Ərazilərin minadan təmizlənməsi prioritetdir
Siyasət

Ərazilərin minadan təmizlənməsi prioritetdir

İkinci Qarabağ savaşından 3 ildən çox vaxt keçməsinə baxmayaraq, vaxtilə işğal altında olan ərazilərdə basdırılmış minaların yaratdığı təhlükə davam edir. Əfsuslar olsun ki, müharibədən sonra da rəsmi İrəvanın mina terroru özünü büruzə verir, mülki vətəndaşlarımız mina partlayışları nəticəsində həyatını itirir. Aprelin 2-də də 4 mülki şəxs işğaldan azad olunmuş ərazilərdə minaya düşərək ağır xəsarət alıblar. Yaralılardan birinin hər iki ayağı amputasiya olunub. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan bu günədək 350 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub. Onlardan 65-i həyatını itirib, 285-i isə ağır yaralanıb Ermənistanın bu bədnam siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında yer alır.

Hələ işğal dövründə xain düşmən torpaqlarımızda 1.5 milyondan çox mina basdırıb. Ermənistan bu addımı ilə "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozub. Bununla yanaşı, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Hayastan tərəfindən pozulub. Sözügedən beynəlxalq sənədlərdə münaqişə tərəflərinin müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrini təhvil verməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürməsi vurğulanır. Əfsuslar olsun ki, Ermənistan bu öhdəliklərin heç birinə əməl etmir.

Əraziləri minalamaq nə qədər asan olsa da, torpaqları minalardan təmizləmək olduqca çətin prosesdir. Minalar mülki şəxslərin həyatı üçün təhlükə olmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də maneə yaradır. Ermənistanın ümumilikdə ölkəmizə qarşı hərbi təcavüzünün başladığı dövrdən bu günədək 3429 nəfərə yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının arasında uşaq və qadınların olması da təəssüf doğurur. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, minalar Böyük Qayıdış prosesinə də ciddi əngəl törədir. Bu yaxınlarda Ermənistan tərəfi beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaq məqsədilə işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim etmişdi. Amma Kəlbəcər rayonunun Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarət formulyarlarda məlumatlar qeyri-dəqiq, etibarsız və natamamdır. Halbuki, normativ texniki qaydalara müvafiq olaraq, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar əks olunmalıdır. Amma formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu məlum olmuşdu.

Azərbaycanda minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına həyata keçirilir. Respublikamız problemlə bağlı bir sıra xarici ixtisaslaşmış qurumlarla əməkdaşlıq edir. Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində görür. Bu baxımdan, dövlətimiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edib. Dövlətimiz özünün mina  probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Dünyada baş verən münaqişələr və mina fəsadlarının artması fonunda ölkəmiz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Bununla yanaşı, 4 il ərzində sədrlik etdiyimiz Qoşulmama Hərəkatında respublikamızın təklifi ilə Humanitar minatəmizləmə və əlaqəli məsələlərdə məsləhətləşmə və praktiki əməkdaşlıq üzrə Təmas Qrupunun yaradılması razılaşdırılıb. Həmçinin dövlətimizin təşəbbüsü ilə UNESCO silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının xüsusi bir istiqamət kimi, minaların mülkiyyətə təsiri mövzusunda xüsusi qətnamə də qəbul edilib. Prezident İlham Əliyevin ötən ilin mayında Ağdamda "Mina təhlükəsizliyi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti zamanı söylədikləri də problemin aktuallığını bir daha təsdiqləyir: "Bugünkü konfrans mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə "minalardan təmizlənmiş dünya" miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir".                                                                                                                     

Sonda isə Ermənistana bu və ya digər formada dəstək olan dövlətlər - xüsusilə də Fransa, Hindistan, ABŞ mövcud reallıqları görməli, mina terroru törədən Ermənistanı dəstəkləməkdən imtina etməlidirlər. Bu gün ərazilərimizi minalarla çirkləndirməklə yüzlərlə insanın ölümünə səbəb olan Ermənistana dəstək, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə yanaşı, vicdan və ədalət anlayışına da ziddir.

Nəzrin ELDARQIZI,

"Respublika".