Ermənistan və havadarlarının siyasi alətinə çevrilən “mötəbər
Siyasət

Ermənistan və havadarlarının siyasi alətinə çevrilən “mötəbər"qurum

Sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasında Ermənistanın Fransanın dəstəyi ilə çağırdığı Qarabağla bağlı müzakirələr keçirilib. Dinləmələrə Albaniya sədrlik edib. İclasın nəticəsi olaraq ölkəmiz əleyhinə heç bir qərar, qətnamə qəbul edilməyib. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.

XİN başçısı iclasda çıxışı zamanı bildirib ki, Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti Azərbaycanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqədardır. Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır. XİN başçısı Təhlükəsizlik Şurasından növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsinin tamamilə qəbuledilməzliyini, bu mötəbər orqanın nüfuzuna və etibarına ciddi zərbə olduğunu və tamamilə rədd edilməsinin vacibliyini vurğulayıb. Nazir çıxışında Azərbaycanın başlatdığı lokal antiterror tədbirlərinin legitim hədəflərin zərərsizləşdirməsinə hədəfləndiyini vurğulayıb. Bildirib ki, bu tədbirlər BMT Nizamnaməsində təsbit olunmuş suveren özünümüdafiə hüququna tam uyğun idi. C.Bayramov erməni silahlı qruplaşmaların son aylarda qazdığı səngərləri, minadan təmizlənmiş ərazilərin yenidən minaladığını, cəmləşdirdiyi hərbi texnikalarını və digər əməllərini fotolarla iclas iştirakçılarına təqdim edib. Nazir, həmçinin vurğulayıb ki, erməni separatçılar texnikaları qəsdən yaşayış məntəqələrinə yaxın yerlərə yerləşdirmişdi. Amma video və fotolardan aydın şəkildə görünür ki, bəzi hərbi hədəflər mülki əhaliyə ziyan dəyməsin deyə məhv edilməyib.

Hazırda Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına imkan yaranıb. Nazir bildirib ki, belə bir vaxtda beynəlxalq ictimaiyyət tərəfindən hazırkı vəziyyətin nəzərdən keçirilməsi aktuallıq və faydalılıq baxımından mövcud reallıqlara uyğun deyil. Təhlükəsizlik Şurasının çağırılmasının kökündə duran məhdud siyasi mülahizələr və ya lobbi əlaqələrindən irəli gələn yanaşma tamamilə qeyri-məhsuldar və faydasızdır: "Bu, yalnız diqqəti real normallaşma prosesindən yayındıra bilər ki, bu da Azərbaycan və Ermənistanın deyil, mövcud fikir ayrılıqlarını öz siyasi məqsədləri üçün sui-istifadə etməkdə davam edən müəyyən kənar qüvvələrin marağındadır. Beləliklə, 30 il davam etmiş qanlı münaqişədən sonra Ermənistanla Azərbaycan arasında yaxşı qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanın yarandığı hazırkı həlledici məqamda bütün beynəlxalq ictimaiyyət, o cümlədən Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın destruktiv hərəkətləri ilə bağlı risklər və təhdidlərin adekvat şəkildə dərk edilməsi və Ermənistanın beynəlxalq hüquqazidd əməllərini ört-basdır etmək üçün Təhlükəsizlik Şurasından sui-istifadə etmək cəhdlərinin qəti şəkildə rədd edilməsi olduqca vacibdir".

Ceyhun Bayramovun fikirləri iclas iştirakçılarının əksəriyyəti tərəfindən qəbul olunub. BMT Baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə köməkçisi Miroslav Yença BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı keçirdiyi iclasında çıxışı zamanı deyib ki, sentyabrın 19-da Azərbaycan iki mülki vətəndaşın və dörd polis əməkdaşının faciəvi ölümünə cavab olaraq Qarabağda antiterror tədbirlərinə başlayıb. Antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədi daşıyıb. Onun sözlərinə görə, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq Ermənistan və Azərbaycanın normallaşma prosesində tam iştirak etməsi irəliyə doğru yeganə davamlı yoldur. Diplomat bildirib ki, BMT aidiyyəti tərəflərlə sıx əlaqə saxlayacaq və lazım gəldikdə davam edən sülh səylərini dəstəkləməyə hazırdır. Britaniya XİN rəhbəri Ceyms Kleverli də öz növbəsində bildirib ki, Birləşmiş Krallıq Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq tanınmış sərhədlərini dəstəkləyir.

Bununla belə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclası Ermənistanın və onun havadarlarının beynəlxalq hüquqazidd, ikiüzlü və Azərbaycanofob siyasətlərinin iç üzünü göstərdi. Belə ki, müzakirələrdə Fransanın Xarici İşlər naziri Ketrin Kolonna Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini tənqid edərək mövcud vəziyyəti "təcavüz" adlandırıb. Fransa BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanı silahı yerə qoyan Qarabağ ermənilərinə amnistiya elan etməyə və regionda beynəlxalq mövcudluğa zəmanət verməyə çağırıb. Birləşmiş Ştatların nümayəndəsi də bildirib ki, ABŞ Qarabağdakı vəziyyətdən ciddi narahatdır, eyni zamanda bölgədən mülki zorakılıq xəbərləri alır. ABŞ rəsmisinin çıxışında o da vurğulanıb ki, Ağ Ev Qarabağ erməniləri üçün 24 milyon dollar ayırıb. Almaniya və Avropa İttifaqının iclasda nümayiş etdirdikləri mövqe də onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini göstərir. Qərbin bu riyakarlığına Qərbi Azərbaycan İcması da səssiz qalmayıb. Qurum Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2023-cü il sentyabrın 21-də keçirilmiş iclası ilə bağlı bəyanat yayıb. Bildirilib ki, Ermənistanın və onun havadarlarının insan hüquqları və beynəlxalq humanitar hüquq məsələsində nümayiş etdirdikləri riyakar və destruktiv yanaşma sərt şəkildə qınanılmalıdır: "Biz Avropa İttifaqından və bu təşkilatın siyasətinə yön verən əsas dövlətlər olan, tarixləri faşizm, Holokost, soyqırımı, müstəmləkəçilik, o cümlədən Əlcəzairdə və Namibiyada tayfaların kütləvi şəkildə qırılması kimi utanc doğuran səhifələrlə dolu olan Almaniyadan və Fransadan Azərbaycana qarşı etnik və dini zəmində qərəzi dayandırmağı, Ermənistan və Azərbaycan arasında sülhə və iki xalq arasında barışığa maneə olmamağı tələb edirik. Biz Ermənistan hökumətini Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təkcə sözdə deyil, əməldə də hörmət etməyə, başqa dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyə, qovulmuş azərbaycanlıların Ermənistana qayıtmasına şərait yaratmağa və bununla davamlı sülh və rifah yolunu seçməyə çağırırıq".

 

Jalə QASIMZADƏ,

"Respublika".