Ermənistan BMT Təhlükəsizlik Şurasını saxta məlumatlarla məşğul etməyə çalışır
Siyasət

Ermənistan BMT Təhlükəsizlik Şurasını saxta məlumatlarla məşğul etməyə çalışır

Ermənistan BMT Təhlükəsizlik Şurasının "Qarabağdakı vəziyyətlə bağlı" təcili iclasını çağırmaqla nəsə əldə etməyə ümid edir. Bununla İrəvan ötən ilin dekabr ayından başlayaraq iddia etdikləri "humanitar fəlakət" adlı təxribatçı çağırışlara beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışır. Ermənistanın belə bir addım atması iki ölkə arasında gedən sülh prosesinə ciddi ziyan vurur. Halbuki, bu məsələ ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi qərb qonşumuza lazım olan cavabı da vermişdi. Aprelin 23-də Azərbaycanın legitim hüququna əsaslanaraq Laçın yolunun başlanğıc hissəsində nəzarət-buraxılış məntəqəsini təsis etməsini "blokada" kimi qiymətləndirən Ermənistanın BƏM-ə müraciətindəki yolun bağlanması tələbi 6 iyul tarixli qərarında yekdilliklə rədd edilmişdi. İndi isə işğalçı ölkənin dünyanın nüfuzlu qurumuna, yəni BMT Təhlükəsizlik Şurasına "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada"  adı altında çağırış etməsi sadəcə absurd görünür. Çünki Ermənistan dövləti 30 il Azərbaycan torpaqlarını işğal altında saxladığı vaxtlarda BMT TŞ-nin 4 qətnamə qəbul etməsinə baxmayaraq, ölkəmizin ərazilərini tərk etməmişdi.

Analoji hal 2022-ci ilin dekabr ayında da baş vermişdi. Ermənistan Fransanın dəstəyilə BMT Təhlükəsizlik Şurasına Bakını Qarabağ ermənilərinin "hüquqlarını pozmaqda" və Laçın dəhlizini "blokada" etməkdə ittiham edən sənədi irəli sürməyə çalışsalar da, Fransanın hazırladığı bəyanat layihəsi Azərbaycanın tərəfdaşları tərəfindən bloklandı və bunda ən fəal rol oynayan ölkələrdən biri də Rusiya oldu. Böyük Britaniya, BƏƏ və Albaniya da bəyanatın mətninə düzəlişlər təklif edib və bu da sənədin geri götürülməsində əsaslı rol oynayıb.

Bu uğursuzluğa baxmayaraq, haylar  BMT Təhlükəsizlik Şurasını yenidən öz yalanlarına alət etməyə çalışırlar. Hazırda BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən ən azı iki dövlət, Albaniya və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla strateji tərəfdaşdır və həmin dövlətlərlə  siyasi,  iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. Digər 4 ölkə isə Qabon, Qana, Mozambik və Ekvador Azərbaycanın Qoşulmama Hərəkatında tərəfdaşları olduğundan Ermənistanın bu dəfə də heç bir nəticə əldə edə bilməyəcəyinə ümid etmək olar.

Həmçinin Rusiyanın da buna ciddi səylə qarşı çıxacağı gözlənilir. Çünki Ermənistan istədiyinə nail olsa bu, Rusiyanın da regionda nüfuzunun aşağı düşməsinə böyük səbəb ola bilər. Yəni sülhməramlıların fəaliyyəti ciddi şəkildə kölgə altında qalar.

Ekspertlər də öz növbəsində Ermənistanın bu addımının manipulyasiya xarakterli olduğunu bildirirlər.  Məsələ ilə bağlı açıqlama verən politoloq Tural İsmayIlov qeyd edib ki,  Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla bir çox beynəlxalq təşkilatları proseslərə cəlb etməyə və bu proseslər nəticəsində də özü haqqında hansısa bir obraz yaratmağa çalışır: "Əslində Ermənistan bu gün Azərbaycanın sülhlə bağlı real təkliflərinə cavab vermək və həmçinin sülh sazişi imzalayaraq özünü və xalqını düşdüyü bəlalardan xilas etmək əvəzinə, situasiyanı bölgədə daha da gərginləşdirməyə səy göstərir.  Amma hər kəsə bəllidir ki, Azərbaycanın sülhlə bağlı çağırışlarına Ermənistanın adekvat cavab verməkdən başqa heç bir yolu qalmayıb. İşğalçı ölkə Cənubi Qafqazda sülhün mümkünsüzlüyü haqqında bir fon yaratmağa çalışır və bunun üçün də dünyanın müxtəlif təşkilatlarına dezinformasiya yarayır. Həmçinin feyk xəbərlərlə  digər dövlətləri aldatmağa və onları manipulyasiya etməyə cəhd edir. BMT Təhlükəsizlik Şurasının "Qarabağdakı vəziyyətlə bağlı "iclasını çağırmaqla, əslində üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə, beynəlxalq təşkilatları manipulyasiya vasitəsinə çevirir. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı Ermənistana qarşı çıxardığı məlum qətnamələrin yerinə yetirilmədiyini indi bütün dünya bilir. Əslində Ermənistan dövlət olaraq o qədər simasını itirib ki, 30 il ərzində çıxardığı qətnamələrə hörmət etmədiyi BMT Təhlükəsizlik Şurasını indi Qarabağ ətrafında saxta gündəmlə məşğul etməyə çalışır".

Musa BAĞIRLI,

"Respublika".