin 4 ilə edəcəyi yardımı Ermənistan Rusiya ilə ticarət əlaqələri sayəsində 2 aya qazanıb.

Brüssel görüşü Ermənistanın müstəqil dövlət olmaması ilə xarakterizə olunan xarici siyasət kursunun çatışmazlıqlarını bir daha ortaya qoyub. Görüşün nəticələri haqqında danışarkən A.Blinken və Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə telefon zənglərini də vurğulamaq lazımdır. Bu, Azərbaycanın regionda mühüm rolunu vurğulayaraq, bütün nəticələrlə bağlı onun rəhbərliyi ilə məsləhətləşmələr aparılmasının zəruriliyini sübut edib. Avropa ilə enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi öhdəliyi isə Azərbaycanın nüfuzunun və mövqeyinin əyani təzahürüdür.

Nurcan SÜLEYMANOVA,

"Respublika".