Erməni vəhşiliyinin şahidi abidələr
Digər xəbərlər

Erməni vəhşiliyinin şahidi abidələr

Ağdam şəhərini və onlarla kəndi erməni işğalçılar xarabalığa çevirib, daşı daş üstündə qoymayıblar, ən çox da bu qədim diyardakı abidələri, kurqanları, dini məbədləri dağıdıb, xain erməni xisləti ilə tariximizi yer üzündən silməyə cəhd ediblər. İşğaldan azad edilən Ağdam şəhərində və ətraf ərazilərdə çox kədərli, ikrah doğuran, iyrənc bir mənzərə ilə rastlaşırıq. Otuz ilə yaxın bu qədim yurd yerimizi qarət edərək insana yaraşmayan qəddarlıqla bütün qəbiristanlıqları məhv edən ermənilər xalqımızın tarixi-mədəni abidələrinə qarşı soyqırımı törədərək qaniçən, nadan və qərəzli bir toplum olduğunu nümayiş etdiriblər.

Qarabağın dilbər guşəsi, muğam mərkəzi, mənəvi dəyərləri, görkəmli alimləri, qəhrəman oğulları ilə məşhur olan Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşir. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Şimalda Tərtər və Bərdə rayonları, cənubda Xocavənd, şərqdə Ağcabədi rayonu, qərbdə isə Kəlbəcər rayonu və Xocalı şəhəri ilə həmsərhəddir. Tarixi-dini, memarlıq abidələri və ziyarətgahları ilə zəngin, qədim yaşayış məskəni olan Ağdam xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən abidələr diyarıdır. Belə ki, rayon ərazisində 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə olub.

Təəssüf ki, 1993-cü il iyul ayının 23-də Ermənistan və onun havadarları tərəfindən işğal edilən Ağdam şəhəri və kəndlər dağıdılıb. İşğal nəticəsində Ağdam rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilib, yandırılıb və məhv edilib. Keçmiş sovetlər dönəmində, XX əsrin 50-ci illərindən sonra aparılan arxeoloji tədqiqatlar zamanı aydın olub ki, Üçoğlantəpə deyilən yerdə ilk qədim insanlar bu ərazidə altı-səkkiz min il bundan əvvəl, yəni, eneolit dövründə (e. ə. IV-VI minilliyi əhatə edir) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə yiyələnmişlər. Rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə aparılan arxeoloji tədqiqatlar zamanı eneolit və orta tunc dövrünə aid (e. ə. II minilliyin birinci yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkarlanmışdı.

Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də ermənilər tərəfindən dağıdılıb. Ağdam şəhərinin Qaraağacı qəbiristanında Uğrulla bəyin türbəsi (XIX əsr), Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara, eləcə də rayonun ərazisində mövcud olan çoxlu sayda tarixi, mədəni və dini abidələr ermənilər tərəfindən qəsdən və bilərəkdən məhv edilib. Yəqin ki, ermənilər tərəfindən törədilmiş cinayətlər cəzasız qalmayacaq və canilər buna görə cavab verəcəklər.

Ağdam şəhəri 2020-ci il noyabr ayında bir güllə atılmadan işğaldan azad ediləndən sonra Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən İmarət adlanan ərazidə bərpa işlərinə başlanılıb. Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi üçün ilkin konsepsiya layihəsi İtaliyanın "ArtCloud Network International s.c.r.l." şirkəti tərəfindən hazırlanıb. Kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək. Kompleksin ilkin layihələndirilmə işləri üçün tələb olunan maliyyə vəsaitinin qrant qismində Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur. İmarət kompleksində XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi yenidən ucaldılıb. Onu da deyək ki, Prezident İlham Əliyevin 2022-ci il 14 mart tarixli Sərəncamı ilə bu il respublikamızda Xurşidbanu Natəvanın 190 illiyi qeyd olunur və bu abidə yubileyə ən yaxşı töhfədir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.

Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın cinayətkar rejimi və onların havadarları 30 ilə yaxın Qarabağda şəhərləri, kəndləri xarabalığa çeviriblər. Bu yerlərdə erməni vəhşiliyinin, vandallığının miqyası çox genişdir, təbiətə vurduqları zərərin nəticələri dəhşətlidir. Erməni faşistlər xalqımızın mədəni-dini abidələrini yerlə-yeksan edib, tariximizi yer üzündən silməyə cəhd göstəriblər. İslam dünyasının müqəddəs yerlərindən biri olan, məscidləri söküb dağıdan erməni vəhşiləri qatı düşmənçilik ruhunda bu məkanları murdarlayıb, dini inanclarımızı təhqir ediblər. Özlərini dünyaya "yazıq", "məzlum" xalq kimi təqdim edən erməniliyin əsl siması başqa xalqlara qarşı dözümsüzlük, düşmənçilik və barbarlıqdır. Heç uzağa getmək lazım deyil, Qarabağda törətdikləri vəhşilik onların murdar xislətindən xəbər verir.

Ağdam şəhərindəki məscid 1870-ci ildə inşa edilib və bu günədək bir çox tarixi hadisələrin, müsibətlərin, faciələrin şahididir. Birinci Qarabağ müharibəsində 6 mindən çox şəhidimizin kəfn-dəfn işləri burada aparılıb. Məscid Xocalı faciəsi zamanı azərbaycanlıların başına gətirilən müsibətlərə, ağıla sığmayan dəhşətlərə şahidlik edib. Artıq bir müddətdir ki, tarixi-dini abidə Heydər Əliyev Fondu tərəfindən təmir edilir. Ağdamlılar əmindirlər ki, Ağdam Cümə məscidi tezliklə bərpa edilərək xalqımızın istifadəsinə veriləcək.

Düşmənlərin erməniləşdirmək istədikləri Şahbulaq qalası Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilib. XVIII əsr qala divarları iki əsrdən çoxdur ki, öz möhtəşəmliyini qoruyub saxlayıb. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulağın adından - Şahbulağından götürülüb. Qalada təmir işləri aparılıb və bu möhtəşəm qala turizmin inkişafına geniş imkan yaradır.

  Salman ALIOĞLU,

 "Respublika".