Ermənistan ətraf mühitə ciddi ziyan vurur
Ekologiya

Ermənistan ətraf mühitə ciddi ziyan vurur

"Environmental Protection First" (EPF) Koalisiyası olaraq biz dəfələrlə Ermənistanda heç bir beynəlxalq norma gözlənilmədən aparılan dağ-mədən işlərinin dayandırılması ilə bağlı məsələlər qaldırmışıq. Orada qeyd edirik ki, su hövzələri çirklənir, ətraf mühitə ziyan vurulur.

1 fevral tarixində İrəvanda keçirilən hökumət iclasında Ermənistanın baş naziri Nikol Paşinyan özü də etiraf edib ki, bu həqiqətən də çox ciddi məsələdir. Paşinyanın sözlərinə görə, Göyçə gölü həddindən artıq çirkləndirilib. Suyun təmizlənməsi ilə bağlı dəfələrlə məsələ qaldırılsa, müzakirələr aparılsa da, həll yolu hələ də tapılmayıb. Həmçinin Paşinyan vurğulayıb ki, buraya beynəlxalq şirkətlər cəlb olunur. Onlar bir neçə həftəyə suyu təmizləyə bilərlər, çünki bununla bağlı müvafiq texnikaları mövcuddur. Lakin görünən odur ki, Ermənistanın bu layihəni həyata keçirmək üçün nə imkanları, nə də resursları var.

Koalisiya olaraq biz Ermənistanın baş nazirinə səslənir və bildiririk ki, bu məsələnin həlli üçün, ilk növbədə, suyu çirkləndirən mənbələrin birdəfəlik qarşısı alınmalıdır. Bunlar da əsasən orada qeyri-şəffaf fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələridir. Həmin yerlərdən axıdılan ağır metal tərkibli mədən tullantıları qrunt suları vasitəsilə Göyçə gölünə, o cümlədən ətrafdakı çaylara qovuşur. Buna görə də həmin bölgə, xüsusilə də Göyçə gölü hədsiz dərəcədə çirklənir. Burada yaşayan canlılar aləmi, torpaq örtüyü zərər görür və ya məhv olur. Ümumiyyətlə, gölün suyundan istifadə edən icmaların ciddi xəstəliklərlə üzləşməsi qaçılmazdır. Bu baxımdan, biz Ermənistanın baş naziri Nikol Paşinyana tövsiyə edirik ki, ətrafda Göyçə gölünü çirkləndirən mənbələrin qarşısını alsın.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sessiyası Cənubi Qafqaz ölkəsi olaraq Azərbaycanda keçiriləcək. Ermənistan da eyni vaxtda bu konfransa evsahibliyi etmək üçün namizədliyini irəli sürmüşdü. Bu, sadəcə olaraq gülməlidir. Çünki bu dərəcədə ətrafı çirkləndirən, çirkab sularına boğan mədən sənayesi işlərini həyata keçirən ölkə necə ola bilər ki, COP kimi mötəbər beynəlxalq tədbirə evsahibliyi edə bilsin. Ermənistan ilk növbədə öz ölkəsinin Cənubi Qafqaz regionunda törətdiyi ekoloji cinayətlərə nəzər yetirməlidir. Belə mötəbər tədbirlər keçirmək onların potensialına uyğun deyil.          

Pərvanə VƏLİYEVA,

"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri.