Elimizə bahar gəlir
Sosial həyat

Elimizə bahar gəlir

Novruz Şimal yarımkürəsinə,  Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan bir ənənəyə çevrilən xalq bayramıdır. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar, həmçinin Azərbaycan xalqı da yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd edərək şənliklər keçiriblər. Bu bayram təkcə Azərbaycanda deyil, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir sıra Şərq ölkələrində qeyd olunur. Hətta Tehran və Kabildə həmin gün təqvimin ilk günü hesab edilir və yeni il 21 mart tarixindən başlayır. Milli bayramımız 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi  Beynəlxalq Novruz Günü elan edilib.

Novruz bayramı xalqımız tərəfindən hər il xüsusi qeyd olunur. Digər bayramlardan fərqli olaraq Novruz şənlikləri bir neçə gün davam etmir. Ondan düz 4 həftə əvvəl artıq bayrama, baharın gəlişinə hazırlıqlar başlayır. Su, od, yel və torpaq çərşənbələri isə Novruzun müjdəçiləridir. Hər birinin  xüsusi mənası var. İlk çərşənbə Su çərşənbəsidir. Su ən önəmli ünsürlərdən biridir. Əslində ilk çərşənbənin belə adlanması da təsadüfi deyil. Adətən çaylardakı buzların əriməsi, havaların yavaş-yavaş isinməyə başladığı vaxtla üst-üstə düşür. Bu bayramda insanlar öz arzularını, həmçinin problemlərini suya söyləyirlər. Qədim inanclara görə, suyun olduqca qüvvətli yaddaşı var. Pisi alıb özündə yox edir, yaxşını isə daha da gücləndirərək reallaşdırır. Digər inanca görə isə gecə yatmazdan öncə bir stəkan suyu niyyət tutub içsəniz diləyiniz tez bir zamanda həyata keçər.

İkinci isə Od çərşənbəsidir. Bu çərşənbədən etibarən günəş torpağı qızdırmağa başlayır və insanlar evlərində hər ailə üzvünə görə bir  şam yandırırlar. Küçələrdə, məhəllələrdə tonqallar qalanır və insanlar  “ağırlığım, uğurluğum bu odda yansın” deyərək odun üstündən tullanırlar. Gənclər odun başına toplaşıb yumurta döyüşdürür, şeirlər, mahnılar oxuyurlar. Bu çərşənbənin unudulmuş adətləri arasında “Dəvəoynu”, “Qodu-qodu” oyunları, açar falı, alma falı kimi rituallar var. “Qodu-qodu” oyununda kənd cavanları əllərində çömçə ev-ev gəzib mahnı oxuyar, bayram payı toplayarlar. “Dəvəoyunu” tamaşasında bir nəfər özünü dəvə görkəminə salır, boynuna zınqırov bağlayır, üz-gözünə his sürtür, camaatı güldürür. Açar falında isə fala çıxan şəxs özü ilə açar götürüb yol kənarında dayanır. Açarı sağ ayaq altına qoyub, niyyət tutur, yoldan keçənlərin dedikləri əsasında niyyətlərinin çin olub-olmayacağını öyrənir. Alma falında almanın birini nişanlayıb niyyət tutur, kiməsə həmin almaları təqdim edirlər. Həmin adam nişanlanmış almanı götürərsə, bu, niyyətin yerinə yetəcəyinə işarə olur.

Üçüncü isə Yel çərşənbəsi adlanır. Çox vaxt Yel çərşənbəsində sanki təbiət onun gəlişini bizə xəbərdar etmək üçün küləklər əsdirir. Bu çərşənbəyədək mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Bu çərşənbəyə el arasında “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir. Həmin gün əsasən oğlanların icra etdiyi cıdır falı da mövcuddur. Kəndin cavanları cıdıra gedir, hansısa atı ürəyində nişanlayıb niyyət tuturlar. Kimin işarələdiyi at birinci olarsa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşir. Həm də yel kimi sürətli olan atın sahibini il ərzində bolluq, ruzi gözləyir. Bu gündə qızlar isə evin qapısından arxası həyətə doğru durub sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə, daban tərəfi yola sarı düşərsə deməli, qarşıdakı il həmin qız yenə də bu evdə qalacaq. Yaxud əksinə olarsa, o zaman çox yaxında xeyir xəbər eşidəcəklərinə inanırlar.

