Ermənistan beynəlxalq instansiyalarda “timsah gözyaşı
Siyasət

Ermənistan beynəlxalq instansiyalarda “timsah gözyaşı" axıdır

Ermənistan parlamentinin sədri Alen Simonyan Avropa Şurası parlament rəhbərlərinin İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Konfransında yalan və böhtan dolu çıxış edib. Simonyan Azərbaycan tərəfini bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirib. O, ölkəmizin Qarabağdan erməni sakinlərin qovulması planını icra etdiyini deyib. Əlbəttə, bu iddialar tamamilə əsassızdır. Görünür, azərbaycanlılara qarşı soyqırımı, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirən Ermənistan tərəfi hər bir dövlətin bənzər yanaşma tətbiq etdiyini və eyni anlayışa sahib olduğunu düşünür. Amma reallıq odur ki, hazırda erməni sakinlərin Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır. Eyni zamanda Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası istiqamətində konstruktiv addımlar atır.

Məhz bu səbəbdən də  Simonyanın açıqlamaları Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olub. Ermənistan parlamentinin sədrinin uydurma iddialarına Milli Məclisin spikeri Sahibə Qafarova cavab verib. Onun sözlərinə görə, sülh və təhlükəsizlik qanunun aliliyi, demokratiya və inklüziv inkişaf üçün vacibdir. Sülhün təməlində isə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət dayanır. Sahibə Qafarova qeyd edib ki, Ermənistan son aylarda Qarabağ bölgəsində qondarma "blokada", "humanitar böhran"la bağlı yalan və əsassız iddialar əsasında manipulyasiya etməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb. Azərbaycanın təklifi ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə bu əraziyə eyni vaxtda yüklərin daşınması isə bu iddiaları puça çıxarıb.

Azərbaycan 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması və suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Üç ildir ki, Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün bütün vasitələrdən, o cümlədən hərbi-siyasi təxribatlar, ərazilərin minalanması, Azərbaycan ərazilərində separatizmin davam etdirilməsi kimi vasitələrdən istifadə edib. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvələri və qanunsuz marionet rejiminin mövcudluğu regionda sülhün və sabitliyin əldə olunmasına əsas maneə olub. Sentyabrın 19-da isə Ermənistanın növbəti hərbi təxribata əl atması nəticəsində hərbi qulluqçularımızın və mülki vətəndaşımızın həlak olduğunu söyləyən parlamentin spikeri qeyd edib ki, bu təxribatlara cavab olaraq Azərbaycan qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə alaraq lokal antiterror tədbirlərinə başlayıb. Bu tədbirlər zamanı mülki əhali və obyektlər heç bir halda hədəfə alınmayıb və bununla bağlı iddialar tamamilə əsassızdır. Əksinə, ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı da bu məsələyə toxunub: "Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi". Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcək. Proses Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun şəkildə həyata keçiriləcək.

Göründüyü kimi, Simonyanın çıxışının tamamilə boş sözlərdən ibarət olduğunu göstərən kifayət qədər faktlar var. Elə bu səbəbdən də Simonyanın açıqlamaları ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir ki, əzabkeş cildinə girərək "timsah gözyaşı" axıdan Simonyan öz çıxışında guya Ermənistanın xarici təzyiqlərlə üzləşməsi təəssüratı yaratmağa çalışıb, dünyanın diqqətini çəkə bilmək üçün də ölkəsinin demokratiya və insan hüquqlarına bağlı olduğunu deyib. Amma hər kəsə məlumdur ki, Ermənistanda heç vaxt demokratik və qanunun aliliyinə hörmət edən quruluş olmayıb. 2018-ci ildə əvvəlki cinayətkar rejimi çevriliş yolu ilə devirmiş hazırkı hökumət ideologiyası və siyasi xətti baxımından öz sələflərindən qətiyyən fərqlənmir. Onların millətçi və ksenofob ideologiyası, total etnik təmizləmə və ərazi ekspansiyası siyasətinin əlamətləri hələ də qalır.

Odur ki, Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası üçün bütün şəraiti yaratmış Azərbaycanı "etnik təmizləmə"də əsassız şəkildə ittiham etmək əvəzinə Simonyan niyə Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlının qalmaması və Ermənistanın onların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasına imkan verməməsinə dair izahat verməlidir. Ermənistan xarici dairələrin maşası olmaqdansa, davamlı sülh üçün yaranmış fürsəti lazımınca dəyərləndirməli və ərazisindən qovulmuş azərbaycanlıların qayıdışını təmin etməlidir.

Jalə QASIMZADƏ,

"Respublika".