Ermənistanda toqquşan maraqlar
Digər xəbərlər

Ermənistanda toqquşan maraqlar

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu ratifikasiya üçün Ermənistan parlamentinə göndəriləcək. Bu barədə açıqlama verən Ermənistanın ədliyyə naziri Qriqor Minasyan prosesin yaxın həftələrdə reallaşacağını vurğulayıb. Amma sözügedən məsələ mübahisəli ziddiyyətlidir. Çünki ölkə daxilində baş nazir Nikol Paşinyana qarşı çıxan qüvvələr bildirirlər ki, qərarın ratifikasiyası Rusiya ilə onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsinə gətirib çıxaracaq.

Rusiya Prezidenti Vladimir Putinin həbsini nəzərdə tutan sənəd Ermənistana daxil olacağı təqdirdə, iki ölkə arasındakı əlaqələri tamamilə pozacaq. Bu məqamda Rusiya Xarici İşlər Nazirliyinin İrəvanın sözügedən konvensiyaya qoşulmaq niyyətinin Moskva üçün qəbuledilməz olduğunu açıqladığını da yada salmaq lazımdır. Eyni zamanda, Ermənistan parlamentinin spikeri Alen Simonyan da ratifikasiya məsələsinə tələsməyin qeyri-məqbulluğunu bildirərək demişdi ki, bu addım Rusiyaya münasibətdə yanlış olacaq. Bunları nəzərə alsaq, belə bir nəticəyə gəlirik ki, Ermənistan parlamenti Roma statutunu ratifikasiya edərsə, bu, Kremldə "qırmızı xətti"nin keçilməsi effekti yaradacaq. Bunu Ermənistan hakimiyyəti yaxşı dərk edir. Ölkə onsuz da son illərdir qərbyönümlü siyasət aparır. Əhali arasında Rusiyaya nifrət edənlərin sayında ciddi artım müşahidə olunur. Son statistikaya görə, 2021-ci ildə 38 faiz olan bu göstərici ötən il 60 faizə çatıb. Son dövrlər Paşinyan iqtidarı da açıq şəkildə Rusiyaya qarşı çıxır. Baş nazir faktiki olaraq Azərbaycan-Ermənistan nizamlamasının Rusiya formatını rədd edir. Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müstəvisindəki anti-Rusiya demarşları da davam edir. Yəni həm Ermənistan ictimaiyyətində, həm hakimiyyətində Moskva ilə ziddiyyətlər xeyli artıb. Bunların reallaşması isə qərbin ciddi təminatları ilə mümkün olub. Əks halda, iqtisadi baxımdan Rusiyaya bu dərəcədə bağlı olan ölkənin Kremlə tam zidd mövqedə durması mümkün olmazdı. Sözsüz ki, İrəvanın yürütdüyü hazırkı siyasət Avropanın Paşinyanın hakimiyyətini qorumaq, eləcə Ermənistanı qərbləşdirməklə bağlı vədlər verməsinin nəticəsidir. Bunun əvəzində isə qoca qitə Paşinyanı Cənubi Qafqazın qapısını qərbin üzünə açmağa məcbur edir, Ermənistanı NATO-nun regiondakı forpostuna çevirir. Qərbin bunda başlıca məqsədi isə Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhəni açmaqdır.

Ermənistanda Rusiya ilə qərbin toqquşması İrəvanı təhlükə altına atmaqla yanaşı, Azərbaycanla Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə səbəb olur. Çünki hələlik regionda sülhün bərqərar olması tərəflərin maraqlarına xidmət etmir. Hər vasitəçi mövcud gərginlikdən öz mənafeləri naminə sui-istifadə etmək niyyətindədir. Rusiya istəyir ki, Cənubi Qafqazda qalsın, qərb isə çalışır ki, şimal qonşumuzu sıxışdırıb bölgədən çıxarsın. Cənubi Qafqazda mövqe uğrunda rəqabətin aktiv fazaya keçdiyi bir dövrdə -nin Ermənistandakı missiyasının heyətini genişləndirdiyinin, 23 vəzifə üzrə işə qəbul elan etdiyinin şahidi oluruq. Sözügedən missiya Ermənistan daxilində yox, Azərbaycanla 100 metrlik məsafədə fəaliyyət göstərdiyi halda, sıralarına yalnız ermənilərin cəlb edilməsi isə qərbin təxribatların artmasında maraqlı olduğunu nümayiş etdirir.

Ermənistanlı revanşistlər ölkələrində gedən Avropa-Rusiya qarşıdurmasından istifadə edərək təxribatlarla sülhü yubadırlar. Cənubi Qafqazda proseslərin bundan sonra necə inkişaf edəcəyi isə Ermənistan üzərində güc mübarizəsini qazanan tərəfin ideologiyasından asılı olacaq. Çünki Paşinyan Administrasiyası təkbaşına qərar vermək iqtidarında deyil.

Jalə QASIMZADƏ,

"Respublika".