Ermənistan torpaqlarımızın otuz illik işğalı dövründə İslam irsinə aid hər şeyi qəsdən dağıdıb
Gündəm

Ermənistan torpaqlarımızın otuz illik işğalı dövründə İslam irsinə aid hər şeyi qəsdən dağıdıb

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov bu ölkənin Müftisi, eyni zamanda, Dünya Fətva Evləri və Qurumları Baş Katibliyinin rəhbəri Dr.Şövqi İbrahim Allam ilə görüşüb.

Səfirlikdən “Respublika”ya bildiriblər ki, E.Poluxov iki ölkə arasında əlaqələrin inkişafından danışıb. 2023-ci il ərzində qarşılıqlı yüksək səfərlərin həyata keçirildiyini xatırladıb. Cari ilin yanvarında Misir Prezidenti Əbdülfəttah əl-Sisinin Azərbaycana səfərindən, parlament rəhbərlərini qarşılıqlı səfərlərindən və bunların ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanlar yaratdığı vurğulayaraq, siyasi rəhbərliyin iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi üçün əzmkarlıq nümayiş etdirdiklərini bildirib.

Görüşdə Müfti Ş.Allam Dünya Fətva Evinin fəaliyyəti haqqında geniş məlumat verib, 2014-ci ildə yaradılmış bu qurumun əsas prinsiplərinin mötədil İslam yanaşmalarına əsaslanaraq dünya müsəlmanları arasında ekstremist problemlərin həllində tövsiyələr vermək və dünyada artan bu problemlə mübarizə aparmaq üçün fəaliyyət proqramlan hazırlamaq olduğunu söyləyib. O, həmin qurum tərəfindən indiyədək monitorinq və araşdırmanı əhatə edən 700-ə yaxın hesabatın dərc edildiyini bildirərək, müsəlman icmaları, xüsusən Qərb ölkələrində olan dini mərkəzlərlə ünsiyyət qurmaq üçün yaradılmış "Fətva Pro" proqramının tətbiq edildiyini söyləyib. Ş.Əllam Fətva evində müftilərin yetişdirilməsi və ixtisaslaşdırma üzrə xüsusi şöbənin fəaliyyət göstərdiyini qeyd edərək, hüquqi mətnləri rasional və maarifləndirici şəkildə başa düşməyə qadir olan yeni nəsil müftilər yetişdirilməsində həmin şöbənin mühüm rol oynadığını vurğulanıb.

E.Poluxov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, otuz ildən çox müddətdə təcavüzkar ölkənin Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını deyib. Bu müddətdə sistemli şəkildə azərbaycanlı kimliyini yer üzündən silmək üçün ölkəmizdə İslam irsinə aid olan hər şeyi qəsdən dağıtdığını, hətta məscidləri, ziyarətgahları belə murdarlayaraq, tövlələrə çevirdiklərini qeyd edərək, müvafiq materialları həmsöhbətinə təqdim edib. O, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinə toxunaraq, dağıdılmış məscid və ziyarətgahların təmiri, yenidən tikilməsinin həyata keçirilən quruculuq işlərində əsas yer tutduğunu bildirib.