Ermənistan sülh prosesində maraqlı olmalıdır
Siyasət

Ermənistan sülh prosesində maraqlı olmalıdır

Üzərinə götürdüyü beynəlxalq öhdəlikləri heçə sayan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası bölgədə sülhə maraqlı olmadığını göstərir. Düşmən ölkənin etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını Azərbaycan tərəfindən üçtərəfli Bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Eyni zamanda, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin "hüquq müdafiəçisi" kimi təqdim etməyə heç bir haqqı yoxdur.

Həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur.

Ermənistanın baş naziri Nikol Paşinyanın 13 aprel tarixində keçirilən iclasda çıxışı zamanı Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atması, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsi tamamilə əsassız və qəbuledilməzdir. Avropa İttifaqının bəyanatına istinad edən baş nazirin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması bir sıra qərəzli məqamları ehtiva edir. Belə ki, baş nazirə xatırlatmaq istərdik ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1990-cı ildə Kərki və Bağanis-Ayrım kəndləri düşmən tərəfindən işğal edilib. Bununla yanaşı, Ermənistanın üçtərəfli Bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də silahlı qüvvələrini çıxarmaması, 8 Azərbaycan kəndini işğal altında saxlaması da məlumdur. Bu xüsusda, Baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməlidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarını davam etdirməsi və bu ərazilərdən qüvvələrini geri çəkməməsi Praqa və Soçi razılaşmalarının ciddi şəkildə pozulmasının və Ermənistanın sülh prosesində maraqlı olmamasının təsdiqidir.

Azərbaycanda təxribatlara və qeyri-qanuni fəaliyyətlərə son qoymaq məqsədilə Laçın yolunun başlanğıcında sərhəd nəzarət-keçid məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifinə müsbət cavab vermək əvəzinə, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını da təhrif etməkdən çəkinmir. Qeyd edək ki, Azərbaycan hökumətinin Laçın yolunda baş verən etirazların təşkilatçısı olduğu iddiası məhkəmə tərəfindən rədd edilib. Ermənistan əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmalı, silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmalı, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməlidir.

"Qarabağ Ermənistandır və nöqtə" deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan indi özü üçün yeni ağa axtarışındadır. Bunun heç bir xeyri olmayacaq". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində demişdir: "Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır".

Azərbaycan Qarabağ məsələsini ölkəsinin daxili məsələsi hesab edir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Vurğulayıb ki, Ermənistan üçün Azərbaycan ilə qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanımaq məqbuldur. Eyni zamanda rəsmi Bakı İrəvandan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını istəyir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini 30 il işğal altında saxlamış, Qazax rayonunun 7 kəndini və Naxçıvan Muxtar Respublikasının Kərki kəndini hələ də işğal altında saxlayan ölkə olaraq Ermənistan danışıqlar masasına qayıtmalı və sülh müqaviləsi, eləcə də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzərində işi davam etdirməlidir. Azərbaycanın enerji və logistika qovşağına çevrildiyini etiraf edən Paşinyan bildirib ki, Azərbaycanın həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb. Elə bununla da deyəsən, haqq yoluna gəlir. "Mən təsdiq edirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır və biz Azərbaycanın da eyni şeyi edəcəyini, Ermənistan SSR-in ərazisini Ermənistan ərazisi kimi tanıyacağını gözləyirik". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəqiqliklə tanıyarsa, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması real görünür.

M.MUSTAFAYEV,

"Respublika".