Ermənistanın bəşəri cinayəti – Mina terroru
Siyasət

Ermənistanın bəşəri cinayəti – Mina terroru

Regionda yeni reallıqlarla barışmayan Ermənistan mina terrorunu davam etdirir. 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 340-dan çox insan düşmənin qurduğu ölüm tələsinə düşüb. Bu fakt bir daha rəsmi İrəvanın terror, təxribat əməllərindən əl çəkmədiyini və cinayətkar siyasətini davam etdirdiyini sübut edir.

Əfsuslar olsun ki, Azərbaycan minalarla çirkləndirilmiş ölkələr sırasında ön sıralarda qərarlaşıb. 1991-ci ildən bu günə qədər 4 minə yaxın Azərbaycan vətəndaşı minaların qurbanı olub. Bununla Ermənistan 1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən bəndlərini, "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın ikinci protokolunun tələblərini kobud şəkildə pozub.

Beynəlxalq konvensiyalara görə piyada əleyhinə minaların tətbiq olunması qəti qadağandır və bu, cinayət hesab edilir. Lakin bu çərçivədə qlobal güc dairələri Ermənistanın beynəlxalq hüquqazidd davranışlarının qarşısının alınmasına heç bir addım atmırlar. Nəticə etibarilə Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrinin Azərbaycana tam təhvil verməməsi ilə hər keçən gün can almağa davam edir. Müharibə cinayəti törədən düşmən ölkənin yanında duran havadarları da ən az Ermənistan qədər bu məsələdə günahkardırlar.

Azərbaycan mina terroru barədə beynəlxalq ictimaiyyəti daim məlumatlandırmış, lakin ölkəmizin çağırışlarına məhəl qoyulmamışdır. Qeyd etmək yerinə düşər ki, "Landmine Monitor 2023" Ermənistanı piyadalar üçün mina istehsal edən ölkələr siyahısına salıb. Bununla bir daha ölkəmizin 44 günlük müharibədən sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı iddiaları öz təsdiqini tapmış oldu. Qeyd edək ki, Ermənistanın Azərbaycanın suveren ərazilərində bu günə kimi 1 milyondan çox mina basdırmışdır.

Ölkəmiz beynəlxalq ictimai fikir formalaşdırılmasında önəmli addımlar atır. Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri, qeyri-hökumət təşkilatları (QHT) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koksa müraciət ediblər: "Biz bu günlərdə Bakıda səfərdə olmuş AŞPA-nın Azərbaycan üzrə məruzəçisinin Ermənistanın Azərbaycana qarşı mina müharibəsində zərər çəkmiş şəxslərlə, onların ailə üzvləri, mina problemi üzrə ixtisaslaşmış QHT-lərlə görüşlərdən imtina etməsini Avropa Şurası dəyərlərinin ələ salınması, insan hüquq və azadlıqlarına qarşı hörmətsizlik kimi qəbul edirik…". Əgər Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası həqiqətən insan hüquqları üzrə təsisatdırsa mina terrorundan əziyyət çəkən şəxslərə, eləcə də əraziləri minalar ilə çirkləndirilmiş Azərbaycana kömək etmək bu qurumların əsas öhdəliyi olmalıdır.

Hazırda işğaldan azad edilən ərazilərimizin bərpası və doğma yurd-yuvalarımıza həyatın qaytarılması Azərbaycanın əsas strateji hədəflərindən biridir. Lakin dədə-baba torpaqlarımızda ölümsaçan minaların basdırılması prosesin ləngiməsinə səbəb olur. Bu təxribatlar isə həm də yeni insidentlərin baş verməsinə səbəb olur ki, bunun da məsuliyyəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bütün bunlara rəğmən qüdrətli Azərbaycan dövləti öz suveren ərazilərini öz gücü hesabına minalardan təmizləməkdə davam edir. 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənmişdir. 2023-2026-cı illərdə isə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən bölgədə aparılan işlər nəticəsində ərazilərimizdə piyada əleyhinə 10 mindən çox, tank əleyhinə 3000-dən çox mina və 12 minədək partlamamış döyüş sursatının aşkarlandığı və zərərsizləşdirildiyi bildirilib.

Azərbaycan dövləti minatəmizləmə prosesində texniki təchizata xüsusi önəm verir. Belə ki, Azərbaycan istehsalı olan "Revival P" minatəmizləmə maşını ANAMA-ya təqdim olunub. İki il ərzində xaricdən minatəmizləmə maşınları alan Azərbaycan artıq öz texnikasını istehsal edə bilir. "İmprotex" Şirkətlər Qrupunun "Revival P" minatəmizləmə maşınının testləri keçirilib və özünü doğruldub.

Azərbaycan ərazilərinin minalardan təmizlənməsində beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın minalardan tam təmizlənməsi üçün daha 30 il müddət lazımdır. Buna baxmayaraq, minatəmizləmə prosesi tam sürətlə davam edir və qarşıya qoyulan vəzifələr uğurla icra olunur.

Nurlan ABDALOV,

"Respublika".