Digər xəbərlər

"Ədalət" tələb edənlərdən ədalətsiz addım…

Yanvarın 18-də Avropa Parlamentinin Laçın-Xankəndi yolunda baş verənlərlə bağlı ölkəmizi əsassız ittihamlarla günahlandıran qətnamə qəbul etməsi növbəti biabırçı addımdır. Azərbaycandan dəhlizin açılması ilə bağlı istək və rəsmi Bakının Qarabağdakı ermənilərin hüquqlarının qorunmasına çağırılması, Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, həmçinin, ordumuzun sözügedən ölkənin ərazisindən çıxarılması kimi cəfəng tələblərin də həmin qətnaməyə əlavə olunması qərəzli və birtərəfli münasibətin bariz nümunəsidir.

Bütün bunları tələb olaraq irəli sürən Avropa Parlamenti niyə bizim öz haqq səsimizi dünyaya çatdırmaq istədiyimiz zaman sadəcə tamaşa edirdi? Qəbul edilən yeni qətnamə hər nə qədər "obyektiv" adlandırılsa da, ölkəmizə qarşı böyük yanlış addımdır. Ermənistanın Azərbaycan xalqının başına açdığı müsibətlər, günahsız qurbanlar nə tez unuduldu?

44 gün davam edən İkinci Qarabağ müharibəsində dinc əhaliyə qarşı hücumlar, əhalinin sıx məskunlaşdığı əraziləri atəşə tutmaq, əliyalın insanlara qarşı silahlı hücum, daha dəqiq desək, terror törətmək insanlığa qarşı ağır cinayət idi. Bu faktların hər biri erməni faşizminin əsl nümunəsidir.

Xüsusi vurğulamaq lazımdır ki, sözdə "həqiqət"in tərəfdarı olan Avropa Parlamenti məhz Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə olunduğu zaman sadəcə susmaqla kifayətlənmişdi. Hər nə qədər parlamentdə Azərbaycan əleyhinə bəyanatlar səsləndirilsə də, irəli sürülən ittihamlar əsassız olduğuna görə Azərbaycan üçün o qədər də əhəmiyyət daşımır.

Özünü dəfələrlə "obyektiv" adlandıran Avropa Parlamenti Cənubi Qafqaza olan yanaşmalarında sırf erməni prinsipinə əsaslanaraq hər hansı bir nəticəyə gələcəksə, burada heç bir ədalətdən söhbət gedə bilməz. Belə addımlar Avropa Parlamentinin ölkəmizdəki siyasi mövqeyinə xələl gətirməkdən başqa bir şey qazandırmayacaq. 

Ümumilikdə, hər dəfə Avropa Parlamentində Azərbaycan əleyhinə qaldırılan məsələlər, qəbul olunan qətnamələr sadəcə erməni lobbisinin maraqlarına xidmət edərək qurumun "qərəzsiz" fəaliyyətinə qara ləkə vurur. Elə bütün bunların nəticəsidir ki, Avropa Parlamentinin bu günə qədər Azərbaycana qarşı qəbul etdiyi qətnamələrin heç birinin hüquqi əsası yoxdur.

Nurlan ABDALOV,

“Respublika”.