“Azərekspresspoçt” qızıl mükafata layiq görülüb
Digər xəbərlər

“Azərekspresspoçt” qızıl mükafata layiq görülüb

“Azərpoçt” MMC tərəfindən təsis edilən, sürətli poçt xidmətləri göstərən “Azərekspresspoçt” Rabitə Müəssisəsi (EMS – Express Mail Service) 2022-ci ildəki fəaliyyətinin nəticəsinə görə Beynəlxalq EMS Kooperativi tərəfindən 2 kateqoriya üzrə eyni zamanda 2 qızıl mükafat alıb.

Hər il Ümumdünya Poçt İttifaqının EMS Kooperativi dünyanın bütün ölkələrinin EMS operatorlarının il ərzində göstərdiyi poçt xidmətlərinin keyfiyyət göstəricilərini araşdırır, qiymətləndirir və yekun nəticələrə əsasən təsis etdiyi mükafatları (“Performans” mükafatı və “Müştəriyə qayğı” mükafatı) operatorlara təqdim edir.

EMS Azərbaycan 2022-ci ildəki fəaliyyətinə görə hər iki kateqoriyanın qızıl mükafatına layiq görülüb. “Performans” mükafatı üzrə qızıl mükafatın qazanılması üçün qarşıya qoyulan 9 tələbdən minimum 5-nə EMS operatoru cavab verməlidir. Lakin EMS Azərbaycan nəinki 5, hətta 7 tələbə cavab verərək, qızıl mükafata layiqliyini sübut edib.

EMS Azərbaycan öz fəaliyyətini beynəlxalq standartlara uyğun qurmaq və müştərilərinin məmnuniyyətini təmin etmək üçün cəhdlər göstərir, daima təkmilləşmə proseslərini nəzarətdə saxlayır.

“Respublika”.