Erməni nağıllarının
Siyasət

Erməni nağıllarının "qəhrəman"ları

Özünü demokratiyanın və insan haqlarının "beşiyi" sayan Parisin küçələri peyin qoxuyur, bəzi yerlərdə zibil topaları əmələ gəlib, hətta mərkəzi küçələrin çoxu tullantılar səbəbindən bağlanıb. Xəbər agentliklərinin yaydıqları məlumatlara görə fransalı fermerlər hökumətin yarıtmaz fəaliyyətinə, yanacağın bahalaşmasına, istehsal etdikləri məhsulların satılmamasına etiraz olaraq tətilə başlayıblar. Onların bu təşəbbüsünə digər Avropa ölkələrinin fermerləri də qoşulublar.

Bir neçə gündür ki, yayılan xəbərlərdən aydın görünür ki, rəsmi Paris fermerlərin haqlı narazılığına göz yumur, məhsul istehsalı ilə məşğul olan adamlara biganə münasibət göstərilir. Fermerlərin etiraz dalğası isə günü-gündən böyüyür, Parisin küçələrindən qalxan pis qoxular Fransanın prezidenti müsyo Makronun başqa ölkələrdə "demokratiya" dərsi keçməsinə, insan haqlarından "danışması"na sanki təkan verib. Belə ki, etirazçıları küçələrdə qoyaraq hansısa xarici ölkəyə səfərə gedib. Görünən odur ki, fermerlərin etirazı Makron hakimiyyətini qətiyyən maraqlandırmır, onlar indi daha çox Ermənistana, haqları "pozulan" haylara, separatçıların müdafiəsinə, Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirməyə cəhd edirlər. Əbəs yerə demirlər ki, yel qayadan heç nə qopara bilməz.

Avropa, avropalı parlamentarilər, müsyo Makron kimi sifətinə yumurta çırpılan bəzi siyasilər, ağa qara deməyə vərdiş edən bir çox beynəlxalq təşkilatlar insan haqları haqqında danışmağı çox sevirlər. Bu saxta "sevgi" yalnız sözdədir, əməldə həmişə onun əksi görünür. Necə deyərlər, "qoca qitə"də köhnə hamam, köhnə tasdır. ABŞ başda olmaqla, Fransa 30 il Qarabağ münaqişəsinin həll edilməsinə vasitəçilik etsə də, çox təəssüf ki, daşlar yerindən tərpənmədi. Erməni təəssübkeşliyi həmin ölkələrin siyasi dairələrinin yaxasında qəlp medal kimi parıldadı, işğalı dondurmağa, Azərbaycanı erməni təcavüzü ilə barışmağa, torpaqlarından əl çəkməyə cəhdlər edildi. Düz otuz il ATƏT-in həmsədr ölkələrinin nümayəndələri dəstə ilə gəldilər, baxdılar, getdilər.

Azərbaycan xalqının üzləşdiyi saxta, qurama problemi, keçmiş Dağlıq Qarabağ münaqişəsini Azərbaycan ordusu cəmi 44 günə və üstəgəl 23 saata həll etdi. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Bu tarixi qələbə Ermənistanla bərabər, ermənipərəst Avropa ölkələrində əsl şok yaratdı, saman altından su yeridən Fransa öz düşmən mövqeyini açıb göstərdi. Sonra Avropa Şurası sülh danışıqlarında vasitəçilik etməyə başlasa da üç ildən çoxdur ki, heç bir nəticə yoxdur. Əksinə, AŞPA öz qərəzli, çirkli mövqeyi ilə Azərbaycana qarşı təzyiq etməyə can atır, rüşvətə və korrupsiyaya bulaşan parlamentarilər əleyhimizə qətnamə qəbul edirlər.

Bu təşkilatın iç üzü çoxdan açılıb, açıq şəkildə görünür ki, Avropa Parlamentinin bir çox üzvləri müxtəlif erməni lobbi təşkilatlarının təsiri altındadır və ermənilərin pul kisəsindən asılıdırlar. Siyasi şərhçilərin qənaətinə görə faktiki olaraq bu gün elə bir şərait yaranıb ki, Avropa Parlamentində siyasi korrupsiya özünün pik həddinə çatıb. Təxminən iki il bundan əvvəl, daha doğrusu, 9 dekabr 2022-ci ildə Belçika polisi Avropa Parlamentində fəaliyyət göstərən korrupsiya şəbəkəsinin üzvləri olan bir neçə deputatı həbs etdi. Saxlanılanlar arasında Avropa Parlamentinin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə göstərdi ki, "avroparlament" korrupsiya və rüşvətxorluq yuvasına çevrilib. Bu isə, öz növbəsində, rüşvətxorluq və korrupsiyanın Avropa institutlarında artıq sistemli xarakter aldığını göstərir. Bitərəflilik, qərəzlilik, riyakarlıq, saxtalıq bəzi parlamentarilərin gündəlik menyusunda xüsusi yer tutur. Həmin deputatlar adətən Azərbaycana qarşı iddia irəli sürəndə istisnasız olaraq Ermənistan KİV-dən və digər erməni mənbələrindən istifadə edirlər. Qəbul etdikləri qətnamənin ruhu, orada "faktların" təqdim edilmə tərzi belə bir nəticəyə gəlməyə əsas verir ki, bu sənədin birbaşa müəllifləri ermənilər olmasa da, o erməni lobbi təşkilatlarının təsiri altında olan hayların iştirakı ilə hazırlanıb. Qədim İrəvan şəhərində küçələrdə daşnaklar, separatçılar nə qırıldayırsa həmin cəfəng fikirlər AŞPA-nın Azərbaycan əleyhinə yazılan sənədlərində öz əksini tapır. Bəzi avropalı parlamentarilər özlərini erməni nağıllarının "qəhrəman"ı kimi aparırlar. Ona görə də nağıllarda deyildiyi kimi, göydən düşən üç almanın üçü də erməni bağındandır. Anlamaq lazımdır ki, nağıl, illüziya, rəvayət, xam xəyallar siyasi meydanlarda ayaq tutub yerisə də, ömrü çox gödək olur, haqqın qarşısında tab gətirə bilmir.

Salman ALIOĞLU,

"Respublika".