Ermənistan orduda yeni
Digər xəbərlər

Ermənistan orduda yeni "islahatlar" aparır

Kişilərdən ümid kəsilən ölkədə qadınlar da hərbi xidmətə cəlb olunur

Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən aldığı zərbənin yaralarını hələ də sağalda bilmir. 2020-ci ildə Silahlı Qüvvələrimizin keçirdiyi əks-hücum əməliyyatlarında düşmənin ağır məğlubiyyətə uğradılması 1 il ərzində Ermənistanda 4 müdafiə nazirinin dəyişməsinə səbəb olub.

Böyük ümidlərlə müharibəyə  David Tonoyanla başlayan Nikol Paşinyan kapitulyasiya aktı imzaladıqdan sonra, 2020-ci il noyabrın 20-də Vaqarşak Arutyunyanı, 2021-ci il iyulun 20-də isə Arşak Karapetyanı müdafiə naziri postuna gətirib. Sonuncu da istefaya göndərildikdən sonra nazir vəzifəsi Suren Papikyana həvalə olunub. Papikyan Ermənistan ordusuna güc qatmaq üçün  yeni "islahatlara" başlayıb. Belə ki, İrəvan hərbi-siyasi rəhbərliyi kişilərindən ala bilmədiyi gücü qadınlardan konpensasiya etmək niyyətindədir.  Yəni erməni kişilərindən ümidini üzən haylar qadınları da hərbi xidmətə çağırmağı qərarlaşdırıb. Ölkənin Müdafiə Nazirliyi "Müdafiə haqqında" və "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanunlara dəyişiklik və əlavələr təklif edir ki, bunun da nəticəsində Ermənistan Respublikasının vətəndaşları olan qadınlara könüllülük əsasında məcburi hərbi xidmət hüququ veriləcək. Sözügedən layihənin şərtlərinə görə 18-27 yaş arası qadınlar üçün hərbi xidmət müddəti 6 ay olacaq və bundan sonra Ermənistan silahlı qüvvələrində xidmətini davam etdirmək istəyən qadınlar "Vətənin müdafiəçisi" proqramına yazılaraq 5 il müddətinə hərbi xidmət keçə bilərlər. Hökumətin təsdiq etdiyi layihəyə əsasən  6 aydan sonra hərbi ximətini başa vuranlar 1 milyon dram qonorar alacaqlar.

Bütün bunlar bizə Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İkinci Qarabağ müharibəsində qurduğu şouları xatırladır. Akopyan İkinci Qarabağ müharibəsi dönəmində 13 qadından ibarət "Erato" adlı dəstə yaratdığını bildirmişdi.  Guya ki, bu silahlı dəstə döyüş əməliyyatlarında iştirak edəcəkdi. Cəsarətlənib Xankəndiyə gələn Akopyan Ordumuzun ard-arda gələn Zəfərlərindən xəbər tutaraq Qarabağdan birdəfəlik qaçıb getmişdi. Yaratdığı "Erato" dəstəsi də müharibədə gözə dəymədi. Ermənistan cəmiyyətinə sonradan belə aydın oldu ki, Akopyanın təşkil etdiyi teatrda əsas məqsəd öz xalqını məğlub olacaqları müharibəyə təhrik etmək olub. 

Bundan başqa, Vətən müharibəsində Ermənistan ordusunun nə dərəcədə bərbad vəziyyətdə olduğu da açıq-aşkar görünürdü. Təqaüd yaşı çatmış qoca kişiləri döyüşlərə aparmaqla onların ölümünə vəsilə olmaları onu göstərir ki, cinayətkar erməni hakimiyyəti xalqına belə acımır. Döyüşlərin başladığı ilk gündən etibarən məğlub olacağını bilə-bilə minlərlə insanı ölümə göndərmək bir xalqın liderinin dayaz təfəkkür sahibi olmasını, həmçinin kənardan gələn vədlərə aldandığının sübutudur. Siyasi ambisiyaları ucbatından özlərindən qat-qat güclü olan orduya qarşı döyüşlərdə pafoslu çıxışlarla yalan vədlər verən Nikol Paşinyan 44 günün sonunda anladı ki, müharibənin taleyini dəbdəbəli çıxışlar deyil, müasir maddi-texniki bazaya və cəsur döyüşçülərə malik olan ordu həll edir.  

Maraqlısı odur ki, silahlı qüvvələri qadınların ümidinə qalan İrəvanda hələ də kimlərsə revanşist xəyallarla yaşayır. Bunu deməyə əsas verən amillər isə son günlərdə Azərbaycan sərhədində törədilən təxribatlardır. Azərbaycan-Ermənistan arasında atəşkəslə bağlı razılaşma olmasına baxmayaraq, Ermənistan hərbçiləri şərti dövlət sərhədində iriçaplı silahlardan, minaatan və PUA-dan istifadə etməklə hərbçilərimizin üzərinə  hücum edir, yaxud kəşfiyyat-diversiya qruplarını təxribat törətmək üçün Azərbaycan ərazisinə göndərir.

Bir ölkədə 11 min fərari halı qeydə alındıqdan sonra yenidən Azərbaycanla müharibəyə cəhd etmək və sülh müqaviləsini imzalamamaqla vaxt qazanmaq, sözün əsl mənasında, ağılsızlıqdır. Dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan, hərbi büdcəsi Ermənistanın dövlət büdcəsilə eyni olan bir ölkə ilə müharibəyə yenidən cəhd etmək intihara meyillənməkdən başqa bir şey deyil. Ermənistan rəhbərliyi ordusunun daxilindəki xaosu aradan qaldırmaqda da acizlik göstərir. Hərbçilərin öz əsgər yoldaşları tərəfindən işgəncəyə məruz qalması, döyülməsi və öldürülməsi adi hala çevrilib.

Orduda baş verən hadisələr Ermənistandakı vəziyyətin gərgin olmasından xəbər verir. Deyə bilərik ki, hakimiyyət uğrunda çəkişmələr silahlı qüvvələrə də nüfuz edir. Hələ müharibə başa çatdıqdan sonra Ermənistan ordusunda general və zabitlərin Nikol Paşinyanın istefasını tələb etməsi də bu ölkədə Ali Baş Komandan anlayışının olmamasını isbatlayır. Ermənistan ordusunda çoxhakimiyyətliliyin də  mövcud olması heç kimə sirr deyil. Ordu daxilində Moskvadan, Qərbdən və İrəvandan gələn əmrlər regionun təhlükəsizliyinə ciddi təhdidlər törədir.

Musa BAĞIRLI,

"Respublika".