Ekosid, urbisid və kultursid cinayətləri - Ermənistanın sülhlə antaqonizmi
Digər xəbərlər

Ekosid, urbisid və kultursid cinayətləri - Ermənistanın sülhlə antaqonizmi

Azərbaycan 44 günlük müharibədə qarşı tərəfi ağır məğlubiyyətə uğratdı. Müharibə dövründə və müharibədən sonra işğaldan azad olunan ərazilərimizdə Ermənistanın bir çox ekoloji cinayət faktının üstü açıldı. Mədəniyyət abidələrimizi vandallıqla dağıdan, məcburi köçkünə çevrilən azərbaycanlıların evlərinə qeyri-qanuni məskunlaşma aparan Ermənistan 30 il boyunca ölkəmizin ərazisində narkotik ticarəti ilə məşğul olmuş, flora və faunanı məhv etmişdir.

Təcavüzkar Ermənistan tərəfindən törədilən bu terror aktları nəticəsində bölgədə ciddi və uzunmüddətli ekoloji fəsadlar yaranıb. Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Qırmızı Siyahıya daxil olmuş nadir, sayı kritik həddə azalan bitki və heyvan növləri məhv olub, heyvanların yaşayış arealları dağıdılıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan dəyib. Ermənistan tərəfindən təbiətə qarşı törədilən bu ağır cinayətlər "Bioloji müxtəliflik", "Ramsar" və "Bern" beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır.

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş Davamlı İnkişaf üzrə Ümumdünya Sammitinin yekun sənədlərində təhlükəli tullantıların dövriyyəsi ilə əlaqədar ölkələr üçün müəyyən öhdəliklər irəli sürülmüş, Ermənistan da bu sammitdə iştirak edərək həmin öhdəlikləri üzərində götürmüşdür. Buna baxmayaraq, Ermənistan beynəlxalq sənədlərdə irəli sürülən tələblərə məhəl qoymur və Azərbaycana qarşı ekoloji cinayətkarlığını davam etdirir. "Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında" BMT-nin Orxus Konvensiyası da bu qəbildəndir. Azərbaycanın da qoşulduğu Orxus Konvensiyasının tələblərinə görə, ekoloji vəziyyət haqqında məlumatlar dünya ictimaiyyətindən gizlədilməməlidir. Qeyd edək ki, beynəlxalq təşkilatlar başqa sahələrdə olduğu kimi, ekoloji məsələlərdə də Azərbaycana ikili standartlarla yanaşır. Azərbaycanda bir sıra QHT-lər Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozması ilə mübarizə məqsədilə koalisiya yaradıblar. Koalisiya tərəfindən verilən bəyanatlarda göstərilən statistikalar Ermənistanın ekoloji terrorunu bir daha təsdiqləyir.

Azərbaycan Respublikasının həm elm adamları, həm də dövlət nümayəndələri işğal olunmuş ərazilərin ekoloji vəziyyəti haqqında bir çox beynəlxalq konfranslarda məlumat vermişlər. Lakin müvafiq təşkilatlar indiyə qədər bu çağırışlara reaksiya verməmişlər. Məsələn, 2003-cü ilin noyabr ayında ATƏT-in xətti ilə Qafqaz Regional Ekoloji Mərkəzinin Tbilisi şəhərində "Qafqazda ekoloji təhlükə mənbələri" mövzusunda keçirilən elmi konfransda Azərbaycan tərəfi Ermənistanın günahı ucbatından yaranmış ekoloji təhlükə mənbələrini xəritə üzrə göstərib. Lakin bu faktlar qarşısında hələ də tutarlı addımlar atılmayıb. Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində təbiətə qarşı təcavüzkar davranışları bu gün də özünü açıq büruzə verir. İşğalçı ölkənin həmin ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə vurduğu ziyanlar əhalinin sağlamlığına da mənfi təsir edir. Transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib, Araz çayının 43 kilometr hissəsindəki mikroflora və mikrofaunanı tamamilə məhv edən ermənilər öz qəsbkar əməllərindən bir gün belə yayınmayıblar.

Qarabağın və ətraf ərazilərin Ermənistan tərəfindən işğalı bölgənin işğal altında olmayan ərazilərində yaşayan Azərbaycan vətəndaşları üçün də humanitar və ekoloji problemlər yaradıb. Belə ki, Sərsəng Su Anbarında 20 ildən artıq texniki qulluq işlərinin aparılmaması səbəbindən bütün bölgə üçün ciddi təhlükə yaradır. Sərsəng Su Anbarının bərbad vəziyyətdə olması böyük insan tələfatı və bəlkə də yeni bir humanitar böhran ilə nəticələnə bilər. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədib - meşə sahələrinin böyük bir hissəsi məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib.

Ermənistan tərəfi ekoloji terroruna bu gün də davam edir. Azərbaycan ilə həmsərhəd bölgədə - Arazdəyəndə tikintisi aparılacaq metallurgiya zavodu ermənilərin daha bir mənfur niyyətinin əyani göstəricisidir. Bu layihə yeni ekoloji fəlakət yaradacaq. Bu, həm Azərbaycan, həm də bütövlükdə region üçün ciddi fəlakətlər törədə bilər. "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya"nın 1-ci əlavəsinə əsasən, metallurgiya zavodları açıq şəkildə əhəmiyyətli mənfi transsərhəd təsirə səbəb ola biləcək fəaliyyət kimi tanınır.

Espo Konvensiyasının 3.1-ci maddəsinə uyğun olaraq, Ermənistan qeyd olunan fəaliyyətin ətraf mühitə təsiri ilə bağlı Azərbaycanı xəbərdar etməyə borcludur. Lakin Azərbaycan Ermənistandan bu layihə ilə bağlı heç bir bildiriş almayıb.

Bu kimi addımlar bir daha Ermənistanın çirkin oyunlarından xəbər verir. Bəzi qüvvələrin isə ikili standartları, islamofobiya meyilləri bu kimi ekoloji cinayətlərin qarşısının alınmasına ən böyük maneədir.

Tacir SADIQOV,

"Respublika".