EGE UNİVERSİTETİNDƏ TƏHSİL ALAN TƏLƏBƏLƏRİN BURAXILIŞ MƏRASİMİ OLUB
Elm və təhsil

EGE UNİVERSİTETİNDƏ TƏHSİL ALAN TƏLƏBƏLƏRİN BURAXILIŞ MƏRASİMİ OLUB

Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində Ege Universitetində təhsil alan tələbələrin buraxılış mərasimi olub.

Əvvəlcə Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib. Mərasimdə hər iki universitetin rəhbərliyi, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, ikili diplom proqramının rəhbər komitəsinin üzvləri, dövlət rəsmiləri, akademik heyət və tələbələr iştirak ediblər.

Tədbirdə Ege Universitetinin tələbələri tərəfindən hazırlanan musiqili rəqs nömrələri nümayiş olunub. Ege Universitetin rektoru Necdet Budak ADAU-Ege ikili diplom proqramının ilk məzunlarını uğurlamaqdan qürur və sevinc duyduğunu diqqətə çatdırıb. ADAU-nun rektoru Zəfər Qurbanov həyata keçirilən beynəlxalq ikili diplom proqramının təhsil sahəsində Azərbaycan – Türkiyə qardaşlığının simvolu olduğunu qeyd edib. Rektor bildirib ki, bu il məzun olan 40 tələbə gələcəkdə ölkəmizin kənd təsərrüfatının inkişafında müstəsna rol oynayacaqlar.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri Nəcibə Nəsibova proqramın fəaliyyətini yüksək qiymətləndirib, məzunlara uğurlar arzu ediblər.

Sonra Necdet Budak tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovun Ege Universitetinin “Fəxri doktoru” adına layiq görülməsi elan edlib, ona fəxri diplom və mantiya təqdim edilib. Sonda Ege Universitetinin Kənd təsərrüfatı fakültəsini I, II, III yerlərdə bitirən tələbələrə “Təşəkkürnamə”lər təqdim edilib, adları fəxri kötüyə həkk olunub.

Zabit XƏLİLOV,

“Respublika”.