Fərman

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1147-VIQD nömrəli Qanununun tətbiqi və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1147-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.4-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 23.4-1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.4-1-ci maddəsinə uyğun olaraq, ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi qaydasını və məbləğini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1147-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 594 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə "26.1-ci" sözlərindən əvvəl "23.4-1-ci maddəsində," sözləri əlavə edilsin;

3.2. 2.3-cü bənddən ", 37.7-ci maddəsinin ikinci cümləsində" sözləri çıxarılsın;

3.3. 2.3-1-ci bəndə "Qanunun" sözündən sonra "23.4-1-ci maddəsində və" sözləri əlavə edilsin;

3.4. 2.10-cu bənddə "maddəsinin birinci cümləsində" sözləri "maddəsində" sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 25 may 2024-cü il.