Enerji təhlükəsizliyi sahəsi üçün yeni infrastrukturlar yaradılır
İQTİSADİYYAT

Enerji təhlükəsizliyi sahəsi üçün yeni infrastrukturlar yaradılır

Müstəqil Azərbaycanın uğurlu siyasəti onu regionun lider dövlətinə çevirməklə yanaşı, həmçinin irimiqyaslı layihələrin təşəbbüskarı və icraçısı kimi də tanıdıb.

Regional gücə çevrilən Azərbaycan dövləti ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlara imza atıb. Bütövlükdə Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizinin təşəbbüskarı olan ölkəmiz bu gün qitənin etibarlı elektrik enerjisi təchizatçısı rolunu oynayır. Zəngin təbii enerji resurslarına sahib olması Azərbaycanın enerji təhlükəsizliyi sahəsində dünya ölkələri arasında vacib aktor kimi çıxış etməsinə geniş imkan yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Şimal" Elektrik Stansiyasının yeni estakadasının, su nasos stansiyalarının və "Şimal" Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Son 20 ildə Xəzər dənizində suyun səviyyəsinin iki metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, ümumi gücü 800 MVt olan "Şimal" Elektrik Stansiyasının işində ciddi çətinliklər yaratmışdı. Çünki suyun səviyyəsinin gündən-günə aşağı düşməsi stansiyanın soyutma suyu ilə təchiz olunmasında ciddi problem yaradırdı və ən böyük həcmdə enerji istehsal edən "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz idi. Bu təhlükəni aradan qaldırmaq üçün təxirəsalınmaz şəkildə "AzərEnerji" ASC tərəfindən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluğunda estakada və 2 yerdə su nasos stansiyası tikilib. Estakadanın möhkəmliyini təmin etmək məqsədilə hər birinin uzunluğu 30 metr olan 1000 ədəd dəmir boru svay 20 metr dənizin dibinə vurulub və betonlanıb.

Hazırda hər birinin məhsuldarlığı saatda 9 min kubmetr olan 8 nasosdan 2-si ehtiyatda saxlanılmaqla, 6 ədədi daim işlək vəziyyətdə olur. Bununla da nasoslar vasitəsilə dənizin 8,5 metr dərinliyindən götürülən aşağı temperaturda 54 min kubmetr su mövcud kanala vurulur. Bakının Şüvəlan qəsəbəsində yerləşən, ümumi gücü 800 MVt olan "Şimal" Elektrik Stansiyasının ərazisində "AzərEnerji" ASC tərəfindən daha bir yenilik edilərək, istifadə olunub dənizə axıdılan soyutma suyunun üzərində 300 kVt-luq kiçik su elektrik stansiyası tikilib. Kiçik su elektrik stansiyasının tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb. Bu stansiya vasitəsilə il ərzində 2,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal ediləcək ki, bu da "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə, bu günə qədər "Şimal" Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.

 Qeyd edək ki, Azərbaycanın regionda enerji asılılığı olmayan və bu sahədə müstəqil siyasət yürüdən dövlət kimi çıxış etməsinin əsasları müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində formalaşdırdığı enerji strategiyasına əsaslanır. Məhz həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Qafqazda ən iri istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası (İES) inşa olunmuşdur. 2400 MVt gücündə olan bu elektrik stansiyası hazırda milli energetika sisteminin ümumi generasiya gücünün 40 faizindən çoxunu təşkil edir. Eyni zamanda, istehsal edilən elektrik enerjisinin 50 faizdən çoxu da məhz bu stansiyanın payına düşür. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistemli şəkildə inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır.

Məlumat üçün bildirək ki, Heydər Əliyevin bu sahədə müstəsna xidmətləri olub. 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində gücü 22 MVt olan "Araz" SES-i işə salındı. Bundan bir il sonra 2 saylı Sumqayıt İstilik Enerji Mərkəzinin gücü 220 MVt-a çatdırıldı. 1976-1977-ci illərdə isə Sərsəng Su Anbarı və gücü 50 MVt olan eyniadlı su elektrik stansiyası istifadəyə verildi. O illər bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial-iqtisadi inkişafın, xüsusilə sənayenin dinamik inkişafı energetika sisteminin gücünün sürətlə artırılması ilə birbaşa bağlı idi. Gücü 380 MVt olan Şəmkir Su Elektrik, gücü 2400 MVt olan "Azərbaycan" İstilik Elektrik stansiyalarının işə salınması da məhz həmin vaxt qarşıya qoyulan vəzifələrin reallaşdırılması istiqamətində atılan mühüm addımlar idi.

1950-ci illərdə iki mərhələdə istifadəyə verilən "Şimal" Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq "Şimal-1" Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya yatırılmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq "Şimal-1" Stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq "Şimal-2" Elektrik Stansiyasının təməli qoyulub. Stansiyanın tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.

 Bu il fevralın 13-də Bakıda "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyevin çıxışı öz qətiyyəti və səmimiyyəti ilə yadda qalıb. Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır.

 Respublikamızda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, çoxsaylı sənaye və aqrar-sənaye obyektlərinin yaradılması elektrik enerjisinə və ehtiyat generasiya güclərinə tələbatı daha da artırdığından "Şimal-2" Elektrik Stansiyasının istismara verilməsi çox əhəmiyyətlidir.

Ümumi qoyuluş gücü 800 MVt olan "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə binası inşa edilib.

 Hazırda ən yüksək faydalı iş əmsalına malik olan "Şimal-1" və "Şimal-2" elektrik stansiyaları respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edir. "Şimal" Elektrik Stansiyası enerji sisteminin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradır. Bu gün Azərbaycanın istehsal etdiyi elektrik enerjisi ölkə üzrə təminatı həyata keçirməklə yanaşı, eyni zamanda qonşu ölkələrə də istehsal etdiyi enerjini satmaqla respublikamıza milyonlarla dollar vəsait qazandırmaqdadır. Bu da Azərbaycanın enerji təhlükəsizliyi sahəsində ciddi uğurlara imza atdığını göstərir.

Mustafa KAMAL,

"Respublika".