Ermənistan beynəlxalq hüququn iradəsinə tabe edilməlidir
Digər xəbərlər

Ermənistan beynəlxalq hüququn iradəsinə tabe edilməlidir

Hayların təcavüzkarlıq siyasəti onların çirkin xislətinin mahiyyətinin əsasını təşkil edir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilmiş qruplaşmalar tərəfindən həyata keçirilmişdir.

Hayların Cənubi Qafqaza kütləvi halda köçürülməsi çar Rusiyasının rəsmi dövlət orqanlarının sənədlərində də öz əksini tapmışdır. Həmin arxiv sənədlərinin azərbaycanlılar tərəfindən tərtib edilməməsi məsələnin şəffaflığı və neytrallığını sübut edən başlıca amildir. Haylar əzəli Azərbaycan torpaqlarına yerləşdirildikdən sonra terror təşkilatları yaratmış və azərbaycanlıları dədə-baba torpaqlarından sıxışdırıb çıxarmışlar. XIX əsrin sonlarında İrəvanda bazar meydanındakı qarşıdurmada və daha sonra 1905-1906-cı illərdə erməni terror-siyasi təşkilatları tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsində, soydaşlarımızın ev-eşiklərindən didərgin salınmasında ermənilərə havadarlıq edən qüvvələrin də əli var. Bütün bunlar uydurma, tarixdə heç bir zaman olmayan "böyük Ermənistan" qurmaq məqsədilə həyata keçirilirdi. Bütün arxiv sənədlər, ermənilərin Cənubi Qafqazda aborigen olmadıqlarını və onların böyük güclərin bəlli məqsədləri üçün xarici ölkələrdən köçürülərək Azərbaycan torpaqlarına yerləşdirilmələrini sübut edir.

Tarixə nəzər salsaq görərik ki, erməni terror-siyasi təşkilatları Birinci Dünya müharibəsi illərində əvvəlcə Şərqi Anadoluda, sonra Cənubi Azərbaycanda, Cənubi Qafqazda - İrəvan, Tiflis quberniyalarında və indiki Azərbaycan Respublikasının müxtəlif yerlərində dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Bu qətliamların ən dəhşətlisi isə 1918-ci ildə Bakı və Abşeron yarımadası və digər bir sıra rayonlarımızda həyata keçirilən soyqırımları olmuşdur. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi kütləvi soyqırımlarının əsası 1918-1920-ci illərdə həyata keçirilmişdir. Eyni zamanda törədilən kütləvi qırğınlarla bağlı xeyli fotoşəkillər mövcuddur. Erməni terror-siyasi təşkilatlarının fəaliyyətinə dair fotoşəkillərin bir qismini Moskvada Krasnoqorsk Foto-Kino Sənədlər Arxivindən və Tbilisidəki arxivlərdən əldə etmək mümkündür. Bununla yanaşı, hayların törətdikləri qırğınlara dair ABŞ Milli Arxiv və Hesabatlar İdarəsində də sənədlər mövcuddur.

Cənubi Qafqazda Ermənistan adlı bir dövlət heç bir zaman olmayıb. Azərbaycan İrəvan şəhərini Ermənistana paytaxt olaraq güzəştə gedib ki, bunun da rəsmi sənədləri mövcuddur. Məhz həmin sənədləri də azərbaycanlılar tərtib etməmişdir. Quruluşu zamanı ərazisi təxminən 9 min kvadratkilometr olan Ermənistan ərazisini kütləvi qırğınlar və işğallar hesabına genişləndirərək regionda saxta tarix yaratmaq cəhdi keçmişdə olduğu kimi, bu gün də uğursuz olacaq.

Suriya və Livandan gələn ermənilərin Qarabağda məskunlaşdırılması prosesi regionun etnik tarixinə vurulan ən böyük zərbələrdən biridir. İlkin olaraq Ermənistan nəinki hər hansı bir terror qruplaşmanın üzvlərini Qarabağda məskunlaşdıra, hətta öz yerli əhalisini belə burada saxlaya bilməzdi. Lakin ikili standartlar əsasında çalışan beynəlxalq hüquq bu gün Qarabağın tarixinin saxtalaşdırılmasına səssiz qalmaqda davam edir.  Britaniyanın "The Economist" nəşri yazır ki, Suriya ordusunda döyüşmüş suriyalı gənclərin bəziləri Qarabağda dislokasiya olunmuş Ermənistan ordusunun ön xətt bölmələrində könüllü xidmət edirlər. Lakin onlardan bəziləri sərhədə yaxın kəndlərdə qalmağı seçsələr də, hərbi xidmət keçməmək üçün Ermənistan vətəndaşlığı üçün müraciətlərini təxirə salırlar.

Yaxın Şərqdə baş verən müharibələrdən  qaçan minlərlə erməninin və bununla yanaşı, terrorçuların Azərbaycanın 30  ilə yaxın işğalda olan Qarabağ regionunda məskunlaşdırılması hərbi və siyasi cinayət statusu daşıyır. Dövlətimiz suriyalı ermənilərin Qarabağda məskunlaşdırılmasını Cenevrə konvensiyasının pozulması kimi qiymətləndirib, Ermənistanın Suriya ermənilərini işğal altındakı Azərbaycan ərazilərinə köçməyə təşviq etdiyini, bunun qəbuledilməz və yolverilməz olduğunu bildirsə də, bu məsələ də digər məqamlar kimi həllini tapmadı. Rusiyanın "İnterfax" agentliyinin məlumatına görə, məskunlaşdırmanın Qarabağ münaqişəsinin nizamlanma prosesindəki problemləri daha da artırdığını söyləmişdi.

Bu azmış kimi, Ermənistanın "Ana Vətən" partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin  keçmiş direktoru  Artur Vanesyan əvvəllər işğal altındakı Qarabağ regionuna səfəri zamanı heç bir ərazinin Azərbaycana qaytarılmayacağını deyirdi. Üstəlik, Vanesyan bu torpaqlarda ermənilərin məskunlaşdırılması proqramını dəstəkləyirdi: "Obyektiv qiymətləndirsək, deyə bilərik ki, məskunlaşdırma proqramı ölkəmizin təhlükəsizliyinin əsası olacaq. Bu proqramla xalqımıza və bütün dünyaya, bizi şantaj etmək istəyən hər kəsə xüsusi mesaj göndəririk ki, torpaqları qaytarmaq niyyətimiz yoxdur", ifadəsi düşmən ölkənin bu məsələdəki mövqeyini göstərirdi.

Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, terrorizm, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dünya birliyi ikili standartları kənara qoyub Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anti-Azərbaycan siyasətinə son qoyulması istiqamətində tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalı və təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidir.

Nurlan ABDALOV,

"Respublika".