Dördüncü və son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsidir. Yazda torpağın oyanmasının mifik kökləri dirilmə, canlanma ilə əlaqədardır. Dörd həftə ərzində su təbiəti, torpağı sulayır, od torpağı qızdırır, yel təbiəti oyadır, indi isə sıra torpaqdadır, əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır. İlaxır çərşənbənin ən qədim və maraqlı adətlərindən biri, oğlanların sevdiyi qızlara eşqlərini etiraf etmək üçün bacadan şal sallamasıdır. Ucuna balaca dəsmal bağlanmış şal bacadan sallanır, evin böyükləri yaylığı açıb şalı qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti deməkdir. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub onu geri qaytarırlar. Digər adətlərdə isə subay qızlar fala baxır, qismətlərinin necə, həyat yoldaşlarının kim olacağını, neçə yaşında ailə quracaqlarını öyrənirlər. Bu fallar su, şam, üzük, iynə və başqa əşyalarla icra olunur. Məsələn, gənc qızlar yanan şamı suya tərəf əyir və neçə yaşı varsa, o qədər damcıladır. Alınacaq hərf gələcək həyat yoldaşının adının baş hərfi ilə eyniləşdirilir. Gənclərin daha çox marağında olduğu isə üzük falıdır. Bu zaman nişanlı biri öz üzüyünü sapa və ya nişanlı şəxsin saçından qoparılmış bir telə bağlayır. Hər hansı stəkana isə su doldurulur və üzük stəkanın içinə salınır. Üzük neçə dəfə stəkanın divarlarına dəysə bu, o deməkdir ki, fal kimin üçün baxılırsa, həmin şəxs o yaşda ailə quracaq. İnanca görə, gənc qızlar duzlu kökə yeyib və ya on alma toxumunu başının altına qoyub yatır, qismətlərindəki gələcək həyat yoldaşını yuxuda görürlər.

Novruz bayramı qədim tarixə malik olduğu üçün nəsildən-nəslə ötürülüb. Bunlar arasında ən birincisi məhz papaqatdıdır. El adətinə görə, qapıya papaq qoyulur, sonra da gizlənirlər. Ev sahibi papağı doldurub, götürdükləri yerə qoyur. Bu adətdə bir qanun var: “atılan papağı heç vaxt boş qaytarmazlar”. Növbəti məşhur adət isə qulaq falıdır. Bu zaman gənclər yenə özlərinə bir ev seçir və ürəklərində niyyət tuturlar. Gizlincə qulaq asdıqda ilk eşitdiyiniz söz əgər müsbətdirsə, bu zaman diləyiniz həyata keçəcək. Yumurta döyüşü isə balacadan-böyüyə hər kəsin sevdiyi bir el adətdir. Kimin yumurtası qırılsa, ya öz yumurtalarını verməli, ya da qarşıdakının hər dediyini etməlidir. Novruz bayramı səhəri hər kəs bir-birinə ziyarətə gedər, küsülülər barışar. Novruzu xüsusi və əvəzolunmaz edən də elə budur.

Milli bayramımızda keçirilən maraqlı yarışlardan biri də səməni və xonça yarışıdır. Kimin səmənisi yaxşı cücərib, xonçası daha maraqlı olarsa,  qalib də odur.  Xonça hazırlamağın da özünəməxsus qaydası var. Xonçada “s” hərfi ilə başlayan 7 nemətin olması mütləqdir. Təpsinin ortasına səməni qoyulur, ətrafına rəngli yumurtalar düzülür. Yumurta ya boya, ya da soğan qabığı ilə rənglənir. Bundan sonra xonçaya bişirilən şirniyyatlardan, fındıq, qoz, püstə kimi nemətlər qoyulur. Ən sonda təpsinin kənarlarında evdəki ailə üzvlərinin sayı qədər şam yandırılır. Xonça həmçinin bolluq-bərəkət, şirin və günəşli ömrü təmsil edir.

Bu bayramın möhtəşəmliyini, gözəlliyini və əvəzedilməzliyini ulu öndər Heydər Əliyev də hər zaman vurğulayıb: “Novruz bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır. Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır”. Novruzu istər ölkə daxilində, istərsə də xaricdə yaşayan həmvətənlərimiz təmtəraqla qeyd edir. Builki bayramın ən gözəl tərəfi isə işğaldan azad edilən bütün torpaqlarımızda tonqalın qalanmasıdır. İllər əvvəl işıqsız qalan yurd yerlərimizdə çıraq yanacaq.

Hazırladı:

Töhfə SƏMƏDOVA,

“Respublika”.