Ermənistan ikiüzlü mövqeyini dəyişməsə, cavabını hərbi müstəvidə alacaq
Digər xəbərlər

Ermənistan ikiüzlü mövqeyini dəyişməsə, cavabını hərbi müstəvidə alacaq

"İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək". Bu fikirləri Prezident İlham Əliyev ötən il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, ölkəmizin xarici siyasətinə dair sualları cavablandırarkən bildirib.

Xeyli müddətdir ki, Azərbaycan Ermənistana sülh gündəliyini təqdim edib, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı əsaslı təkliflər irəli sürüb, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə hərbi gücünü sübut edən dövlətimiz postmüharibə dövründə düşmən tərəfindən yer üzündən silinmiş şəhər və kəndləri yenidən qurmaqla iqtisadi potensialını göstərir. Bütün dünya görür ki, humanistlik, sülhsevərlik örnəyi olan Azərbaycan regionda sülhün bərqərar olması üçün mühüm addımlar atır. Bütün bunlara rəğmən, heç bir ölkədən asılılığı olmayan, öz problemlərini özü həll etmək iqtidarında olan Azərbaycan yüksək tribunalardan dəfələrlə bəyan edib ki, gələcək sülh, birgəyaşayış, ölkələr arasındakı əlaqələrin qurulması, ən əsası isə müharibə riskinin sıfra endirilməsi naminə məğlub etdiyi düşməni ilə münasibətlərini normallaşdırmaq istəsə də, sülh təklifi uzun müddət masada qalmayacaq. Buna görə də havadarlarına arxalanan ermənilər çirkin əməllərindən əl çəkməli, təxribatlarına son qoymalıdırlar. Bu əməllərini həyata keçirməkdə havadarlarından, o cümlədən Azərbaycanla sərhəddə yerləşdirilmiş rus sülhməramlılarından dəstək alan ermənilər hələ anlamırlar ki, özlərinə ziyan gətirir, sülh müqaviləsinin imzalanmaması təqdirdə itirən, 30 ildə olduğu kimi, bundan sonra da beynəlxalq əhəmiyyətli, irimiqyaslı layihələrin reallaşmasında iştirakdan təcrid edilən məhz Ermənistandır. Azərbaycan isə bölgədə yeni geosiyasi reallıqlar yaradıb və ölkəmizin BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yaratdığı reallıqlar BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir. Azərbaycanın haqq səsi artıq dünyanın əksər ölkəsində eşidilir.

Beynəlxalq humanitar normaları pozmadan İkinci Qarabağ müharibəsini ləyaqətlə aparan Azərbaycan ədaləti ərazi bütövlüyünü təmin etməklə bərpa etdi və üçtərəfli Bəyanatın müddəalarına əməl etməklə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Ermənistan isə tam əksinə olaraq məğlubiyyətini ehtiva edən kapitulyasiya aktının öhdəliklərinə məhəl qoymur. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olan Zəngəzur dəhlizinin açılmasına razılıq verməməklə təkcə Azərbaycan üçün deyil, bir neçə qonşu ölkə üçün də əhəmiyyətli olan bu strateji layihənin reallaşmasını əngəlləyir. Azərbaycanın böyük nəqliyyat bazarında ciddi aktora çevrildiyini deyən ölkə başçımız isə Zəngəzur dəhlizinin reallaşmasının tarixi zərurət olduğunu vurğulayır və qətiyyətlə bildirir ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq.

Ermənistan son sülh danışıqlarında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olsa da, hələ də xain xislətindən əl çəkmir, sərhəddə təxribatlara, münaqişələrə son qoymur. Tarixi ərazilərimizdən silahlı birləşmələrini çıxarmamaqla vəziyyəti gərginləşdirməyə, silahlı münaqişələr yaratmağa cəhd göstərir. Prezident İlham Əliyev Cənubi Qafqazda sülhü təhdid edən Ermənistandan Azərbaycanın Qarabağ bölgəsindən silahlı ünsürlərini çıxarmağı israrla tələb edir və bu istiqamətdə siyasətini məqsədyönlü şəkildə aparır. Belə ki, 44 günlük müharibədə imzalanan üçtərəfli Bəyanatın 4-cü bəndində Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirildiyi göstərilir . Lakin qanunsuz erməni birləşmələri bu günə qədər Azərbaycan ərazilərindən çıxarılmayıb və son aylara qədər humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan Qarabağda olan separatçılara silah-sursat daşınırdı. Ölkə başçımızın atdığı düşünülmüş addım nəticəsində ermənilərin Laçın yolu ilə hərbi texnika daşımasının, ölkəmizin təbii ehtiyatlarının qanunsuz şəkildə istismarının qarşısı alındı, bu il aprelin 23-də Ermənistanı Qarabağla birləşdirən yeganə yolun - Laçın dəhlizinin başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradıldı. Ermənistanla Qarabağ arasında hərəkətə nəzarət etməyə imkan verən buraxılış məntəqəsində insanlarla yanaşı, maşınların da yoxlanması regionda təhlükəsizliyin bərqərar olmasına xidmət edir.

İstər işğal dövründə, istər 44 günlük müharibə zamanı, istərsə də postmüharibə mərhələsində ölkə başçımızın məramı, məqsədi dövlətinin müstəqilliyini, suverenliyini qorumaq, xalqının mənafeyindən çıxış etmək olub. Cənubi Qafqazın inkişafına, əmin-amanlığına mühüm töhfələr verən Azərbaycan region dövlətləri ilə mehriban qonşuluq şəratində yaşamaq naminə sülhü təşviq edir, Ermənistanı düşmənçilik mövqeyindən əl çəkməyə çağırır. Əks təqdirdə, İkinci Qarabağ müharibəsindən sonra hərbi potensialını daha da artıran, Silahlı Qüvvələrini döyüş qabiliyyəti, silah və texnika ilə təchizat baxımından daha da gücləndirən Azərbaycan düşmən ölkənin cavabını hərbi müstəvidə verəcək. Bu il yanvarın 10-da ölkə başçımız yerli televiziya kanallarına müsahibəsində bu barədə fikrini qətiyyətlə bildirib: "Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik"…

Mehparə ƏLİYEVA,

"Respublika".