Dərələyəz...
Mədəniyyət

Dərələyəz...

XX əsrin bəlası - Deportasiya

SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qararına uyğun olaraq 1948-1953-cü illərdə qədim İrəvan torpaqlarından azərbaycanlı əhalinin kütləvi şəkildə köçürülməsinə başlanılmışdı. 100 min soydaşımızın "könüllü" olaraq köçürülməsi nəzərdə tutulmuş, 1954-cü ilə qədər davam edən məcburi köçürülmə zamanı isə qərarda göstərildiyindən daha çox soydaşımız yurd-yuvasından perik salınmışdır. Köçürülən yerli əhalinin evlərində xarici ölkələrdən gətirilən ermənilər məskunlaşdırılmışdı.

Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra isə indiki Ermənistan ərazisindən qovulmuş soydaşlarımızda doğma yurd yerlərinə qayıtmaq ümidi artdı. Dövlət başçısının müvafiq qərarı ilə yaradılan Qərbi Azərbaycan İcması da məhz bu istiqamətdə fəaliyyət göstərir. İcmanın hazırladığı Qayıdış Konsepsiyasında soydaşlarımızın könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıdışının təmin olunması nəzərdə tutulur.

Əslən Qərbi Azərbaycanın qədim yaşayış məskəni Dərələyəz mahalından olan Xalq şairi Vahid Əziz də əzəli yurd yerlərindən didərgin salınmış və o yerlərə qayıtmaq ümidi ilə yaşayan Qərbi azərbaycanlılardan biridir. Şair "Dərələyəz" poemasında o yerlərin başı dumanlı dağlarını, güllü-çiçəkli dərələrini, qaynar bulaqlarını, Herher kəndindəki düşmənin viran qoyduğu ata ocağını, orada yaşadığı qayğısız illərini, bəxtəvər günlərini ürək yanğısı ilə qələmə almışdır. Mövzunun aktuallığını nəzərə alaraq şairin bu əsərini oxucularımıza təqdim edirik.

Proloq

Hələ də dünyanın açılmır rəngi,

kimimiz didərgin, kimimiz qaçaq,

tarixin elə sərt qatları var ki,

hələ də gücümüz çatmır ki, açaq...

Nisgil

…Gah qurşuna tutulardıq, gah topa,

aman Allah, dağılaydı o yollar!

Bilirdik ki, yoxa çıxdı bir oba -

dolu gedib, boş gələndə vaqonlar.

Biz əriyir, qarı düşmən şişirdi,

Vətən oldu canlar satan bir bazar,

hər "dığaya" beş həmyerlim düşürdü,

hər bir "xaçın" kölgəsində beş məzar.

O illərin girovuyuq hələ də,

içimizdə qorxu məskən salırdı,

Dərələyəz boşalırdı get-gedə,

Yurdlarımız yaman günə qalırdı!

"Xalq düşməni" damğasıyla gedənin

qorxa-qorxa dalınca su atmışıq,

can şirindi, satqın olan neynəsin?

Neçəsini biz özümüz satmışıq.

Neçə

-neçə ağlar gözlər kor oldu,

"37" evimizi yıxırdı,

"37" bir əzazil tor oldu,

düşmən məkri bizdən hayıf çıxırdı...

Kənd adamları

Bu, bir gerçək idi, bu, bir həqiqət;

"birevli" kimiydi kənd adamları,

əzab, iztirablar, aclıq, səfalət

etmiş bir-birinə bənd adamları.

Çəmən, örüşümüz, naxırımız bir,

hamı bir-birinə gözətçi idi,

"əyri işlərimiz","paxırımız" bir,

hər kəs doğru yola bələdçi idi.

Əsgərdən gələndə igid oğlanlar,

sevinc yaşlarıyla gözlər dolurdu,

kökdən bir-birinə qohum olanlar

qayıdıb təzədən qohum olurdu.

Hər kəs əl tutardı kasıba, aca,

qapılar açardı un dolu kisə,

tüstüsüz qalanda bir evdə baca -

mütləq baş çəkməyə gələrdi kimsə!

İlin hər fəslində - payızda, yazda

cana yığılardıq yağmur selindən,

yarlı-yaraşıqlı toylarımızda

tərpənmək olmurdu aşıq əlindən.

Yolları qoşaydı dərdlə-gülüşün,

qəmi üstələyib sevinc gələrdi,

hər kimin ölüsü düşürsə-düşsün,

hamı doğmasını ölmüş bilərdi…

***

...Eh, harda qeyb oldu o gözəl illər?

dövran insanları dağıdır-bölür,

get-gedə yadlaşır yeni nəsillər,

analar övladdan xəbərsiz ölür.

Sevənlər, qəlbində sevər, gizlicə

atəşdə yanantək sayaqlayardı,

varlı düyünləri "yeddi gün-gecə",

kasıblar ilboyu yas saxlayardı.

Çox dəcəl olmuşam uşaqlığımda;

dik divara çıxır, oddan keçirdim,

"Bənəviş" inəyi anam sağanda,

buğlanan südünü çiy-çiy içirdim…

Atam

Yenicə bitmişdi dünya savaşı,

dərin yaralarda qaysaq solurdu,

amma ki, qurumur gözlərin yaşı,

adamlar ömürlük bədbəxt olurdu.

Atam o zamanlar cavan bir oğlan

vəzifə tutmuşdu uca, zəhmli,

kübar bir kişiydi ata-anadan,

həm "tərs damarlıydı", həm də rəhmli.

Çoxdur o vaxtlardan xatirələrim -

Hürü nənəmiz də qalır yadımda,

tez-tez pıçıltıynan qürrələnərdi:

"Qardaşım Kərim - Qlavaydı

Niqalay zamanlarında!…"

Dərdlər can yeyirdi Hürü nənəm də,

o vaxtdan etməkdə düşmən məkrini

yerliyə -"qaç!" - deyən köçmə erməni

torpaq bölgüsündə "Dərəçiçəkdə" -

"Aynalı" tüfənglə vurdu Kərimi…

Vahid ƏZİZ,

Xalq şairi.