Sonu olmayan “humanitar şou”
Digər xəbərlər

Sonu olmayan “humanitar şou”

Bu günə qədər haylar manipulyasiya və spekulyasilarını Laçın dövlət sərhədi ətrafında cəmləşdirmişdi. Son günlər isə bu təxribat - "humanitar böhran" şousu Bərdə və Ağdam yoluna istiqamətlənib.

Belə ki, separatçılar Bərdə, Laçın və Ağdamdan ərzaq yardımını qəbul etməkdən yayınırlar. Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə ərzaq və qeyri-ərzaq məhsulları göndərdiyi yük maşını hələ də gözlədilməkdədir. Eyni zamanda Laçın dövlət sərhədi yaxınlığında Ermənistan ərazisində BQXK-nın bir TIR-ı da dayanıb.

Azərbaycan tərəfi yükün sərhəddən keçidini ölkə qanunvericiliyinə uyğun şəkildə təmin etməyə hazır olsa da, separatçılar bu yükü də qəbul etmək istəmirlər. Davam etməkdə olan bu çirkin təxribat əməli bunu deməyə əsas verir ki, məqsəd hayların "acından ölməsi"nin qarşısını almaq deyil. Haylar bu təxribatlarla vaxt qazanmağa çalışırlar.

Azərbaycan tərəfi Ermənistanı təxribat xarakteri daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırmışdı və baş verə biləcək hər hansı hadisəyə görə məhz rəsmi İrəvanın məsuliyyət daşıyacağını bildirmişdi. Edilən xəbərdarlıqlara baxmayaraq, iyulun 26-da Ermənistan nəqliyyat vasitələrini Laçın sərhəd-buraxılış məntəqəsində cəmləşdirdi. Bu, Ermənistan tərəfinin siyasi şousu, manipulyasiya və növbəti təxribat cəhdi idi. Hayların "gərgin humanitar vəziyyət" və ya "blokada" tipli böhtanları - siyasi manipulyasiya anti-Azərbaycan dairələri tərəfindən geniş miqyasda təbliğ edilir, beynəlxalq ictimaiyyət Ermənistanın növbəti bədnam planına şahidlik edir.

Ermənistanın "bacısı" Fransa da humanitar yük karvanına qoşularaq öz siyasi kampaniyalarını Cənubi Qafqazda sərgilədilər. Azərbaycanla razılaşdırılmadan bölgəyə yük karvanı cəlb edən fransızların arzusu elə ürəyindəcə qaldı. Fransanın da ermənilərin şousuna qoşulması heç də təəccüb doğurmur. Bununla, ölkəmizə qarşı təhdidlərin, təzyiqlərin xüsusi mərkəzlər tərəfindən hazırlandığı bir daha öz təsdiqini tapmış olur. Belə ki, Makronun göstərişi ilə Paris meri Ann İdalqo 10 yük maşınından ibarət "humanitar yardımı" Laçınla sərhədə gətirmişdi və arsızcasına qeyd edilir ki, bu yük karvanı sentyabrın 2-də xunta rejiminin guya "müstəqillik günü"nün ildönümü münasibətilə göndərilib.

Xatırladaq ki, haylar humanitar şounun əvvəllərində bir nəfərin aclıqdan dünyasını dəyişdiyini bildirmişdi. Lakin Xankəndidəki ziyafət fotolarının BMT-nin təcili iclasında ifşa olunmasından sonra bütün dünya humanitar şounun pərdəarxası ilə əyani tanış oldu. Bundan əlavə, hayların yardımları qəbul etməməsi humanitar böhranın olmamasına birbaşa işarədir.

Azərbaycanın humanist addımını geri çevirən haylar indi isə Rusiyanın yolladığı ərzaqdan da imtina edirlər ki, bu yüklər niyə Ağdam-Xankəndi yolu ilə göndərilir. Halbuki, Azərbaycan öz suveren ərazilərində məskunlaşmış erməni azlığına daha öncə humanizm nümunəsi göstərərək Qızıl Aypara Cəmiyyəti vasitəsilə 40 tonluq 2 yük maşınını humanitar yardım məqsədilə Ağdam-Xankəndi yoluna gətirdi. Hansı ki, bu yüklər hələ də "acından ölən" haylar tərəfindən qəbul edilmir. Növbəti dəfə Azərbaycan dövləti sübut etmiş oldu ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldadır və bölgədəki gərginlik məhz onlar tərəfindən yaradılır. Beynəlxalq aləm, aparıcı təşkilatlar, Beynəlxalq Qırmızı Xaç Komitəsi separatçıların bu müqavimətini ittiham etməkdənsə, "tolerans" göstərməyə davam edirlər. Yəqin ikili standartların adı qlobal güclər üçün bu ifadə ilə dəyişib. Unudurlar ki, normallaşma prosesi dondurulduqca separatçılar Qarabağda, Rusiya hərbi kontingentinin yerləşdiyi ərazilərdə istehkamlar qurur, minalar basdırırlar. Laçın dövlət sərhədinin fəaliyyəti nəticəsində ifşa edilən bu cür təxribat əməlləri sübut edir ki, bölgədə gərginliyin yeganə səbəbkarı məhz "acından ölən" haylardır. Bu cinayətlərdə isə bu günə qədər baş rol BQXK-da idi. Hansı ki, qaçaqmalçılıq ilə məşğul olan humanitar təşkilat hayların istəklərini bir-bir yerinə yetirirdi. İndi də bu "humanitar" qurum haylarla əlbir olub Rusiya Qırmızı Xaç Cəmiyyətinə təzyiq göstərək humanitar yüklərin əraziyə cəlb edilməsinə nail oldular.

Laçın yolunun "indi" açılmasını ona görə istəyirlər ki, Ermənistan istehsalı olan minaların daşınmasını davam etdirsinlər və təxribatların növbəti fazasında əllərini daha da gücləndirsinlər. Məhz bu səbəbdən - Azərbaycan bayrağının Xankəndidə dalğalanmasının əngəllənməsindən ötrü hər cür çirkin əməllərə, beynəlxalq ictimaiyyəti aldatmağa əl atırlar.

Hayastan bununla göstərir ki, regionda sülhə maraqlı deyil. Hayların törətdiyi təxribatlar regionda sabitliyə təhlükə yaradır. Paşinyan rejiminin revanşist addımları, Vətən müharibəsindəki parlaq zəfərimizi həzm edə bilməməsi bölgədəki gərginliyi hər keçən gün daha da artırır. 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə sülhə maraqlı olduğunu, sülh prosesində önəmli addımlar atacağını bildirən baş nazir Nikol Paşinyan reallığa gəldikdə beynəlxalq ictimaiyyətə yalan məlumatlar verməyə davam edir. Azərbaycanın Cənubi Qafqazda sülh və sabitlik istəməsinə baxmayaraq, Ermənistan hakimiyyəti və Qarabağ separatçıları, o cümlədən onların dünyadakı havadarları gərginliyi artırmaq üçün əllərindən gələni edirlər. İstər "humanitar şou", istərsə də reinteqrasiyadan yayınma cəhdləri bunu deməyə əsas verir ki, sülh prosesində əsaslı addım atmaq ləngiyir. Hərb meydanında qazanılan zəfərin diplomatik sferadakı təsdiqinin ardınca hayların revanşist hisslərinin artması başa düşülən olsa da, irəliləyən zaman ərzində düşmən sülhə məcbur edilməli, regionda əsaslı sabitlik və inkişaf dövrünün əsası qoyulmalıdır.

Nurlan ABDALOV,

"Respublika".