Dövlətimiz öz mövqeyindən heç zaman geri çəkilmir
Siyasət

Dövlətimiz öz mövqeyindən heç zaman geri çəkilmir

Həkəri çayının üzərində nəzarət-buraxılış məntəqəsinin qurulması bunu bir daha təsdiq etdi

İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrud, Suqovuşan və digər qəsəbələr, o cümlədən 300-ə yaxın yaşayış məntəqəsi düşmən işğalından azad edildi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan 9 bənddən ibarət üçtərəfli Bəyanatla münaqişə zonasında hərbi əməliyyatlar dayandırıldı. Bəyanatı imzalayan tərəflər üzərlərinə müəyyən öhdəliklər götürdülər.

Sənədə əsasən, Ermənistan Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla geri qaytardı. Bəyanatın 4-cü bəndində Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi nəzərdə tutulurdu.

Lakin Ermənistan müharibədən xeyli vaxt keçməsinə baxmayaraq, qanunsuz silahlı birləşmələrini ölkəmizin ərazilərindən çıxarmır, Qarabağda qeyri-qanuni məskunlaşmış separatçı qüvvələri silah-sursatla təmin edir, təbii sərvətlərimizi Laçın yolu vasitəsilə daşıyırdı. Dəfələrlə xəbərdarlıqlara, beynəlxalq səviyyəli görüşlərdə verilən mesajlara məhəl qoymayan qarşı tərəf himayədarlarına arxalanaraq tarixi torpaqlarımızda təxribatlar törətməyə davam edirdi.

Ötən il fevral ayının 18-də Münxendə keçirilən görüşdən sonra ölkəmiz tərəfindən Laçın yolunda ikitərəfli qaydada nəzarət-buraxılış məntəqəsinin yaradılması təklifi irəli sürülmüşdür. Çünki təbii ehtiyatlarımızın Ermənistan tərəfindən qanunsuz istismarının qarşısını almaq, tarixi ərazilərimizdə xunta rejiminə son qoymaq üçün Azərbaycan müəyyən tədbirlər görməyə məcbur idi. Əks təqdirdə, vətənimizin ayrılmaz tərkib hissəsi olan Qarabağ talan edilirdi.

Qeyd edək ki, azərbaycanlı ekofəallar düşmən ölkə tərəfindən "Qızılbulaq" qızıl, "Dəmirli" mis molibden yataqlarının istismarına, həmçinin Ermənistandan ölkəmizin ərazilərində olan erməni silahlı birləşmələrinə silah-sursat daşınmasına, sərhəd boyu minaların basdırılmasına qarşı Laçın-Xankəndi yolunda 138 gün etiraz aksiyası keçirmişlər. Aprel ayının 23-də isə Qarabağ və ətraf rayonlarımızda qeyri-qanuni yerləşən xuntaçılara canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaq məqsədilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazilərimizdə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaradıldı. Ümumiyyətlə, nəzarət-buraxılış məntəqələrinin yaradılması hər bir suveren ölkənin beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirdiyi prosedurdur ki, bu da ilk növbədə, ölkələr arasında təhlükəsizliyin təmin olunmasına xidmət edir. Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurması da məhz bu məqsədi daşıyır. Təbii ki, ölkəmizin bu addımına da düşmən ölkə və havadarları öz mənafelərinə uyğun don geyindirdilər. "Tır şousu" ssenarisi əsasında Qarabağda məskunlaşan ermənilərin "humanitar blokada" vəziyyətini əks etdirən tamaşa qurdular. Ermənipərəst ölkələr isə bu tamaşada onlara həvalə olunan baş rolu məharətlə oynadılar. Lakin tamaşa ilk baxışdan maraqlı görünsə də, "anşlaqla" qarşılanmadı, bir-iki candərdi əl çalanlar istisna olmaqla...

Azərbaycanın haqlı tələbinə isə heç bir qüvvə təsir göstərə bilmədi, dövlətimizin suveren hüquqları çərçivəsində Laçın-Xankəndi yolunun başlanğıcında, Azərbaycan-Ermənistan sərhədində Həkəri çayının üzərində nəzarət-buraxılış məntəqəsi quraşdırıldı.

Ermənistanla Qarabağ arasında hərəkətə nəzarət etmək üçün avtomobillərin nəzarət-buraxılış məntəqələrində yoxlanılması ilə yanaşı, pasport nəzarəti də həyata keçirilir ki, bu da ümumilikdə regional təhlükəsizlikdə mühüm əhəmiyyət kəsb edir. Ən başlıcası isə 2023-cü il aprelin 23-də Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbayan ərazi bütövlüyünü tamamilə təmin etdi və suverenliyimizin bərpası ilə nəticələnən antiterror tədbirlərinə zəmin yaratdı. Beləliklə, 2020-ci ilin 10 noyabrından ötən il sentyabrın 19-20-dək olan müddət ərzində Cənubi Qafqazın lider dövləti Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi.

Mehparə ƏLİYEVA,

"Respublika".